Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbək yazıçı ermənilərdən yazdı: "Fərqanədən Qarabağa qədər..."

Özbək yazıçı ermənilərdən yazdı:

Tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) Azərbaycanda çap edilən "Daşnaklar Fərqanədən Qarabağa qədər..." adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə kitabın mövzusu əsasında çəkilən eyniadlı sənədli film nümayiş etdirilib. Sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları yer alıb. Filmdə Türküstanda törədilən soyqırımı ilə yanaşı, 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların törətdiyi qətliamlar, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasətindən ətraflı bəhs edilib.

Filmdə XX əsrin sonlarında ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı haqqında da danışılır və o dəhşətli faciəni əks etdirən kadrlarda erməni vəhşiliyinin miqyası tamaşaçılara çatdırılır.

Sənədli filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev qeyd edib ki, təqdim edilən sənədli film kitab haqqında daha geniş təsəvvür yaradıb. Umud Mirzəyev kitabın Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü və 1937-ci ildə ailəsi Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyilə ərsəyə gəldiyini bildirib.

"Kaspi" Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva sözügedən kitabın bütün Azərbaycan universitetlərinə paylanılmasını təklif edib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Samir Abbasov qeyd edib ki, "Daşnaklar Fərqanədən Qarabağa qədər" önəmli faktlara əsaslanan gözəl bir nəşrdir.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, sözügedən kitabın yazılması bir insanın içindəki hayqırtı deyil, onun keçmişinin hansı gücə malik olduğunun, kimlər ona qarşı genosid edib bunun  axtarışıdır və Şuhrat Barlas bu axtarışı tapıb: "Bu, faktiki olaraq təkcə 20 -ci əsrin  əvvəllərindən başlayan Azərbaycan islam və türk əhalisinə qarşı genosid deyil. Bu, bütövlükdə islam dünyasının türk qoluna edilmiş genosiddir. Ərəb dünyasında ermənilər heç vaxt addım atmadılar, addım atdıqları yer Osmanlı ərazisi, Azərbaycan ərazisi, Türküstan ərazisi idi. Bunları tarixə hökmən çıxarmaq lazımdır. Bu kitabla bağlı Şuhrat bəylə daima müzakirələr etmişik. Və düşünürəm ki, sonuncu nəşrdə əlavələr daha da güclüdür.

Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov kitabın erməni əməllərinin sübutu üçün önəmli vəsait olduğunu qeyd edib:"Mən də özbək tarixçisi Şuhrat Barlas kimi bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam. Amma ondan fərqli olaraq, həbs olunmamışam. Aydın məsələdir ki, ermənilər saxtakar adamların əli ilə özlərinin Orta Asiyada müsəlmanlara qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. Bu baxımdan özbək alimi Şuhrat Barlasın bu işi çox önəmlidir".

Sonda kitabın müəllifi Şuhrat Salamov tədbir iştirakçılarına təşəkkür edib: "Uzun müddət arzulayırdım ki, bu barədə kitab çap etdirim. Kitabın ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkür edirəm".

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2019 15:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə