Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aydın Quliyev: Radikallara xaricdən yardım ona görə bitib ki, onlar müxalifət deyil, cinayətkar dəstədirlər

Aydın Quliyev: Radikallara xaricdən yardım ona görə bitib ki, onlar müxalifət deyil, cinayətkar dəstədirlər

Siyasi ekspert Aydın Quliyev bildirib ki, Prezident İlham Əliyev BDU-nun 100 illiyik yubiley mərasimində çıxış edərək müstəqillik və ondan əvvəlki dövrün bəzi vacib məsələlərinə yeni elmi və siyasi baxış tezislərini bəyan etdi.

Ekspert qeyd edib ki, dövlət başçısı çıxışında tarixçi alimlər, siyasətçilər, dövlət məmurları və gələcəyin fəal vətəndaşlarına çevrilmək istəyən gənc tələbələrə çox maraqlı düşüncə materialları verdi: "Müstəqillik tariximizin indiyədək yanından ötəri keçilmiş bəzi prinsipial faktları açıq ictimai-siyasi və elmi müzakirəyə təqdim edildi. Müstəqil siyasət kursunun çox çətin, lakin ciddi dövlət quruculuğunun vacib və alternativsiz şərti olduğunu bir daha sübut edən faktların, mülahizələrin söylənilməsi qiymətli mesajlar sayıla bilər. Prezident İlham Əliyevin nitqinin bütünlüklə ən mübahisəsiz mesajı dövlət müstəqilliyi ideologiyası ilə bağlı nə indi, nə də gələcəkdə hər hansı kompromislərə getməyin mümkünsüzlüyüdür.

Xarici səfirlərin AXC-Müsavat iqtidarı dövründə hakimiyyət qapılarını ayaqla açdıqlarına dair fikrin bəzi dairələr tərəfindən emosional təzahür kimi izah edilməsinin özü həqiqətə uyğun deyil. Məsələ burasındadır ki, hər bir iqtidarın siyasi hakimiyyət və dövlətçilik missiyası ilə bərabər bundan daha çox "milli hakimiyyət qüruru və şərəfi" deyilən bir keyfiyyəti də vacibdir. 9 dövlətin rəyi ilə qurulan AXC-Müsavat hakimiyyəti özü belə açıq etirafda bulunursa, təbii ki, belə hakimiyyətin milli qürur və şərəf hissindən məhrumluğu mübahisəsizdir və qapıların ayaqla açılması kimi dözülməz münasibətlər belə şəraitdə öz-özünə meydana çıxır.

"Azərbaycan müstəqil dövlətdir və heç kim bizə təzyiq göstərə bilməz" bəyanatı Prezidentin müstəqil dövlətçilik ideologiyasında milli hakimiyyətin qürur və şərəf məsələsinə nə qədər önəm verdiyinin bariz nümunəsidir".

Ekspert bildirib ki, dövlət başçısı gənclərə müraciətlə "dövlətimiz iqtisadi cəhətdən güclü olmalıdır" kimi bəyanat verməklə dövlətçiliyimiz üçün təhlükələrin hələ də mövcud olduğunu, radikal müxalifətin siyasi perspektivinin tam itirildiyi vaxtda bəzi dünya qüvvələrinin gənclərimizi dağıdıcı qüvvəyə çevirmək cəhdlərindən hələ də əl çəkmədiyini, lakin bütün bunların qarşısında xalqın Prezidentə birmənalı dəstəyinin yenilməz güc olduğunu bir daha qətiyyətlə ifadə etdi: "Azərbaycanda yarıcan, siyasi siması olmayan və hər cür ictimai dəstəkdən məhrum olmuş müxalifətin beynəlxalq dairələr tərəfindən dəstəklənməməsi barədə deyilən fikirlərin gənc tələbələr üçün xüsusi əhəmiyyəti var. Əslində burada Prezident radikal müxalifətin əlinin xarici maliyyə və siyasi dəstək rıçaqlarından üzülməsinin sadə və məntiqli səbəbini gənclərə aydın şəkildə göstərdi - radikallara xaricdən yardım ona görə bitib ki, onlar müxalifət deyil, cinayətkar dəstədirlər, bu qüvvələrin Azərbaycan xalqı arasında ciddi dəstəyi qalmayıb. Beynəlxalq dairələr həqiqətən də radikalları öz təmənnalı və ambisiyalı məqsədləri üçün hər cür sövdələrə getməyə hazır marginallar kimi görür. Xüsusilə də Almaniyada AXCP, Müsavat və digərləri ilə bağlı "siyasi mühacir" cinayəti şəbəkəsinin ifşası radikallara dünya miqyasında qəti münasibət formalaşdırdı - cinayətə meyilli, öz xalqı tərəfindən atılmış dairələrlə ciddi siyasi əməkdaşlığa getmək mənasızdır.

Prezident dövlətçilik platformasında əsl prinsipial müxalifətə ehtiyac olduğunu bir daha ifadə etməklə hazırkı radikal müxalifətin bu missiya üçün bütün gərəkli keyfiyyətlərini tam itirdiyini inandırıcı tərzdə bəyan etdi".

Baş redaktor deyib ki, ölkədə ideoloji boşluqların aradan qaldırılmasının mühüm üsullarından biri kimi müəllimlərin tələbələrlə daha sistemli iş aparmasına nail olmaq Prezidentin Azərbaycan xalqına və bəzi dünya dairələrinə sərrast mesajı sayıla bilər - ideoloji boşluqlar aradan qaldırılsa və vətənpərvərlik tərbiyəsi işinə universitetlərin potensialı tam səfərbər edilsə, beynəlxalq dairələrin Azərbaycan gəncliyi ilə bağlı bütün ssenarilərini və "növbəti vəba dalğası" planlarını pozmaq olar.

 

“Xalq qəzeti”

28 Noyabr 2019 16:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə