Ən son xəbərlər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Nerça” təchizat-yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub. QSC-dən Trend-ə verilən məlumata görə, proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Bununla belə, gəmi tərsanəyə qaldırılaraq hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, onun üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələrin dəyişdirilməsi işləri yerinə yetirilib. Həmçinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb.
“Nerça” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin