Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar

Tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar

Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının Katibliyi və ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisidə tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri – direktor müavini Rahib Məmmədov, ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquqşünas Fidan Rüstəmova seminarda iştirak ediblər.

     Seminarın təşkilində əsas məqsəd – tütünlə mübarizə qanunvericiliyinin tətbiqi ilə bağlı tələblərin artırılması və bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsi olub. Nümayəndələr bu sahədə ölkələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və əldə edilən uğurları bölüşüblər. Eyni zamanda, tütünə qarşı mübarizə siyasətində və qanunların icrasındakı boşluqlar, icraya mane olan səbəblər iştirakçılar tərəfindən geniş müzakirə olunub.

    Azərbaycan, Moldova, Gürcüstan və digər ölkələrin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə keçən seminarda tütünlə mübarizəyə dair qəbul edilən qanunların icrasının təkmilləşdirilməsi müzakirə edilib. Tütünlə mübarizə aparan ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, bu mübarizənin effektivliyi üçün səylərin birləşdirilməsi yolları nəzərdən keçirilib, səmərəli təkliflər verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Noyabr 2019 12:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə