Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Demokratik inkişaf və yeniləşmə həyatımızın bütün sahələrini əhatə edir

Demokratik inkişaf və yeniləşmə həyatımızın bütün sahələrini əhatə edir

Prezident İlham Əliyev hələ 2018-ci il prezident seçkilərindən sonra ölkəmizin sosial-iqtisadi, siyasi sahələrində yeniləşməyə, müasirləşməyə ehtiyac duyulduğunun, islahatların gerçəkləşdirilməsinin zəruriliyinin anonsunu vermişdi. Bu günə qədər böyük siyasi iradə ilə həyata keçirilən genişmiqyaslı islahatlar məhz bunun bariz ifadəsidir. 

Qeyd edim ki, ötən müddətdə sözügedən sahələrdə aparılan islahatlar dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib. Başqa sözlə, respublikada səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və nəticədə büdcənin güclənməsi sosial islahatların gerçəkləşdirilməsinə əlverişli şərait yaradıb.
Dövlətimizin başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi nitqində də islahatların nəticələrinə toxunub. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələ ilə bağlı danışarkən maraqlı bir məqama toxunub. Bildirib ki, islahatlar bizim şüurlu seçimimizdir: “Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik”.
Yeri gəlmişkən, ötən müddətdə islahatlar təkcə sosial-iqtisadi sahələrdə deyil, həm də icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı və uzlaşdırılmış fәaliyyәtini təmin etmək istiqamətlərində aparılıb. 
Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan Dünya Bankının hazırladığı “Hökumətin effektivliyi” subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyişə nail olan ölkədir. Çünki Azərbaycanda dövlət idarəetmə islahatları BMT-nin davamlı inkişaf məqsədləri, yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur. 
 Fikrimcə, Milli Məclis də heç bir halda belə genişmiqyaslı, taleyüklü yeniləşmədən, müasirləşmədən, bir sözlə, islahatlar konsepsiyasından kənarda qala bilməzdi. Buna görə də Yeni Azərbaycan Partiyası (YAP), eyni zamanda, YAP-ın Siyasi Şurası tərəfindən vətəndaş mövqeyi, milli və dövlət maraqları əsas tutularaq, ­qanunverici orqanda bu ­partiyanı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə çıxış etməsi tövsiyə ­olunub. 
Burada bir məqamı da qeyd etməyi zəruri bilirəm. Milli Məclis cəmiyyətin yeni çağırışlarını hakimiyyətə çatdırmaq üçün uyğun bir platformadır. Bu orqanın yeni tərkibi cəmiyyətin islahata köklənən hazırkı əhval-ruhiyyəsini daha dolğun ifadə edə bilər. Ona görə də, fikrimcə, növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan vətəndaşı məhz hazırkı qayğı və maraqlarını səs verəcəyi namizədlər üzərindən qanunverici hakimiyyətə çatdırsın. 
Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü Azərbaycanda islahatlar konsepsiyasının əhatə dairəsinin genişləndirilməsi zərurətindən irəli gəlir. Söhbət ölkəmizin sürətli inkişafı üçün daha əlverişli, hərtərəfli şərait yaradılmasından, cəmiyyətin isə bu islahatdan faydalanmasından, rifahın daha da yaxşılaşması üçün əlverişli imkanlar əldə olunmasından gedir. 

 

Arzuman MURADLI, 
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

30 Noyabr 2019 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə