Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə sistemində islahatların dərinləşdirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirib

22 noyabr Ədliyyə İşçiləri Günüdür

Ədliyyə sistemində islahatların dərinləşdirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirib

Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin ədliyyə   sistemi beynəlxalq təcrübəyə uyğun şəkildə tamamilə yenidən qurulub. Üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb, şəffaf prosedurlarla hakim seçimi aparılıb, məhkəmə nəzarəti institutu təsbit edilib, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində isə ədliyyə  sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına tam uyğunlaşdırılması məqsədilə çoxsaylı tədbirlər gerçəkləşdirilib. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan müstəqil qurum – Məhkəmə-Hüquq Şurası yaradılıb, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər məhz onun səlahiyyətinə aid edilib. Məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın asanlaşdırılması məqsədilə bir çox yeni məhkəmələr təsis edilib, o cümlədən bölgələrdə apellyasiya və iqtisad məhkəmələri yaradılıb. İnsan hüquqlarının müdafiəsində mühüm rol oynayan inzibati ədliyyə fəaliyyətə başlayıb, hakimlərin və məhkəmə aparatı işçilərinin sayı iki dəfə artırılıb. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə mütərəqqi əlavə və dəyişikliklər edilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri mütəmadi genişləndirilib.


Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə hazırda bu sahədə islahatlar yeni mərhələyə yüksəlib.
Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyən etməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan adıçəkilən fərman müstəsna əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsi”dir. Bu mühüm sənədin icrası ilə əlaqədar indiyədək bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Bu məqsədlə yeni ixtisaslaşdırılmış - kommersiya məhkəmələri yaradılıb. Məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmətlərə əlçatanlıq asanlaşdırılıb, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün elektron imkanlar yaradılıb, o cümlədən şəxsi kabinetin, elektron müraciətin fəaliyyəti genişləndirilib. Şübhəsiz ki, bütün bu uğurlu, sistemli və ardıcıl işin nəticəsində Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrə inam artıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, həmçinin ədliyyə sektorunda özünü dünyaya tanıtdırmağa əlverişli şərait yaradıb. 
Yuxarıda sözügedən sənəddə diqqətçəkən bir məqamı da xatırlatmaq oxucular üçün maraqlı olardı. Belə ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanla verilən tövsiyələrə əsasən hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər mənfi halların aradan qaldırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt” təşkil olunub və bu quruma birbaşa və maneəsiz müraciət etmək imkanları yaradılıb.
Şübhəsiz ki, məhkəmə sisteminin daha səmərəli fəaliyyət göstərməsi, hakimlərin obyektivliyinin, qərəzsizliyinin, müstəqilliyinin təmin olunması üçün onların maddi təminatı da mühüm önəm daşıyır. Məhz buna görə fərmana uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilərək hakimlərin maddi təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, o cümlədən, bütün hakimlərin aylıq vəzifə maaşları həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyənləşdirilib, digər təminatlar nəzərdə tutulub.
Burada mühüm bir məsələyə də toxunmaq istərdim. Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı layihələrlə bağlı əldə edilən nailiyyətlər bu sektorun fəaliyyətində səmərəliliyi daha da artırıb. İnşa olunan yeni, müasir binalar Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə bütün zəruri infrastrukturla təchiz olunub. Hazırda məhkəmələrin böyük bir hissəsi bu sistemə qoşulub, “Elektron məhkəmə”nin bir çox komponentlərinin istifadəsində uğurlu göstəricilər əldə edilib. 
Ədliyyə islahatlarından danışarkən, digər məsələləri də vurğulamaq yerinə düşərdi. Belə ki, son illərdə Dünya Bankı ilə layihələr çərçivəsində mübahisələrin alternativ həlli sistemi qurulub, vəkillik institutunun, ədliyyə və məhkəmə qurumlarının institusional və idarəetmə potensialı gücləndirilib, pulsuz hüquqi yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib, eyni zamanda, ədliyyənin müxtəlif sahələrini daha da inkişaf etdirmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr hazırlanıb. Bütün bunlarla bərabər, məhkəmə sisteminin Vahid Elektron Portalı yaradılıb. Məhkəmə fəaliyyətində şəffaflığı gücləndirən və funksionallığı ilə fərqlənən adıçəkilən portal vasitəsilə vətəndaşlar məhkəmələr və hakimlər haqqında dolğun məlumatlar ala, məhkəmələrə elektron müraciət edə, məhkəmə sənədlərinin nümunələri ilə tanış ola bilirlər.
Ədliyyədə elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqindən bəhs edərkən, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi “Elektron notariat çantası” hazırlanmasını da xatırlatmaq yerinə düşərdi. Belə ki, elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdimini reallaşdırmaq mümkündür. Digər bir yenilik isə elektron ədliyyə köşküdür. Təkcə respublikamızda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Yeri gəlmişkən, həmin köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Xatırladım ki, bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında istifadəyə verilib. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. 
Azərbaycanda həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Ədliyyə Nazirliyinin müsbət təcrübəsi yayılır və ölkəmiz müxtəlif mükafatlara layiq görülür. Hakimliyə namizədlərin seçimi qaydası Avropa Şurası və Avropa İttifaqı tərəfindən tam şəffaflığına görə müsbət nümunə kimi digər dövlətlərə tövsiyə olunur. 
Ölkəmizdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının müasir tələblər səviyyəsində qurulmasının da bu gün prioritet vəzifələrdən biri olduğunu xatırlatmaq istərdim. 
Yeri gəlmişkən, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial–müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri də öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər.
Qeyd edim ki, bütün sahələrdə əhalinin rifahının, vətəndaşlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işi təkmilləşdirilib, qeydiyyatın səyyar qaydada da aparılması müəyyənləşdirilib.
Hazırda da ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni reallaşdıran Ədliyyə Nazirliyi üzərinə düşən bir sıra vəzifələrlə bərabər, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını da uğurla reallaşdırır. Aparılan islahatlar çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması və onun müasir tələblər səviyyəsində qurulması daim xüsusi diqqət mərkəzində saxlanılır. 
Məhz bunun nəticəsində sözügedən sahə təkmilləşdirilib, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılan qeydiyyat informasiya sistemi yaradılıb, toplanan böyük həcmdə akt qeydi elektron formata keçirilərək sistemə daxil edilib. 
Bütün bununla yanaşı, doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı gerçəkləşdirilib, qeydiyyat proseduru asanlaşdırılıb, eləcə də Azərbaycan adları, onların mənası və izahı barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik elektron xidmətlər istifadəyə verilib. 
Dövlət başçısının təşəbbüsü ilə yaradılan və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən aparılan əməliyyatların və verilən sənədlərin böyük bir hissəsi məhz ədliyyə qurumlarının payına düşür. 
Demək istərdim ki, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaradıb. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.

 

Leyla SÜLEYMANOVA,
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Xətai rayon qeydiyyat şöbəsinin rəisi

 

22 Noyabr 2019 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə