Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 453    Bakı şəhəri, 20 noyabr 2019-cu il


“İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 20 noyabr

tarixli 453 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

İxtira, faydalı model və sənaye nümunələrinin

dövlət reyestrinə daxil edilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” (bundan sonra – Qayda) “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına uyğun olaraq hazırlanmışdır və ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ixtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri (bundan sonra – Reyestr) həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.

1.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.

1.4. Elektron reyestrin formalaşdırılması, tərtib edilməsi və inteqrasiyasına dair bu Qaydada nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.

1.5. Elektron Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

1.6. Elektron Reyestrin tərtib olunması və onda düzəlişlərin edilməsi üçün Qanunun tələbləri nəzərə alınmaqla patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi) elektron sistem vasitəsilə Agentliyə müraciət etməlidir.

1.7. Kağız daşıyıcıda aparılan Reyestr kitabı cildlənir, qaytanlanır, hər bir səhifəsi nömrələnir və Agentliyin möhürü ilə möhürlənir.

1.8. Reyestr Azərbaycan Respublikasının dövlət informasiya ehtiyatıdır.

1.9. Agentliyin rəsmi bülletenində dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti başa çatdıqdan və ya sənaye mülkiyyətinin mühafizəsi sahəsində Agentlikdə yaradılmış Apellyasiya Şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 (iki) ay müddətində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və onun dərc olunması üçün dövlət rüsumunun ödənilməsi şərtilə Reyestrdə həmin sənaye mülkiyyəti obyektlərinə dair məlumatlar qeyd edilir və iddiaçıya patent verilir.

1.10. Reyestr illər üzrə tərtib edilir.

1.11. Təqvim ili başa çatdıqda, bu Qaydanın 2.1-ci bəndində göstərilən məlumatların (göstəricilərin) daxil edildiyi Reyestrin səhifələrinin sayı və qalan boş səhifələrin sayı, reyestrin aparılmasının başlandığı və həmin il üzrə qurtardığı tarixlər göstərilməklə “Xüsusi qeydlər” nəzərdə tutulan səhifədə Reyestri aparan məsul işçi tərəfindən müvafiq qeyd yazılır.

1.12. Reyestrin forması bu Qaydanın 2.1-ci bəndində göstərilən məlumatlar (göstəricilər) əsasında Agentlik tərəfindən müəyyən edilir.

1.13. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara əsasən, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya Əqli  Mülkiyyət Təşkilatının ixtira və faydalı modellər üçün ST.9, sənaye nümunələri üçün ST.80 standartı üzrə rəqəm kodlarından (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu – INID) istifadə olunur və onlar mötərizədə ərəb rəqəmləri ilə göstərilir.

 

2. Reyestrə daxil edilən məlumatlar (göstəricilər)

 

2.1. Reyestrə aşağıdakı məlumatlar (göstəricilər) daxil edilir:

2.1.1. patentin nömrəsi;

2.1.2. patentin qeydiyyat tarixi;

2.1.3. iddia sənədinin qeydiyyat nömrəsi;

2.1.4. iddia sənədinin Agentliyə daxilolma tarixi;

2.1.5. konvensiya ilkinliyi tarixi olan iddia sənədinin nömrəsi;

2.1.6. konvensiya ilkinliyi olan iddia sənədinin daxilolma tarixi;

2.1.7. konvensiya ilkinliyi olan ölkənin kodu;

2.1.8. sərgi ilkinliyi tarixi;

2.1.9. ilkinliyin tarixi;

2.1.10. patent hüquqlarının qüvvəyə mindiyi tarix;

2.1.11. ixtiranın, faydalı modelin beynəlxalq patent təsnifatı və sənaye nümunəsinin beynəlxalq təsnifat indeksi (indeksləri);

2.1.12. ixtira, faydalı model və sənaye nümunəsinin adı;

2.1.13. sənaye nümunəsinin şəkli;

2.1.14. sənaye nümunəsinin mühüm əlamətlərinin təsviri;

2.1.15. iddiaçı hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, fiziki  şəxs olduqda soyadı, adı, atasının adı, yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan, ölkə kodu;

2.1.16. müəllifin soyadı, adı, atasının adı, yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan, ölkə kodu;

2.1.17. patent sahibi olan hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan, ölkə kodu;

2.1.18. ixtira, faydalı model və sənaye nümunəsinin müəllifi, eyni zamanda iddiaçı (patent sahibi) olduqda bu barədə məlumat;

2.1.19. ixtira, faydalı model və sənaye nümunəsinin müəllifi, eyni zamanda iddiaçı və patent sahibi olduqda bu barədə məlumat;

2.1.20. ixtira və ya faydalı modelə dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent Kooperasiyası haqqında Müqaviləsinin (PCT) proseduru üzrə iddia sənədinin nömrəsi, verilmə tarixi;

2.1.21. PCT proseduru üzrə  iddia sənədinin dərc edilmə nömrəsi və tarixi;

2.1.22. iddia sənədinə dair məlumatların Agentliyin rəsmi bülletendə dərc edildiyi tarix;

2.1.23. patent sahibinin adının və (və ya) ünvanının dəyişdirilməsi haqqında;

2.1.24. patentin qüvvədəolma müddəti və bu müddətin uzadılması haqqında;

2.1.25. patentlə bağlı hüquqların (tam və ya qismən) başqa şəxsə verilməsi barədə müqavilənin qeydiyyat nömrəsi və tarixi;

2.1.26. patent obyektindən istifadə hüququna dair lisenziya müqavilələrinin qeydiyyat nömrəsi və tarixi (lisenziyanın növü və müddəti göstərilməklə);

2.1.27. patent hüququnun girov qoyulması barədə (girov müqaviləsinin qeydiyyat nömrəsi və tarixi (müddəti göstərilməklə);

2.1.28. qeydiyyata alınmış müqavilələrdə, o cümlədən girov müqaviləsində dəyişikliklərin edilməsi haqqında;

2.1.29. patentin tam və ya qismən etibarsız hesab edilməsi haqqında (səbəbləri və qərarı qəbul edən orqanı (qurumu) göstərilməklə);

2.1.30. patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi haqqında (səbəblər göstərilməklə);

2.1.31. patentin qüvvəsinin bərpa edilməsi haqqında;

2.1.32. patentin dublikatının verilməsi haqqında;

2.1.33. texniki səhvlərin və ya mətbəə xətalarının düzəldilməsi haqqında;

2.1.34. Qanunun tələbləri nəzərə alınmaqla, digər dəyişiklik-lərin edilməsi haqqında (səbəblər göstərilməklə). 

2.2. Elektron Reyestrə məlumatlar “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə edilməklə daxil edilir.

2.3. Patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tələb olunan dövlət rüsumu və xidmət haqqını “ASAN ödəniş” sistemi üzərindən ödəyərək, gücləndirilmiş elektron imza ilə imzaladığı ərizə ilə məlumatları elektron sistemdə Agentliyə təqdim edir.

2.4. Elektron Reyestrə məlumatlar bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, Agentliyin rəhbəri tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən daxil edilir.

2.5. Reyestrə məlumatlar daxil edildikdən dərhal sonra bu barədə patent sahibinə və ya onun vərəsəsinə (hüquqi varisinə), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə elektron sistemdə bildiriş göndərilir. 

2.6. Agentliyə göndərilən məlumatlara münasibətdə Qanunun tələblərinə əməl edilmədikdə və ya onlarda qeyri-dəqiqlik müəyyən edildikdə, onlar Reyestrə daxil edilmir və bu barədə ərizəçi elektron sistem vasitəsilə məlumatlandırılır.

2.7. Reyestrə daxil edilmiş məlumatlar sorğu, o cümlədən elektron sorğu əsasında aşağıdakılara verilir:

2.7.1. məhkəmə, istintaq və təhqiqat orqanlarına;

2.7.2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına;

2.7.3. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;

2.7.4. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa.

 

3. Reyestrdə dəyişikliklərin edilməsi

 

3.1. Patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ixtira, faydalı model və sənaye nümunəsinə verilən patentə münasibətdə baş vermiş bütün dəyişikliklər, o cümlədən iddiaçı olan hüquqi şəxsin adı, hüquqi ünvanı, iddiaçı olan fiziki şəxsin (iddiaçı olmayan müəllif də daxil olmaqla) soyadı, adı, atasının adı, yaşadığı və ya qeydiyyatda olduğu ünvanı, ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüquqlarının verilməsi barədə müqavilədə edilmiş dəyişikliklər və s.) barədə məlumatları həmin dəyişiklikləri təsdiq edən sənədlərin təsdiqlənmiş surətlərini əlavə etməklə, ərizə ilə Agentliyə müraciət edir.

3.2. Reyestrdə dəyişikliklərin edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizə ilə birlikdə Agentliyə təqdim edildikdən sonra 15 (on beş) iş günündən gec olmayaraq, Reyestrdə müvafiq dəyişikliklər edilir.

3.3. Reyestrdə dəyişikliklərin edilməsi üçün tələb olunan dövlət rusumu “ASAN ödəniş sistemi üzərindən ödənildikdən sonra Qanunun tələbləri nəzərə alınmaqla patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi elektron sistem vasitəsilə Agentliyə müraciət edə bilər. Bu halda Reyestrdə dəyişikliklərin edilməsi barədə müraciət Agentliyə daxil olduqdan sonra 3 (üç) iş günü müddətində dəyişikliklərə dair məlumatlar elektron daşıyıcıda tərtib olunan Reyestrə daxil edilir.

3.4. Reyestrdə dəyişikliklərin aparılması üçün Agentliyə təqdim olunan məlumatların dürüst, dəqiq və tam olmasına görə məsuliyyət patent sahibinin və ya onun vərəsəsinin (hüquqi varisinin), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin üzərinə düşür.

3.5. Patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertizanın səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsi üçün dövlət rüsumu ödənilmir.

3.6. Dəyişikliklərə dair məlumatlar Reyestrə daxil edildikdən sonra 5 (beş) iş günü müddətində patent sahibinə və ya onun vərəsəsinə (hüquqi varisinə), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə bu barədə yazılı bildiriş göndərilir.

3.7. Patentin əsli itirildikdə və ya korlandıqda (zədələndikdə) patent sahibinin əsaslandırılmış vəsatəti əsasında dövlət rüsumu ödəməsi şərtilə ona patentin dublikatı verilir.

3.8. Patentin əsli itirildikdə, bu barədə patent sahibinin ərizəsi əsasında Agentliyin rəsmi bülletenində elan dərc olunur.

3.9. Patentə dublikatın verilməsi haqqında vəsatətdə aşağıdakı məlumatlar göstərilməlidir:

3.9.1. patentin nömrəsi;

3.9.2. iddia sənədinin nömrəsi;

3.9.3. iddia sənədinin verilməsi tarixi;

3.9.4. patentlə mühafizə olunan obyektin adı.

3.10. Vəsatətə aşağıdakı sənədlər əlavə olunur:

3.10.1. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

3.10.2. vəsatət patent sahibinin nümayəndəsi vasitəsilə təqdim edildikdə etibarnamə;

3.10.3. patentin əslinin itirilməsi barədə Agentliyin rəsmi bülletenində dərc edilmiş elanın surəti.

3.11. Patentin dublikatının verilməsi barədə məlumat Reyestrə daxil edilir. Patentin dublikatının verildiyi tarix dublikatın verilməsi barədə məlumatların Reyestrə daxil edildiyi tarix sayılır.

3.12. Patent sahibi patentin dublikatını Agentlikdən götür-məkdən imtina etdikdə, dublikatın verilməsi üçün ödənilmiş dövlət rüsumu geri qaytarılmır.

3.13. Patent sahibi tərəfindən təqdim edilən zədələnmiş və ya korlanmış patentlər Agentliyin İdarə Heyətinin qərarı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.

 

4. Yekun müddəalar

 

4.1. Reyestr Azərbaycan dilində tərtib edilir.

4.2. Reyestrə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.

4.3. Reyestrdə aşkar edilmiş səhv məlumatın (qeydin) üstündən xətt çəkilir və bu Qaydaya uyğun yeni qeyd yazılır. Yeni qeyddə səhv hesab edilmiş məlumata (qeydə) istinad olunur.

4.4. Reyestrin kağız və elektron daşıyıcılarındakı qeydləri arasında ziddiyyət olduqda, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, kağız daşıyıcıda olan qeydlər əsas götürülür.

4.5. Reyestrin aparılması ilə bağlı bu Qaydada nəzərdə tutulmayan digər məsələlər Qanuna uyğun olaraq tənzimlənir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə