Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir

“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir.

Muzey Mərkəzində ənənəvi incəsənət layihəsinə həsr olunan mətbuat konfransı keçirildi.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək biennale haqqında məlumat verdi. Bildirdi ki, layihənin məqsədi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq ölkəmizdə müasir incəsənətin inkişafını təbliğ etmək və rəssamların yaradıcılığının dəstəkləməkdir. Biennale çərçivəsində rəngkarlıq, qrafika, heykəltəraşlıq, instalyasiya, videoart, fotoəsərlər, habelə Azərbaycan, Almaniya, Portuqaliya, Rusiya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Direktor diqqətə çatdırdı ki, noyabrın 25-dək davam edəcək builki sərgidə 17 ölkədən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamı iştirakı edir. Təşkil olunacaq sərgi-tədbirlər xarici və yerli sənət adamlarının təcrübə mübadiləsi aparmasına və qarşılıqlı əməkdaşlığına vəsilə olacaq. Həmçinin biennalle çərçivəsində UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqqında film təqdim ediləcək, “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

Biennalenin kuratoru Dilarə Vahabova belə tədbirin Bakıda təşkil olunmasının əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, tədbir çərçivəsində paytaxtın bir mədəniyyət ocaqlarında, o cümlədən V.Səmədova adına sərgi salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olacaq. Qalada təşkil edilən layihə təqdimatları öz orijinallığı ilə seçiləcək. Abşeronun qədim kəndlərindən olan Qala öz etnoqrafik zənginliyi ilə seçilir və bu məkan hər zaman yaradıcı insanların diqqətini cəlb edir.

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova çıxış edərək İçərişəhərdə təşkil ediləcək sərgilər haqqında söz açdı. Bildirdi ki, qədim Şirvanşahlar sarayında təşkil edilən təqdimatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Bu heç də təsadüfi deyil. Çünki 2018-ci ilin statistik rəqəmlərinə görə, muzey yarım milyona yaxın ziyarətçi qəbul edib. Biennalenin layihə təqdimatlarının qədim şəhərdə keçirilməsi tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2019 15:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə