Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı–Bordo qardaşlığının 40 ili

Bakı–Bordo qardaşlığının 40 ili

Azərbaycanın paytaxtı Bakı və Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 illiyi tamam olur. Bakı Şəhər İcra Hakimiyyətinin və Fransa Respublikasının Azərbaycandakı səfirliyinin dünyaca məşhur Nobel qardaşlarının Ağşəhərdə yerləşən ev muzeyində təşkil etdiyi mərasimdə bu əlamətdar hadisə iki ölkənin rəsmi şəxslərinin, elm, ədəbiyyat, mədəniyyət xadımlərinin, tanınmış idmançıların və əməkdaşlıq qurmuş iş adamlarının iştirakı ilə sayğı və məmnunluqla qeyd edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, qonaqları salamlayan Fransanın Azərbaycandakı səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələrinin və iki şəhər arasında qardaşlaşma yaradılmasının tarixi barədə məlumat vermişdir. O, Bakı ilə Bordonun sıx əməkdaşlığının ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, Fransa və Azərbaycanı bağlayan tellərin tarixi daha qədim və əhatəlidir. Hələ 1708-ci ildə Səfəvilər imperiyası ilə Fransa Krallığı arasında diplomatik əlaqə yaradılmış və müqavilələr bağlanmışdır. Qacarlar dövləti də bu Avropa ölkəsi ilə əməkdaşlığı davam etdirmişdir. Azərbaycan dövlətçiliyinin bərpa edilməsində önəmli xidmətləri olmuş bir sıra simalar Fransada təhsil almış, bu ölkənin qabaqçıl maarifçilik və demokratiya ideyalarından dərs almışlar. Tarixi Paris sülh konfransı zamanı Fransa paytaxtı Azərbaycan Xalq Cünhuriyyətinin nümayəndə heyətinə də isti qucaq açmış, AXC-nin süqutundan sonra bu şəhər siyasi mühacirətimizin mərkəzi olmuşdur.
Qeyd edilmişdir ki, Fransa--Azərbaycan əlaqələri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hərtərəfli inkişaf yoluna çıxmışdır. 1993-cü ildə ümuimmilli lider Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmış, onun hüdüdlarını genişləndirmişdir. Prezident İlham Əliyev dəfələrlə Fransaya, bu ölkənin dövlət və hökumət başçıları isə Azərbaycana səfərlər etmişlər. Heydər Əliyev Fondu Fransa-Azərbaycan humanitar əlaqələrinin inkişafında önəmli işlər görmüşdür. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmış, iki ölkə prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılmışdır. Heydər Əliyev Fondu 2007-ci ildə Parisdə Versal Sarayı parkındakı abidələrin, 2008-ci ildə isə Luvr muzeyinin bərpasında fəal iştirak etmişdir. Xalq diplomatiyası, turizm səviyyəsində əlaqələr də sürətlə inkişaf edir. 
Ötən 40 ildə Bakı və Bordo şəhərləri arasında yaranmış əməkdaşlıq da bu gün uğurla davam edir, yeni forma və məzmun kəsb edir. Qədimliyi və orijinal gözəlliyi, dünyaya çıxışı olan limanı, iqtisadi və sənaye potensialı ilə seçilən hər iki şəhərin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hüdudlar geniş, maraqlar böyükdür. 
Bordo şəhərinin meri Nikolas Florenin mərasim iştirakçılarının diqqətinə çatdırılan təbrik məktubunda da qardaşlaşmanın əlamətdar tarixi ilə bağlı məmnunluq və əlaqələrin sabahına bəslənən ümidlər ifadə olunmuşdur.
Sonda məşhur Bordo şərablarının təqdimatı keçirilmişdir. 

 

R.TAHİR, 
“Xalq qəzeti”

2 Dekabr 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə