Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat İnstitutunda özbək şairlərlə görüş

Ədəbiyyat İnstitutunda özbək şairlərlə görüş

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbəkistanlı şairlər Öktəmay Xaldarova və Gülçöhrə Şahodinnikova ilə görüş olub. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Özbəkistan ilə Azərbaycan arasındakı münasibətin uğurla inkişaf etdiyini bildirib. Akademik qeyd edib ki, Özbəkistan Azərbaycana qardaş ölkədir. Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin bu sahədə fəaliyyətini xüsusilə vurğulayıb. Həmidulla Baltabayevin iki ölkənin ədəbi prosesində yaxından iştirak etdiyinə görə Ədəbiyyat İnstitutunun “İlin alimi” mükafatına layiq görüldüyünü xatırladıb.

Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova qonaqları təqdim edərək bildirib ki, bu şairlər Özbəkistan Yazıçılar Birliyinin üzvləridir. Onlar öz yubileylərini Azərbaycanda qeyd etmək üçün ölkəmizə gəliblər. Xocalı soyqırımına aid dastan yazdıqlarını diqqətə çatdırıb. Öktəmay Xaldarova və Gülçöhrə Şahodinnikovanın azərbaycanlı yazıçılarından Anar, Nəbi Xəzri və digər yazarlarımızın əsərlərini özbək dilinə tərcümə etdiklərimi diqqətə çatdırıb.

Qonaqlar onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər. Həmçinin əlavə ediblər ki, Nəsiminin 650 illiyi ilə əlaqədar olaraq Özbəkistanda özbək alimlərinin məqalələrindən ibarət kitab nəşr olunub.

Görüşdə Ədəbiyyat İnstitutunun direktor müavinləri Əlizadə Əsgərli, Aygün Bağırlı, elmi katib Mehman Həsənli və şair Rüstəm Behrudi də iştirak ediblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 Dekabr 2019 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə