Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aralıq qiymətləndirmə davam edir

Aralıq qiymətləndirmə davam edir

Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev İmtahan Mərkəzində keçirilən aralıq qiymətləndirmənin gedişi ilə tanış olub.

Aralıq sorğuda proqrama uyğun keçilən mövzulara dair sualların tərtib edildiyini və tələbələrin həmin sualları cavablandırdığını deyən prorektor bildirib ki, qalan suallar 3-cü kollokvium sorğusu zamanı müəllimlər tərəfindən aparılır: “Aralıq qiymətləndirmənin üstünlüyü ondadır ki, nəticələr kompüter vasitəsilə tələbənin özünə məlum olur. Bəzi tələbələr, xüsusilə xarici tələbələr telefondan və digər köməkçi vasitələrdən istifadə etməyə çalışırlar. Amma nəzarətçi qrup belə cəhdlərin qarşısını vaxtında alaraq, universitet rəhbərliyinə məlumat verirlər. Nəticədə aralıq qiymətləndirmənin tələblərini pozan tələbələrin cavabları sıfırlanır”.

    İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova, imtahana nəzarət qrupunun sədri Zümrüd Abaszadə və əczaçılıq fakültəsinin dekanı Kamandar Yaqublu da aralıq qiymətləndirmə ilə bağlı bildiriblər ki, hansı fənlərin kreditləri, dərs saatları azdırsa, həmin fənlərin aralıq qiymətləndirilməsi tədris ilinin 8-ci həftəsindən başlayır. Keçən il yalnız I kursları əhatə etdiyinə görə aralıq qiymətləndirmə 10-cu həftədən başlayırdı və tələbə hər gün kollokvium sorğusunda iştirak edirdi. Bu il isə bütün fakültələrin II kurslarında da kollokvium sorğuları aparılır və imkan daxilində elə formada təşkil edilir ki, dərs prosesinə mane olmasın.

    Xatırladaq ki, tələbələr bir semester ərzində 3 kollokvium sorğusunun üçünü də kafedrada cavablandırırdılar. İndi birinci və ikinci kollokvium sorğuları kafedrada, üçüncü sorğu isə İmtahan Mərkəzində aparılır. Aralıq sorğuları bitdikdən sonra tələbələrin qiymətləri artıq elektron jurnala köçürülür.

   Qeyd edək ki, noyabrın 4-dən başlayan aralıq sorğuları 29-da yekunlaşacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Noyabr 2019 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə