Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli ədliyyə sistemində islahatlar hüquq və azadlıqların təminatına daha geniş imkan yaradır

Milli ədliyyə sistemində islahatlar hüquq və azadlıqların təminatına daha geniş imkan yaradır

Azərbaycanın milli dövlətçiliyindən danışarkən ədliyyə sisteminin inkişafını da nəzərdən qaçırmaq olmaz. Qürur hissi ilə qeyd etmək olar ki, bu sahənin tarixi dövlətçiliyimizin siyasi həyata qədəm qoyduğu gündən başlanır. Ədliyyə sisteminin təşəkkülünü hüquqi dövlətçiliyin təməli hesab edən Cümhuriyyət qurucuları tərəfindən dövrə görə əhəmiyyətli addım atılaraq Ədliyyə Nazirliyinin yaradılmasına nail olunmuş, 1918-ci il noyabrın 22-də nazirliyin əsasnaməsi qəbul edilmiş, bu sənədlə həbsxanalar nazirliyin tabeliyinə verilmiş, ardınca isə idarəetməni həyata keçirilməsində mühüm önəm daşıyan aktlar imzalanmışdır. Bir sözlə, dövrün gərgin siyasi vəziyyətinə baxmayaraq, ədliyyənin formalaşdırılması istiqamətində inamlı addımlar atılmış, sahə ilə bağlı idarələr, məhkəmələr təsis olunmuş, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq, kadr potensialının gücləmdirilməsi üçün qısamüddətli kurslar fəaliyyətə başlamışdır. İnsan hüquqlarının ən yüksək səviyyədə təmin olunduğu 23 aylıq müstəqillik dövründə qarşıya çıxan bütün hüquqi problemlər ədliyyə müstəvisində öz həllini tapmışdır. 

Lakin məlum aprel işğalı bütün bu işləri yarımçıq qoymuş, İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1930-33-cü illər komissarlığın ləğv edilərək səlahiyyətlərinin müxtəlif qurumlar arasında bölüşdürlməsi, sonra yenidən ayrıca qurum kimi fəaliyyət göstərməsi ilə müşayiət olunmuşdur. Onu da xatırladım ki, 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməklə məhdudlaşdırılmışdır. Lakin 1959-cu ildə yeni ədliyyə islahatı həyata keçirilərək, funksiyaların bəziləri Ali Məhkəməyə həvalə olunmuş, Ədliyyə Komissarlığının səlahiyyətləri isə bir sıra dövlət orqanları arasında bölünmüşdür. 
Sovet Azərbaycanı dövründə ədliyyədə aparılmış lüzumsuz islahatlar, şübhəsiz ki, bu sahənin nüfuzdan düşməsinə, dövrün tələbinə uyğun şəkildə onun siyasi rejimin cəza alətinə çevrilməsinə gətirib çıxarmış, ümumiyyətlə, ədliyyə orqanlarından repressiya vasitəsi kimi istifadə edilməsi onun siyasiləşmiş dövlət orqanına çevrilməsi ilə nəticələnmişdir. 
Belə bir xoşagəlməz prosesə ­1969-cu ilin iyulunda xalqımızın ümummilli lideri Heydər Əliyevin partiya rəhbərliyinə gətirilməsi ilə son qoyuldu, dahi öndərin təşəbbüsü ilə qısa vaxtda ədliyyə sistemi yenidən formalaşdırıldı. Belə ki, Azərbaycan SSR Ali Sovetinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis olundu, onun məhkəmə orqanlarına təşkilati rəhbərliyi təmin edildi, əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsi dövrün şərtlərinə uyğun daha da yaxşılaşdırıldı, eləcə də notariat fəaliyyətinin, məhkəmə ekspertizalarının aparılması reallaşdırıldı, həyata keçirilən digər tədbirlər ədliyyə fəaliyyətinin inkişafı üçün əsaslı zəmin yaratdı. 
Ümummilli lider xalqın tələbi ilə ­1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra isə ədliyyə sisteminin qurulması, gücləndirilməsi xüsusi diqqətdə saxlanıldı, köklü islahatlar həyata keçirildi, nazirliyin müasir dövrün tələblərinə uyğun fəaliyyəti təmin edildi. O zaman atılan uzaqgörən addımlar sayəsində bu gün milli ədliyyə sistemi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının icrası, notariat fəaliyyəti, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestri, sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri, Azərbaycan Respublikası əhalisinin dövlət reyestri, qanunvericiliyə uyğun müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatı, məhkəmə qərarlarının icrası, penitensiar müəssisələrin işinin təşkili və nəzarəti, bələdiyyələrin qurulmasına kömək və onlara metodoloji yardımların göstərilməsi, qanunvericiliklə müəyyənləşdirilən hallarda cinayət halları üzrə ibtidai istintaqın aparılması kimi çoxsaylı funksiyaları yüksək peşəkarlıqla həyata keçirir. 
Ədliyyə Nazirliyi, eyni zamanda, hüquqi dövlət quruculuğunun təməl prinsipi olan hüquqi maarifləndirmə işini gerçəkləşdirir, hüquqi sahələrə dair elmi-tədqiqat işlərini reallaşdırır, hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir. 
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti nəticəsində son illər ədliyyə sistemi daha da inkişaf etməkdədir. Ölkəmizdə gedən güclü sosial-iqtisadi inkişaf, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyənin beynəlxalq standartlara uyğun qurulmasını sürətləndirmişdir. Hüquq sistemində aparılan islahatlar, qəbul edilən qanunvericilik aktları sistemin fəaliyyət istiqamətlərini genişləndirərək onun qarşısında yeni vəzifələr qoymuş və məsuliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. 
Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirmişdir. Dövrün tələbinə uyğun olaraq vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, hüquqi-fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək dövlət siyasətinin başlıca istiqamətinə çevrilmişdir. Bu mənada 2006-cı ildən başlayaraq, sistemin müasir dünya tələblərinə cavab verməsi, xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə çoxsaylı qərarlar imzalanmış, zəruri addımlar atılmışdır. Dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək, ona hüquq mühafizə orqanı statusu verilmiş, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul olunmuş və “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman imzalanmışdır.
Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə hazırda bu sahədə islahatlar yeni mərhələyə daxil olmuşdur. Bu mühüm sənədin icrası ilə əlaqədar indiyədək bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülmüş, yeni ixtisaslaşdırılmış - kommersiya məhkəmələri yaradılmışdır. Eyni zamanda, məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmətlərə əlçatanlıq asanlaşdırılmış, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün elektron imkanlar asanlaşdırılmış, o cümlədən şəxsi kabinetin, elektron müraciətin fəaliyyəti genişləndirilmişdir. Şübhəsiz ki, bütün bu uğurlu, sistemli və ardıcıl işin nəticəsində Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrə inam artmışdır. 
Onu da qeyd edim ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanla verilən tövsiyələrə əsasən, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər mənfi halların aradan qaldırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt” təşkil olunmuş, bu quruma birbaşa və maneəsiz müraciət etmək imkanları yaradılmışdır.
Burada bir mühüm cəhəti də vurğulamağı zəruri hesab edirəm. Belə ki, ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir. Artıq ənənə halını alan həmin görüşlərdə ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılır, hər bir vətəndaş diqqətlə dinlənilir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapır. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilir, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilir.
Yeri gəlmişkən, çalışdığım sahə ilə bağlı mühüm bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial–müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Nazirliyin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır.
Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik elektron xidmətlər istifadəyə verilmişdir.
Təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri tərəfindən 5 milyondan artıq əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür.
Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.
Beynəlxalq təşkilatların rəylərinə əsasən, aparılan bu genişmiqyaslı islahatlar ölkənin hüquqi təsisatlarının möhkəmləndirilməsində ədliyyə orqanlarının rolunun yüksəlməsinə, bu sahədə avtomatlaşdırılmış informasiya sisteminin, habelə məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiq edilməsinə, vətəndaşların ədliyyəyə, eləcə də məhkəmələrə müraciət etmək, onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişlənməsinə gətirib çıxarmışdır. 
Şübhəsiz ki, dövlət səviyyəsində inamla aparılan və ədliyyə sisteminin sürətli inkişafını reallaşdıran islahtlar yaxın gələcəkdə də davam etdiriləcək, nəticədə milli ədliyyəmiz vətəndaş cəmiyyəti quruculuğunun əsas stimulverici mexanizminə çevriləcəkdir. 

 

Afət ABDULLAYEVA,
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Qubadlı rayon qeydiyyat şöbəsinin rəisi

 

22 Noyabr 2019 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə