Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tu-160” qırıcıları modernləşdirilir

Rusiyalı mühəndislər yeni variantlar üzərində çalışırlar

“Tu-160” qırıcıları modernləşdirilir

Rusiya KİV-nin yaydığı məlumata görə, son zamanlar dünyada baş verən siyasi gərginlik Prezident Donald Trampın ABŞ-ın “Orta və kiçik mənzilli raketlərin ləğvinə dair müqavilədən” (OKRL) çıxmasını elan etməsi rəsmi Moskvanı strateji cəhətdən mökəmlənməyə vadar edib. 
Bildirilir ki, Birləşmiş Ştatların bu addımından sonra rəsmi Moskva Rusiya sərhədləri boyunca yaranan bütün hərbi təhlükələrə adekvat və effektiv cavab verə bilən və ölkənin uzaq mənzilli aviasiyası “Tu-160M” strateji raketdaşıyıcı bombardmançı təyyarələrinin modernləşdirilməsinə, eyni zamanda, onların kütləvi istehsalının bərpasına dair qərar qəbul edib. Bundan başqa, hazırda strateji nüvə qüvvələrinin heyətində döyüş mövqeyində olan 16 ədəd “Tu-160” təyyarəsinin dərindən modernləşdirilməsi həyata keçirilir. 
Qeyd edilir ki, modernləşdirilmiş on ədəd “Tu-160M” təyyarəsinin tikintisi tam sürətlə həyata keçirilir. Həmin bombardmançı təyyarələrin sınaq uçuşları 2020-ci ilin sonunda başlayacaq. “İnterfaks” agentliyinin yaydığı məlumata görə, yenidən hazırlanan ilk “Tu-160M” strateji raketdaşıyıcı-bombardmançı təyyarə Rusiya Müdafiə Nazirliyinə 2021-ci ildə təhvil veriləcək. RF Müdafiə Nazirliyi ümumilikdə, 50 belə təyyarənin ordunun istifadəsinə verilməsini planlaşdırır. 
Məlumata görə, “Tu-160M” təyyarələrinin istehsalı Kazan aviazavodunda həyata keçirilir. Modernləşdirilən bombardmançı təyyarələrin bortunda gələcəkdə ediləcək birləşmiş modul aviasiyasının elementləri, radioelektron avadanlıq, silahların kompleks idarəsi üçün müasir mexanizmlər, ekipajın həyat təminatı sistemi kimi digər texniki elementlər quraşdırılıb. Bundan başqa, “Tu-160M” bombardmançıları ən müasir hava hücumundan müdafiə sistemi və  maneələrdən etibarlı müdafiə sistemi ilə təchiz edilib.
Bildirilir ki, modernləşmədən sonra 02 seriyasından olan “HK-32” aviamühərrikləri quraşdırılan “Tu-160M” bombardmançıları 15 min kilometrədək məsafə qət edə bilir. Yeri gəlmişkən, bu işlə ardıcıl iki ildir “Rostex”in tərkibinə daxil olan Birləşmiş Mühərrikqayırma Korporasiyasının məşğul olduğu açıqlanıb. Qeyd edilir ki, Samaradakı “Kuznetsov” müəssisəsində mühərrikin stend sınaqları keçirilir. 2030-cu ilə qədər bütün “Tu-160” təyyarələrinin 02 seriyasından olan “HK-32” mühərrikləri ilə təchiz ediləcəyi açıqlanıb. 
Bu təyyarələr düşmənin uzaq rayonlardakı hərbi mövqelərinə asanlıqla zərbələr endirməyə imkan verəcək. Düşmənin istər quruda, istərsə də dənizdəki obyektlərini məhv etmək üçün nəzərdə tutulan adi və ya nüvə başlıqlı qanadlı raketlər daşıyacaq. “Tu-160M” strateji bombardmançı təyyarələrinin digər üstünlüyü saatda 2200 kilometr sürət yığa bilməsidir. Təyyarə digər xarakteristikalarına görə də Qərb analoqlarını xeyli üstələyir. 
Xatırladaq ki, “Tu-160” raketdaşıyıcı-bombardmançısından 2000-ci ilə qədər 36 ədəd buraxılıb. Strateji bombardmançının Kazan aviazavodunda “Tu-160M” kimi yenidən buraxılması barədə qərar 2015-ci ildə qəbul edilib. Artıq 2 ildən sonra yeni raketdaşıyıcı hazırlanıb və o, 2018-ci il yanvarın 25-də ilk uçuşunu həyata keçirib.
Qeyd edək ki, “Tu-160” raketdaşıyıcı təyyarəsi ABŞ-da “B-1” qitələrarası bombardmançısının peyda olmasına (amerikalılar tərəfindən 21 belə təyyarə istehsal edilib) cavab olaraq hazırlanıb. 

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

2 Dekabr 2019 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə