Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib

Bakı Konqres Mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) növbəti illik VIII Milli Konqresi keçirilib. Konqresdə 800-ə yaxın yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Mərkəzi Asiya, Balkan ölkələrindən 30-a yaxın ekspert, spiker və qonaq iştirak edib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov bildirib ki, AKC 2009-cu il martın 19-da yaranıb.  2 il sonra, 2011-ci il avqustun 30-da sayca 54-cü həqiqi üzvü seçilib. Diqqətə çatdırılıb ki, birliyin əsas məqsədi ölkədə ürək-damar xəstəliklərinin (ÜDX) profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək, kardioloqların bu sahədə biliklərini artırmaq və dünya kardiologiya elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək, respublikada ürək-damar xəstəliklərinin yayılması səbəbini öyrənmək, kardioloqların peşəkarlıq səviyyəsini artırmaq, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etməkdir.

T.Cahangirov deyib: “Hamımıza yaxşı məlumdur ki, qarşıya qoyulmuş mühüm vəzifələrin bir tərəfdən yüksək effektivliklə həyata keçirilməsi, digər tərəfdən isə tibb elminin son inkişaf nailiyyətlərinin təhlilinə və aparılan müzakirələrin geniş auditoriyaya çatdırılmasına daim böyük ehtiyac duyulur.    Hazırda yaşadığımız XXI əsrdə bütün dünyada böyük problemə çevrilən ÜDX-dən milyonlarla insan əziyyət çəkir. VIII Milli Konqresin elmi proqramı aktual mövzuları, o cümlədən ÜDX-nin epidemiologiyası, proqnozu, kəskinləşmələri, ürək çatışmazlığı, ritm və keçiricilik pozulmaları, hipertenziya, komorbid hallar və sair problemlərin həllinə dair yenilikləri, eləcə də invaziv kardiologiyanın nailiyyətlərini özündə cəmləşdirir. Keçən illərdən fərqli olaraq bu il Azərbaycan Kardiologiya Cəmiyyəti Avropa Kardiologiya Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyası (ESC/HFA ), Rusiya Kardiologiya Cəmiyyəti, Türkiyə Kardioloji Dərnəyi ilə birlikdə ortaq sessiyalar keçirəcək. Yeniliklərdən biri də orta tibb personalının sessiyasının təşkilidir. Konfrans üçün göndərilən tezislər müvafiq Komitə tərəfindən təsdiqləndikdən sonra tezis materialları kimi dərc olunacaq”.

Qeyd edək ki, konqresdən əvvəl Akad. C Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun konfrans zalında AKC tərəfindən təşkil edilən Təkmilləşmiş Elekrokardioqrafiya (EKQ) kursu keçirilib.  İnstitut tərəfindən kursun keçirilməsi ilə əlaqədar olaraq hər cür şərait yaradılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, konqres öz işini plenar sessiyalarla davam etdirib, Azərbaycan və xarici ölkə mütəxəssislərinin məruzələri dinlənilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Dekabr 2019 16:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə