Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Dünya İrs Komitəsinin sədri qismində UNESCO-da hesabatla çıxış edib

Mədəniyyət naziri Dünya İrs Komitəsinin sədri qismində UNESCO-da hesabatla çıxış edib

Xəbər verdiyimiz kimi, Parisdə UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada iştirak edib.

Nazir Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Komitəsinin sədri kimi 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin Bakıda keçirilmiş (30 iyun – 10 iyul 2019-cu il) 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.

Nazir diqqətə çatdırıb ki, Dünya İrs Komitəsinin Bakı sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak edib, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunub və 29 yeni məkan Dünya İrs Siyahısına daxil edilib. Sessiyadan əvvəl təşkil olunan Dünya irsi üzrə Gənc Peşəkarlar və Abidə Menecerləri forumları barədə də məlumat verən nazir hər iki tədbirin bir sıra mühüm nəticələrini qeyd edib.

Əbülfəs Qarayev Komitənin 30 iyun tarixində keçirilmiş açılış mərasiminə toxunaraq tədbirin UNESCO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını deyib. O, 43-cü sessiyanın yekununda mədəni və təbii irsin qorunmasına dair Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyinə ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirib.

Nazir, həmçinin Dünya İrs Komitəsinə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açıb.İclasda Ermənistan nümayəndə heyəti hər zamankı kimi təxribata əl atıb. Ermənistan nümayəndəsi bildirib ki, guya Ermənistan nümayəndə heyəti üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən Komitənin Bakıda keçirilmiş sessiyasında iştirak mümkün olmayıb.Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESCO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESCO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib. Qeyd olunub ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Dekabr 2019 15:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə