Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi" filmi təqdim edilib

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi

Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş "Alı zirvəsi" filminin təqdimatı keçirilib. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarakənd faciəsinin ildönümündə təqdim edilən filmin təqdimat mərasimində “Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək vətənimizin bütövlüyü və müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlar haqqında filmlər çəkilməsinin vacibliyini bildirdi. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırova Alı Mustafayevin xatirəsinə həsr edilmiş filmin ictimaiyyətə təqdim edilməsinə dəstək olduqları üçün məmun olduğunu dedi. Qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən maarifləndirici layihələrə dəstək verməklə yanaşı, şəhid ailələri, qazilərimizlə görüşərək onlara diqqət ayırır, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verir. "Odur ki, bu filmin ictimaiyyətə təqdim edilməsində biz də vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi, öhdəmizə düşən missiyanı yerinə yetirməyə çalışdıq. Şəhid ailələri, qazilərimizə təşəklür edir, filmi ərsəyə gətirən yaradıcı kollektivə, Mədəniyyət və Turizm Nazirliyinə və əlaqədar qurumlara təşəkkür edirəm. Alı Mustafayevin qaynar həyatı gənclərimiz üçün bir örnəkdir".  RHİM İB-nin sədri həmçinin Prezident İlham Əliyevin dövlətimizin daha da güclənməsi üçün həyata keçirdiyi siyasəti dəstədiklərini bildirdi.

Filmin rejissoru və ssenari müəllifi Kəmalə Musazadə Birinci Qarabağ müharibəsində Qazaxın sərhəd bölgəsində qanlı döyüşlərin getdiyini xatırlatdı, həmin bölgənin əhalisinin vətənin müdafiəsində fəal olduqlarını bildirdi. Onun sözlərinə görə, 2011-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi, "Yaddaş" və "Salnamə" kinostudiyalarının dəstəyi ilə Milli qəhrəmanlarımızın həyat və döyüş yoluna həsr edilmiş 90 film çəkilib və bu ilin sonunadək davam edəcək. Tanınmış şair, ziyalı Nəriman Həsənzadə Alı Mustafayev barədə ərsəyə gələn filmə görə təşəkkür etdi və bu cür layihələri yüksək qiymətləndirdi, onunla bağlı xatirələrini bölüşdü.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva 1991-ci il noyabrın 20-də Qarakənd səmasında erməni işğalçıları, erməni silahlıları tərəfindən vurulmuş "Mi-8" vertalyotunda şəhid olmuş bütün ziyalılarımıza Tanrıdan rəhmət dilədi, onlar arasında olan mərhum jurnalist Alı Mustafayevin vətənsevərliyindən, jurnalist kimi müharibənin qaynar dövründə Qarabağda baş verən hadisələrin dünyaya çatdırmaq istəyindən söz açdı: “O, vətəni üçün bütün qüvvəsini, mənəvi, fiziki gücünü ortaya qoymuşdu. Onun şair qəlbi yalnız vətən üçün döyünürdü. Həqiqəti, haqq-ədaləti, gerçəkliyi, ədalətin doğru üzünü ictimaiyyətə, xalqa göstərmək üçün o, reportajlarla, faktlarla, təhrifsiz, aktual xəbərlərlə tez-tez efirə çıxar, hadisələri elə yerindəcə gedib yoxlayar, çəkib efirə çatdırardı. Hətta ölümün üzərində yeriyirdi. Çəkinmədən, qorxmadan Alı Mustafayev nə qədər ölümün gözlərinə baxsa da, görünür, onun ölüm fərmanı vertolyot qəzasına yazılıbmış. Alı Mustafayev üç dəfə vertolyot qəzasına düşür. Birinci qəzada vertolyot dumana düşəndə onlar çaya tökülmüşlər. İkinci qəza 1991-ci ilin aprel ayında Dövlət nümayəndələri ilə Ağdam rayonu üstündən keçərkən ermənilər vertolyotu vurdular. Alı Mustafayev xoşbəxtlikdən bu dəfə də salamat qaldı. Çünki, o, ölümdən yox, ölüm ondan qorxdu, sanki. Axı onun yazılacaq neçə-neçə şeirləri, efirə gedəcək neçə-neçə reportajları, bir sözlə xalqı üçün görüləcək çox işləri vardı”. Deputat bildirdi ki, o, vətənpərvər ziyalı olmaqla yanaşı, həm də işini bilən bir jurnalist, qələm adamı, kövrək duyğulu şair idi. Onun xəstə olmasına baxmayaraq, son səfərə getmə səhnəsi bu gün də xatirələrdədir. Alı Mustafayev  bizim gənc nəsil üçün həm vətəndaş, insan, şair və jurnalist kimi örnəkdir.

"Qazax" Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Milli Məclisin deputatları Hikmət Babaoğlu,  Kamran Nəbizadə, Mətbuat Şurasından Umud Rəhimoğlu çıxış edərək bu cür filmlərin çəkilməsini vətənpərvər gənc nəslin yetişməsində mühüm rol oynadığını qeyd etdilər.Filmin nümayişindən sonra Alı Mustafayevin ailə üzvləri ürək sözlərini bölüşdülər.  Qəhrəmanın həyat yoldaşı Lalə Qasımova filmə görə əməyi keçən hər kəsə təşəkkür etdi. Bildirdi ki, şəhid ailələri, Milli qəhrəmanlar və onların ailələri hər zaman cəmiyyətin və dövlətin diqqətindədir. Oğlu Tural Mustafayev vətənpərvər ziyalı, Milli Qəhrəmanın oğlu olmaqdan qürur duyduğunu bildirdi.

Tədbirdə vətəndaş cəmiyyətinin fəalları, rəsmi şəxslər, Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və eləcə də Alı Mustafayevin ailə üzvləri, tələbə yoldaşları iştirak edirdilər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Noyabr 2019 17:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə