Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yeni ombudsman seçildi

Azərbaycanda yeni ombudsman seçildi

Milli Məclisin noyabrın 29-da keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Ombudsmanlığa üç nəfərin - Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra 104 səslə Səbinə Əliyeva yeni ombudsman seçilib.

Bundan əvvəl Milli Məclisin İnsan Hüquqları Komitəsi müvəkkilin seçilməsi üçün namizədlər barədə rəy verib. Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınan, tərcümeyi-halı zəngin olan insanlardır: “Onların hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta bilər. Namizədlər həm qanunda nəzədə tutulan tələbləri yerinə yetirə biləcək, eləcə də ictimai-siyasi həyatda hörmət və nüfuz sahibinə malik insanlardır. Bu təqdimat və onların yaşı, keçdiyi həyat yolu bu gün Azərbaycanda həyata keçirilən siyasətə, yeniləşmə ruhuna tam uyğundur”.

B.Muradova qeyd edib ki, məsələ komitənin iclasında müzakirə edilərkən Ombudsman institutunun keçdiyi, vətəndaşların həyatında oynadığı yol, beynəlxalq aləmdə həyata keçirdiyi fəaliyyət müzakirə olunaraq, institutun etimadı doğrultduğu bildirilib: “Bir sözlə biz bu qənaətə gəldik ki, hər üç namizəd müvəkkil olmağa layiqdirlər. Kimin seçilməsindən asılı olmayaraq Ombudsman institutunun gələcək fəaliyyətində uğurlar arzu edirik”.

 

“Xalq qəzeti”

29 Noyabr 2019 14:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə