Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb

“Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində İctimai Birliyin könüllüləri üçün “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı elmi maarifləndirmə və təbliğat kursları başa çatıb. Kursların dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisasının tələbələri olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində oktyabrın 31-dən keçirilən kursların sonuncu günündə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)” mövzusunda mühazirəsi dinlənilib.
Kurslara yekun vuran Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Əli Həsənov ermənilərin 200 ildən çox bir dövrdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətinin əsas məqsədləri, o cümlədən bu hadisələrin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması kimi məsələlərdən bəhs edib. Prezidentin köməkçisi bildirib ki, tariximizə nəzər salsaq Rusiya-İran, Rusiya-Türkiyə müharibələri fonunda ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa, Naxçıvana, Zəngəzura köçürülməsi, onların məskunlaşandan sonra Azərbaycan torpaqlarına göz dikməsi, bu ərazilərdə Ermənistan dövlətini yaratmaq siyasəti, bütün bunların zaman-zaman qanlı səhifələrə rəvac verən hadisələrlə müşayiət edilməsi kimi həqiqətlərin şahidi olarıq. Bunların sırasında 1918-ci il 31 mart - Azərbaycanlıların soyqırımı, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi, Xocalı soyqırımı və digər erməni vandalizm aktlarını qeyd etmək olar. 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət barədə danışan Əli Həsənov deyib ki, bu məsələ ilə əlaqədar Azərbaycanın haqq səsi, ədalətli mövqeyi artıq dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlətimiz ötən müddətdə, xüsusən son 15 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyasını həyata keçirib. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, Ermənistan qoşunlarının geri çəkilməsi, dinc əhalinin doğma torpaqlarına geri qaytarılması ilə bağlı tələblər irəli sürülür. Bu qətnamələr beynəlxalq hüquqa əsaslanır. Son vaxtlar Qoşulmama Hərəkatı da birmənalı şəkildə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT, Avropa Parlamenti, həmçinin tərəfdaşlıq etdiyimiz NATO kimi qurumların əksəriyyəti bu işğal faktını tanıyıblar. Lakin təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki durumu və ikili standartlar siyasəti Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi üçün ciddi şəkildə təzyiq göstərilmir.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli şəkildə həlli istiqamətində apardığı siyasət dünya ictimaiyyətinin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması ilə bağlı keçirilən tədbirlərin coğrafiyasını genişləndirir. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər də olduqca təqdirəlayiqdir.  
Mütəmadi olaraq keçirilən bu kursların əhəmiyyətini qeyd edən Prezidentin köməkçisi vurğulayıb ki, əsas məqsəd ermənilərin 200 ildən çox müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini gənclərə bütün təfərrüatları ilə çatdırmaqdır. Bundan əlavə, bu kursların keçirilməsi gənclərin maarifləndirilməsi və onlarda vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Sonra dinləyicilərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, kurslar çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Yaqub Mahmudovun “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, AMEA-nın Tarix İnstitutunun Azərbaycanın tarixi demoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədovanın “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Solmaz Tohidi-Rüstəmovanın “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)” və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədovun “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti: Xocalı soyqırımı”  mövzularında mühazirələri dinlənilib.

 

AZƏRTAC

22 Noyabr 2019 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə