Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Şimali Makedoniya Respublikasının NATO-ya üzvlüyü haqqında protokolu ratifikasiya edib

ABŞ Şimali Makedoniya Respublikasının NATO-ya üzvlüyü haqqında protokolu ratifikasiya edib

Amerika Birləşmiş Ştatları Şimali Makedoniya Respublikasının NATO-ya qəbulu ilə bağlı müqavilənin ratifikasiya prosesini başa çatdırıb. Bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo özünün Twitter səhifəsində yazıb. Məlumatı TASS verib. 

Pompeo bildirib: “Şimali Makedoniyanın NATO-ya qəbulu haqqında protokolun Birləşmiş Ştatlar tərəfindən ratifikasiya olunduğunu elan etməkdən məmnunam. Şadam ki, NATO-nun 30-cu üzvü kimi, Şimali Makedoniyanı alqışlamağa daha bir addım yaxınlaşmışıq”. 
Xatırladaq ki, 2018-ci ilin iyununda Makedoniya və Yunanıstanın Xarici İşlər nazirlikləri iki ölkənin sərhədində yerləşən Prespa gölünün sahilində  bu sabiq Yuqoslaviya respublikasının yeni rəsmi adı ilə bağlı müqaviləni imzalayıblar. Prespa müqaviləsində ölkənin adının “Şimali Makedoniya Respublikası” olduğu bəyan edilir. 
Müqavilə təkcə Balkan respublikası ilə Yunanıstan arasında bu ölkənin eyniadlı vilayəti üzündən uzun illərdən bəri davam edən mübahisəyə son qoymayıb, həm də Şimali Makedoniya Respublikasının NATO və Avropa İttifaqı kimi təşkilatlara yolunu açıb. 
Onu da qeyd edək ki, Prespa müqaviləsi bu ilin yayında qüvvəyə minib. 
Şimali Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı protokol artıq alyansın əksər üzvləri tərəfindən ratifikasiya olunub. Dekabrın 3–4-də NATO ölkələrinin növbəti sammiti keçiriləcək. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

 

2 Dekabr 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə