Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zamanın çağırışına cavab olaraq yaradılmış partiya

Zamanın çağırışına cavab olaraq yaradılmış partiya

Bizim bütün uğurlarımızda Yeni Azərbaycan ­Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox ­nikbin fikirlər var.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimində nitqindən
14 noyabr 2017-ci il


Demokratik dövlətin, sivil cəmiyyətin formalaşdırılması mükəmməl idarəetmənin olduğu ölkədə mümkündürsə, mütərəqqi istiqamətli siyasi partiyanın yaradılması da uzaqgörən liderdən asılıdır. Xalqımızın xoşbəxtliyidir ki, həm ölkəmizdə sivil cəmiyyət və demokratik dövlət formalaşdırılıb, həm də regionun ən böyük, mütərəqqi istiqamətli siyasi partiyasını yarada bilmişik. Bizim üstünlüyümüz odur ki, həm demokratik dövlətimiz, həm də müasir dünyanın ən nüfuzlu siyasi təşkilatlarından olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin müdrikliyinin bəhrəsi kimi ərsəyə gəlib. 

Bu, tarixi faktdır ki, həm Yeni Azərbaycan Partiyasının yaradılması, həm də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması zamanın çağırışlarına verilən cavab idi. Təbii ki, zaman həmin çağırışları ulu öndər Heydər Əliyevə xalqın öndə getməyi bacaran ziyalılarının dili ilə çatdırmışdı. 
İyirmi yeddi il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Prezident İlham Əliyev xatırladır ki, həmin konfrasdan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan -- məşhur “91-lər” Heydər Əliyevə müraciət ünvanlamışdılar. Heydər Əliyev müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmiş və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Amma...
Xalq azadlıq hərəkatı dalğasında siyasi hakimiyyətə gəlmiş AXC--Müsavat cütlüyünün antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, hərbi böhran, demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda, əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi.
Xalqın Heydər Əliyevə olan inam və etimadı mövcud iqtidarı çox qorxutmuşdu. Məhz o səbəbdən Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan verilmədi. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana getdilər və ulu öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi.
Bu məzmunda olan çoxsaylı kitablarda və tarixi materiallarda göstərilir ki, xalqın Heydər Əliyevə olan inam və etimadının səbəbi təkcə ötən əsrin 1969-82-ci illərində şahidi olduğumuz həqiqətlər deyildi. Heydər Əliyevə olan inamın əsas mənbələrindən biri də onun heç bir vəzifəsi olmadığı dövrdə -- 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciənin ertəsi günü özünün və ailəsinin təhlükəsizliyinə heç bir qarantın olmadığını bilə-bilə Moskvanın mərkəzində Kremlin ayrı-seçkilik siyasətini lənətləyən bəyanatla çıxış etməsi idi. 
Həmin günləri xatırlayan Prezident İlham Əliyev demişdir: “ Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir”.
Dövlət başçımız bir neçə gün bundan əvvəl Dünya dini liderlərinin Bakıda keçirilmiş II sammitindəki nitqində də müstəqilliyimizin ilk illərində baş verən hadisələri xatırladaraq demişdir ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi: “Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır”. 
Bundan başqa, ulu öndər Moskvadan Azərbaycana qayıdandan sonra da böyük dövlət xadiminə problem yaşatdılar. Amma bu problem, əslində . Azərbaycanın ən qədim diyarlarından olan Naxçıvanın düşmən əsarətinə keçməsinin qarşısını almış oldu. Belə ki, özünün qurub yaratdığı, inkişaf etdirdiyi Bakıda yaşamağı ona qadağan etdilər və Naxçıvana getməli oldu. Məhz həmin gedişlə də Naxçıvan çoxsaylı məşəqqət və məhrumiyyətlərdən qurtuluş tapdı.
Üstəlik, Heydər Əliyev Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolumuzu açmışdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etməsi, hələ SSRİ-nin mövcud olduğu günlərdə muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılmasına nail olması və digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdı. Elə ona görə də xalq ona inandı, Yeni Azərbaycan Partiyasının yaradılmasını dəstəklədi və ulu öndərin Naxçıvandan Bakıya – ölkənin siyasi rəhbərliyinə qayıtmasını israrla tələb etdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
Bəli, bugünkü qüdrətli, sürətlə inkişaf edən müstəqil Azərbaycan dövləti Heydər Əliyev siyasi müdrikliyinin təcəssümüdür. Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. 
Dövlət başçımızın fikrincə, bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq . Uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

22 Noyabr 2019 09:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə