Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Fransa ilə əməkdaşlıq məsələləri müzakirə edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılmasına, pensiya təminatı və tibbi-sosial reabilitasiya sistemlərinin inkişafına  dəstək məqsədi daşıyan tvinninq layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Fransanın Azərbaycandakı səfiri  Zakari Qros ilə nazirlikdə keçirdiyi görüşdə bildirib.

   S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramı nəticəsində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişaf tempinə malik olduğunu vurğulayıb. Ölkədə sosial sahədə əldə olunan uğurlar, DOST layihəsi barədə səfirə məlumat verib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində innovativ həllərin tətbiqi əsasında aparılan islahatları qeyd edib.

     Nazir iki ölkənin əlaqələrinin daim inkişaf edərək genişləndiyini deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında aidiyyəti istiqamətlərdə, həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkili, sosial təminat sistemində idarəçiliyin  təkmilləşdirilməsi, reabilitasiya və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin məqsədyönlü ola biləcəyini vurğulayıb.

    Z.Qros əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin, fəal təcrübə mübadilələri aparılmasının önəmini qeyd edib. O, bu sahədə  Fransa tərəfindən müvafiq səylərin göstəriləcəyini bildirib.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

22 Noyabr 2019 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə