Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı

Bakı Dövlət Universiteti – 100

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli sərəncamından


Tarixdə xalqlar öz sayına görə yox, elm, təhsil, mədəni səviyyəsinə görə tanınır və yad olunur. Belə ki, qədim dövlətlər olan – Misir, Yunanıstan, Hindistan, Çin və Mesopotamiya apardıqları saysız-hesabsız müharibələrə görə yox, dünyaya verdikləri elmi kəşflərə görə tarixə düşmüşdür. Xalqı kütlə düşüncəsindən ayıran, cəmiyyətin fəal üzvünə çevirən, onu mübariz edən elm və təhsildir.
VII əsrin ortalarından başlayaraq Azərbaycanda İslam dini yayılmağa başladı və bu məmləkətdə yaşayan xalqların vahid etnos halında formalaşmasına təkan verdi. İslam dini təbliğ edirdi ki, elm Çində olsa belə, onun ardınca getmək lazımdır. 
Vaxtilə N.Tusinin Marağa şəhərində açdığı rəsədxana, Rəşidəddinin Təbrizdə təsis etdiyi "Dar-üş şəfa" (müalicə kompleksi), "Nizamiyyə" mədrəsəsi, Şah İsmayıl Xətainin dövründə Təbrizdə açdırdığı kitabxana xalqımızın ən böyük uğurları sırasında yer almışdır. Təbriz kitabxanasının yaradılmasının nəticəsi idi ki, bu saraya "Şərqin Rafaeli" adı ilə məşhurlaşmış, Nizami Gəncəvinin "Xəmsə”sinin əlyazmasına çəkilmiş miniatürləri ilə hazırda İstanbulun Topqapı və Londonun Britaniya muzeylərini bəzəyən Kəmaləddin Behzad kimi rəssamlar toplaşdı. 
Nadir şahın ölümündən sonra Azərbaycanda yaranan müstəqil xanlıqların daim təhdid altında olması, həm xaricdən, həm də daxildəki təhlükələr elmin və təhsilin inkişafı üçün maneələr törədirdi. Xanlıqların əsas məqsədləri öz ərazilərini qorumaqdan ibarət olduğundan, çox təəssüflər olsun ki, Azərbaycanda rahat yaşamaq, müstəqil söz sahibi olmaq, öz dini dəyərlərinə etiqad etmək və ən nəhayət, bu torpağın sahibi kimi hökm vermək uzun çəkmədi. XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına başlandı. Xanlıqların müstəqilliyinə son qoyan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Şimali və Cənubi Azərbaycan ifadələri meydana gəldi. Türkmənçay müqaviləsinin XV bəndi xalqımızın gələcək həyatı üçün faciələrin bünövrəsini qoydu: İran ərazisində yaşayan ermənilər istənilən vaxt Azərbaycan ərazisinə köçə bilər, Azərbaycanın istənilən torpağında yurd sala bilərdi və s. Çar Rusiyası gəlmə erməniləri hər vasitə ilə və açıq şəkildə himayə edirdi. Bu, azmış kimi, çar I Nikolay Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılması haqqında fərman verdi. 
Beləliklə, zorla işğal edilən Azərbaycan torpaqlarında özgə dil, özgə din, özgə hakimiyyət fəaliyyətə başladı. Bu işğal dünyada mövcud olan portəgiz, ispan və ingilis işğalına bənzəmirdi. Bu işğalın mahiyyətində təkcə əsarət zənciri yox, həm də erməniyə dayaq durmaqla yerli müsəlman əhalisinin torpaqlarının əlindən alınıb yadlara verilməsi və min illər boyu bu ərazidə məskunlaşan insanlara qarşı soyqırımı siyasəti var idi. 
XIX əsrin ortalarından başlayaraq Azərbaycan xalqının tarixində yeni bir istiqamət formalaşmağa başladı. Çarizmin işğalına qədər bütün fəaliyyətini müsəlman ölkələri ilə quran Azərbaycan xalqı özündən asılı olmayaraq, üzünü Rusiyaya çevirməyə məcbur edildi. Azərbaycanın yeni ziyalı nəsli yetişməyə başladı. Azərbaycan tarixşünaslığının banisi, maarifçi-demokratik istiqamətin ilk nümayəndəsi A.Bakıxanov çarizmə qarşı mübarizənin daha sivil yolunu seçdi. 1837-ci il Quba üsyanının təşkilatçılarından sayılan A.Bakıxanov bu hərəkatın uğur qazana bilməməsinə ancaq təəssüflənə bildi. Üsyan iştirakçılarının hamısı ağır cəzalandırıldı. Xan ailəsindən çıxan, işğal ağrılarını yaşayan və uğursuzluğun şahidi olan A.Bakıxanov azərbaycanlı əhalinin savadlanması üçün təhsil ocaqlarının – məktəblərin açılmasını vacib sayırdı. Hətta bu barədə ən yuxarı instansiyalara məktublarla müraciət etdi. A.Bakıxanov maarifçi-demokratik istiqamətin ilk “qaranquşu” idi. 
A.Bakıxanovun maarifçi missiyası M.Kazımbəy, M.F.Axundzadə, M.Ş.Vazeh, M.C.Topçubaşov və başqaları tərəfindən uğurla davam etdirildi. Yeri gəlmişkən, bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Mirzə Fətəlinin Azərbaycan ədəbi, ictimai-siyasi mühitində xidmətləri danılmazdır. Sovet dönəmində başqaları kimi, Mirzə Fətəli də daha çox ateist yazar kimi təbliğ olunurdu. Bəlkə də bu təbliğatın nəticəsi idi ki, 90-cı illərin əvvəllərində yenidən müstəqilliyimizə qovuşan ərəfədə milli-mənəvi dəyərlərimizə sahib çıxarkən Mirzə Fətəliyə münasibət bir qədər dəyişdi. Mirzə Fətəli sevilməlidir, ən azı ona görə ki, 1813-cü ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra xalqımızın tarixi ilə bağlı yazılan və Tiflisə göndərilən bütün sənədlər onun tərəfindən rus dilinə tərcümə olunmaq şərti ilə arxivdə saxlanılırdı. Mirzə Fətəli ömrünün son aylarına kimi bu sənədlərin tərcüməsi ilə məşğul olmuş və bizim üçün saysız-hesabsız və qiyməti heç nə ilə ölçülməyən irs qoymuşdur. 
Mirzə Fətəli ilə davam olunan yola inqilabçı-demokratların ilk nümayəndələrindən olan Həsən bəy Zərdabi qoşuldu. Həsən bəy bütün ömrünü millətin təhsilinə həsr etdi. Hətta öz evində məktəb açdı, şagirdlərin kitablarını da, müəllimlərin məvacibini də öz cibindən ödəməli oldu. Xalqına xidmət baxımından, şübhəsiz, Həsən bəy zirvədir.
Sovet rejimi dindar Həsən bəyi gözdən salmaq, onun böyüklüyünü kiçiltmək üçün onu bizə "Əkinçi"nin naşiri kimi təqdim etdi. Amma gün kimi aydındır ki, bu 56 sayı işıq üzü görən "Əkinçi" Həsən bəyin fəaliyyətinin yalnız iki ilini təşkil edir. 
"Əkinçi" sözünün arxasında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı gizlənirdi. Azərbaycan kəndlisini daha yaxşı, çağdaş üsullar əsasında daha səmərəli işləməyə öyrətmək yox, həm də onun ürəyinə, şüuruna maarif toxumu səpmək lazım idi. 
Uzun illər boyu bir-birinə böyük hörmətlə yanaşan yaşlı Mirzə Fətəli ilə gənc Həsən bəy arasında təhsillə bağlı bir fikir ayrılığı var idi. Mirzə Fətəli rus-tatar məktəbi, Həsən bəy isə türk-tatar məktəbinin tərəfdarı idi. Son nəticədə isə hər iki maarifçi xalqın savadlanması üçün əllərindən gələni etdilər. 
Bir əsrdən çox Cənubi Qafqazı işğal altında saxlayan çarizm süqut edənə qədər burada ali məktəb açmadı. Bu çarizmin müstəmləkəçilik, qeyri-rus xalqlarına zülm etmək və onları mənəvi əsarətdə saxlamaq siyasətinin bilavasitə təzahürü idi. 
Hələ XIX əsrin 70-ci illərindən başlayaraq Qafqazın siyasi mərkəzi Tiflisdən Sankt-Peterburqa universitet açılması ilə bağlı xahişnamələr göndərilirdi. Kiyev və Varşavada ilk politexnikumlar açıldıqdan sonra bu istiqamətdə məktubların sayı artdı. Əslində, çarizm bu məsələyə etiraz etmədiyi kimi, razılığını da dilə gətirmirdi. Beləliklə, bu məsələ illərlə uzandı. XX əsrin əvvəllərində Rusiyanın Dövlət Dumasında azərbaycanlı, gürcü və erməni deputatlarının birgə qərar verdiyi məsələlərdən biri də Qafqazda universitetin təşkili ilə bağlı idi. Çox təəssüflər olsun ki, Rusiya Dövlət Duması Qafqazdan olan deputatların bu tələbini qulaqardına vurdu. Ədalət naminə qeyd etmək lazımdır ki, Qafqazda universitetin təşkilinə icazə verilməsinə nail olmaq üçün milli demokratik ziyalılarımızla yanaşı, Azərbaycanın milli burjuaziyası da böyük fəallıq göstərirdi. Hətta bu ali məktəb Tiflisdə açılsaydı belə, milli burjuaziyamız ona hərtərəfli maddi yardım göstərməyə hazır olduğunu bəyan etmişdi. 
1914-cü ildə I Dünya müharibəsi başlandı. Çar Rusiyası Fransa və İngiltərə ilə müttəfiq olaraq Almaniya blokuna qarşı vuruşurdu. Osmanlı Türkiyəsi də Almaniya tərəfdən müharibəyə qoşuldu. Uzun sürən müharibə Rusiyanı çökdürdü. 1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiya əsarətindən qurtulmaq üçün xalqlar yollar arayırdı. Bu mücadilədə ilk qurtulan, müstəqilliyə qovuşan polyaklar və finlər oldular. Azərbaycanın milli düşüncəli ziyalıları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycanın gələcək siyasi xəritəsinin konturlarını hazırladılar. Bu yolda kifayət qədər çətinliklər vardı. Gah tatar, gah dağıstanlı, gah müsəlman, gah türk, gah da müxtəlif adlar altında milli-dini zülmə məruz qalan Azərbaycan xalqı istiqlala qovuşmaq üçün fürsəti əldən vermək istəmirdi. Bədnam qonşumuz da dinc dayanmırdı, Azərbaycan torpaqları hesabına qondarma "böyük Ermənistan" yaratmaq xülyasını reallaşdırmağa çalışırdı. Bu işdə ona həm Qərb, həm də Rusiya kömək edirdi. Azərbaycan xalqını öz tarixi torpaqlarından didərgin salmaq üçün S.Şaumyanın başçılığı ilə Bakı Soveti qurumu yaradıldı. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum daşnak qüvvələri ilə birləşərək, 1918-ci ilin martında təkcə Bakı şəhərində 11 mindən artıq insanın həyatına son qoydu. Şamaxı qəzasında 18 min, Quba qəzasında 16 min, Qərbi Azərbaycanda 10 minlərlə, Zəngəzurda 10 min, Cənubi Azərbaycanda 80 min günahsiz insan soyqırımına məruz qaldı. On minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə salındı. Bu qırğınlar işıqlı səhərə gedən yolun zülmət gecəsi idi. Azərbaycanın demokratik ziyalıları yüz il əsarətində yaşadıqları Rusiyadan əlini üzərək üzünü Osmanlıya tutdular. 
Beləliklə, 1918-ci ilin mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Milli Hökumət iyunun 17-də Gəncəyə, sentyabrın 15-də isə Qafqaz İslam Ordusunun köməyi ilə Bakı şəhərinə köçdü. Milli hökumət ilk gündən xalqın maariflənməsini ön plana çəkdi. Hökumətin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə bağlı verdiyi qərar oldu. Təhsil sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi idi. Hökumətin qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Hökumətin xüsusi qərarı ilə Xalq Maarif Nazirliyində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə şöbələr yaradıldı. Ölkənin hər yerində müxtəlif pillələrdən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları və kitabxanalar açılırdı. 
Hələ 1917-ci ildə Romanovlar sülaləsinin devrilməsindən sonra Müvəqqəti Hökumət keçmiş imperiyanı, o cümlədən Cənubi Qafqazı əlində saxlamaq üçün Tiflis Şəhər Dumasına göndərdiyi şifrəli teleqramda Tiflisdə Rus Universitetinin təşkili üçün təcili surətdə layihə və smeta tərtib olunmasını təklif etmişdi. Bu məqsədlə Tiflis ali qadın kurslarının professorlarından ibarət komissiya yaradıldı. Birinci dünya müharibəsi ilə bağlı Qafqaz ordusunun baş cərrahı təyin olunmuş V.Razumovskiyə ali qadın kurslarının tibb fakültəsi üçün layihə hazırlamaq tapşırıldı. İşin öhdəsindən uğurla gələn V.Razumovski universitet komissiyasının sədri təyin edildi. Beləliklə, V.Razumovskinin başçılıq etdiyi komissiya universitetin layihə və smetasını hazırlayıb, Zaqafqaziya Komissarlığının müzakirəsinə verilməsi üçün Xalq Maarif naziri Fətəli xan Xoyski ilə görüşdü. 
Universitetin layihə və smetası hazırlanan dövrdə Cənubi Qafqazın siyasi həyatında mühüm dəyişikliklər baş verdi. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər. Müvəqqəti hökumət devrildi. Müvəqqəti hökumətin devrilməsinə etiraz olaraq Zaqafqaziya Komissarlığı Rusiyadan ayrıldığını elan etdi. Belə bir vaxtda Maarif naziri F.X.Xoyski universitetin Bakıda açılmasını komissiya sədrinə təklif etdi. Siyasi hadisələr bir-birini əvəz etməyə başladı. Zaqafqaziya komissarlığı istefa verdi və onu Zaqafqaziya Seymi əvəz etdi. 
1918-ci il mayın 26-da gürcü deputatları Zaqafqaziya Seymindən çıxaraq Gürcüstanın müstəqilliyini elan etdilər. 1918-ci ilin iyulunda Tiflisdə V.Razumovskinin rektor seçildiyi və tədrisin rus dilində aparılması nəzərdə tutulan Zaqafqaziya Universiteti açıldı. Əslində, bu ali məktəb üç xalqın maraqlarını təmin edə bilən təhsil qurumu kimi nəzərdə tutulmuşdu. Eyni zamanda, ali məktəbin maliyyə xərclərini də bu üç respublika ödəməli idi. Tarixi Azərbaycan torpaqlarında erməni dövlətini təşkil edən Ararat Respublikası Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, eyni zamanda, Ermənistanla Gürcüstan arasında Borçalı torpaqları üstündə müharibə yaşanırdı. Ermənistan Qafqaz Universitetinə maliyyə yardımı göstərməkdən imtina etdi. 1918-ci ilin fevralında yaradılan Tiflis Universiteti həmin ilin sentyabrında Tiflis Dövlət Universitetinə çevrildi. (Tiflis Universitetinin ilk rektoru, gürcü tarixçisi İvane Cavaxişvili olmuşdur. Bu universitet hazırda onun adını daşıyır). Beləliklə, gürcü dilində tədrisə başlayan Tiflis Universiteti ilə rəqabət aparmaqda çətinlik çəkən rusdilli Zaqafqaziya Universiteti ya fəaliyyətini dayandırmalı, ya da başqa şəhərə köçməli idi. 
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsini müzakirə etmək üçün Xalq Maarif nazirinin müavini Həmid bəy Şahtaxtinskini Tiflisə danışıqlara göndərdi. Milli Hökumət Zaqafqaziya Universitetinin bütün çatışmazlıqlarına baxmayaraq, onun Bakıya köçürülməsində israrlı idi. Doğrudur, təhsilin rus dilində olması çoxlarının ürəyincə deyildi, amma bu ali məktəbi tezliklə Azərbaycan dilində tədris aparmağa məcbur etmək də mümkün deyildi. Çünki çar Rusiyası həyatın bütün sahələrində azərbaycandilli mütəxəssislərin sayını heçə endirmişdi. Milli orduda vəziyyət daha ağır idi. 
Zaqafqaziya Universiteti ilə bağlı mübahisəli vəziyyət universitetin öz daxilində də davam edirdi. Bakıya köçməyin tərəfdarları ilə əleyhdarları arasında vəziyyətə aydınlıq gətirmək üçün Bakıya nümayəndə heyətinin göndərilməsi qərara alındı. Üç nəfərdən ibarət nümayəndə heyəti, rektor V. Razumovski və tələbələri təmsil edən bir nəfər Bakıda oldu. Nümayəndə heyətini mehribanlıqla qəbul edən Azərbaycan hökumət rəsmiləri Bakıda universitetin açılması üçün bütün şərtləri yerinə yetirməyə hazır olduqlarını bəyan etdilər. Milli Hökumətin rəsmi şəxsləri Tiflisdən gələn nümayəndə heyətinə onu da bildirdilər ki, Zaqafqaziya Universiteti Bakıya köçməsə də, Bakıda Universitet açılacaqdır. 1919-cu il mayın 1-dək nümayəndə heyətinə vaxt verildi, Tiflisdən cavab gəlmədi. Mayın əvvəllərində Azərbaycan Xalq Maarifi nazirinin müavini H.Şahtaxtinski Razumovskiyə teleqrama göndərərək, onu Bakıya dəvət etdi. Nazir müavini hökumətin adından V.Razumovskiyə Bakıda universitetin təşkilinə yardım göstərmək üçün komissiya yaradılmasını təklif etdi. V.Razumovski bu təklifi məmnuniyyətlə qəbul edərək, Bakıya gəldi və bu istiqamətdə fəaliyyətə başladı. 
1919-cu il mayın 19-da V.Razumovskinin başçılıq etdiyi universitet komissiyası Milli Hökumət tərəfindən təsdiq olundu. Mayın 21-də universitet komissiyasının ilk iclası keçirildi və qısa müddət ərzində universitetin yaradılması ilə bağlı layihə Xalq Maarif Nazirliyinə təqdim olundu. İyulun 7-də Milli Hökumət universitetlə bağlı layihəni geniş müzakirədən sonra qəbul etdi. Universitetin təsis olunması ilə bağlı layihə parlament müzakirəsinə çıxarıldı.
1919-cu il avqustun 18-də Azərbaycan Parlamentinin 66-cı iclasında universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsinə başlandı. İclasın sədri Həsən bəy Ağayev ilk sözü Mustafa Mahmudova verdi. M.Mahmudov təklif etdi ki, universitetin açılması ilə bağlı məsələ onların fraksiyalarında müzakirə olunmadığı üçün gələn iclasa qədər təxirə salınsın. Məsələnin müzakirəsi səsvermə yolu ilə növbəti iclasa keçirildi.
Avqustun 21-də parlamentin 67-ci iclası bütövlükdə universitetin təşkili haqqında məsələyə həsr olundu. İlk əvvəl "Müsavat"ın üzvü Mehdi bəy Hacınski universitetin təşkili ilə bağlı hökumətin gördüyü işlər haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, universitetin təşkili ilə bağlı parlamentə qədər və parlament müzakirələrində iki fikir mövcuddur. Birinci fikrin tərəfdarları heç bir səbəb göstərmədən universitetin tezliklə açılmasının tərəfdarı idilər. İkinci fikrin müdafiəçiləri isə vaxtın azlığını nəzərə alaraq hələlik gözləməyi məsləhət bilirdilər. Mehdi bəy Hacınski parlamentə xitabən sual etdi: "Bakıda darülfünun olması mümkündürmü? Hökumət bəyan edir ki, mümkündür, çünkü professor-müəllim heyəti Bakıya gəlməyinə etiraz etmir, tədris müəssisəsi kimi kommerçeski məktəbin binası hazır, tibb şöbəsi üçün alət-avadanlıq nümunələri var və s. Universitetin açılması üçün daha nə lazımdır?" 
Məmməd Əmin Rəsulzadənin parlamentdəki çıxışı məzmunu etibarilə hətta opponentlərini də razı saldı. Çıxışın ana xəttini bu sualların cavabı təşkil edirdi: "Bizə nə üçün universitet lazımdır? Biz nə üçün rus dilində təhsilə möhtacıq? Milli darülfünun arzusunda olanlar nə üçün dərd çəkməməlidir?" M.Rəsulzadə deyirdi: "Elmin vətəni yoxdur, rus dilində hər hansı bir elmin tədrisi rus işğalı üçün şərait yaratmır. Rus darülfünunlarında təhsil alanlardan zərər görən olmayıb. Ən əsası, bu darülfünun get-gedə milliləşəcək". 
Həmişə müxalif yönümlü çıxışları ilə diqqəti cəlb edən sosialistlərin nümayəndəsi Səmədağa Ağamalıoğlu “Nə üçün bizə univeristet lazımdır” sualını belə cavablandırdı: "Burada söyləyirlər ki, universitet 18 milyon pul aparır. Ona görə onu hələlik açmaq olmaz. Mən isə deyirəm ki, universiteti açmaqla biz gələcəkdə 18 milyon yox, bəlkə 18 milyard mənfəət götürdük. Bu universitet bir palıd ağacına bənzəyir, basdırarsan, iyirmi ildən sonra nəhəng ağaca çevrilər. Bir halda ki, fürsət və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər, onları əldən buraxmaq olmaz".
Avqustun 25-də parlamentin 68-ci iclasında Mehdi bəy Hacınski darülfünun təşkili haqqında qanun layihəsini maddə-maddə səsə qoymağı təklif etdi. "İttihad"ın sədri universitetə muxtariyyət hüququnun verilməsini yolverilməz saydı. Onun fikirincə, yabancı professorlardan ibarət bir quruma muxtariyyət hüququ verilə bilməz. Məsələyə aydınlıq gətirmək istəyən Mehdi bəy Hacınski bildirdi ki, 72 maddədən ibarət darülfünun nizamnaməsində universitetə muxtariyyət hüququ verilir və bu muxtariyyət nizamnamə daxilində olacaqdır. Bu maddəyə münasibət bildirən Məmməd Əmin dedi: "Onların muxtariyyəti siyasi bir muxtariyyət deyil, nizamnamə daxilində elmi muxtariyyətdir. Darülfünunu bu şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir. Əgər muxtariyyət verilməsi ilə bir təhlükə mövcud olsa, hökumət əlinizdədir, hər şeyi yapa bilərsiniz". 
Parlament müzakirəsi zamanı ən çox mübahisə doğuran maddələrdən biri tibb fakültəsinin professor heyətinə veriləcək əməkhaqqı ilə bağlı idi. Bu məsələ haqqında açıqlama verən Maarif naziri dedi: "O mütəxəssislər ki, buraya gəlmək arzu edirlər, onların maaşları təhdid edilməməlidir. Əgər maaşları təhdid edilərsə, onlar bura gəlməzlər".
Avqustun 28-də parlamentin 69-cu iclasının ikinci məsələsi qanun layihəsinin ikinci müzakirəsi idi. Lakin vaxt çatışmazlığı üzündən məsələnin müzakirəsi növbəti iclasa keçirildi. 
Sentyabrın 1-də parlamentin 70-ci iclasında qanun layihəsinin üçüncü qiraəti keçirildi. Bu məsələ ətrafında parlament üzvlərindən Əliheydər Qarayev, Rəhim Vəkilov, Mehdi bəy Hacınski və Qasım bəy Camalbəyov fikir mübadiləsi apardılar. Təkliflər səsə qoyulub, qəbul edildi.
Həmin iclasda Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil alması üçün xarici ölkələrə göndərilməsi haqqında qanun qəbul etdi. Parlament xaricə göndərilən gəncləri seçmək üçün Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Mehdi bəy Hacinski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi müsabiqə komissiyası yaratdı. Komissiya iki həftə ərzində müsabiqəni uğurla həyata keçirərək bu barədə hökumətə yazılı açıqlama verdi. Nəticədə Xalq Maarifi Nazirliyi tələbələrdən 49 nəfərə Almaniya, 27 nəfərə Fransa, 4 nəfərə İtaliya, 1 nəfərə İngiltərə, 6 nəfərə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilməsi haqqında rəsmi sənəd verdi. Rusiyada vətəndaş müharibəsi getdiyi üçün müsabiqədən keçən 13 nəfər gənci ora göndərmək mümkün olmadı. 1920-ci ilin aprelində şimaldan əsən soyuq bolşevik küləyi böyük ümidlərlə xaricə yola salınan bu gəncləri acı və məşəqqətli həyat yaşamağa məhkum etdi. 
Sentyabrın 18-də parlamentin 74-cü iclasında universitet professorlar şurasında tələbələrə yer verilməsi, rektorun iki və ya üç illiyə seçilməsi, seçilən rektorun Maarif naziri tərəfindən təsdiq edilməsi maddələri qızğın mübahisələrə səbəb olsa da iclasın sonunda nizamnamənin ikinci fəsli səsvermə yolu ilə qəbul edildi. 
Sentyabrın 29-da parlamentin 79-cu iclasında qanun layihəsinin müzakirəsi davam etdirildi. Qızğın müzakirəyə səbəb olan əsas məsələ kimlərin universitet tələbəsi ola bilmələri idi. Çıxış edənlərdən Mehdi bəy Hacınski, Əliheydər Qarayev, Əhməd bəy Cövdət, Qasım bəy Camalbəyov, Sultan Məcid Qənizadə, Arşak Malxazyan tələbələrin universitetə qəbul edilməsinə müxtəlif müstəvidə yanaşırdılar. Mübahisənin əsas predmeti universitetə qəbul zamanı imtahanların olub-olmaması məsələsi idi. Səmədağa Ağamalıoğlunun bu məsələyə münasibəti belə idi: "Biz istəyirik, indi Azərbaycanda oxuyan çox olsun. Ona görə də darülfünun qapısı gərək hamının üzünə açıq olsun. Əgər gördü ki, oxuya bilməyir, oradakı elmləri qanmayır, o adam özü gedəcək". 
İclasın sədri Həsən bəy Ağayev universitetin nizamnaməsinin üçüncü qiraətinə keçdi. Nizamnamə bütün təklif və əlavələrlə qəbul olundu. 
İclasın sonunda Sultan Məcid Qənizadənin növbədənkənar bəyanatı oldu: "Darülfünun layihəsini qurtardıq. Bu gün nizamnaməsi də oxunub təsdiq olundu. Bu gündən darülfünuna iqdam olunacaq. Tazə bina qoyduğumuz darülfünun iki böyük məktəbdə – kommerçeski və gimnaziyada olacaqdır. Güman edirəm Parlamanın üzvləri ərz edəcəyimi unutmamış olsunlar. Keçmiş mart ayında bir hadisə oldu. O hadisədən bir neçə gün qabaq Milli Şuranın ixtiyarında olan əsgərlər Lənkəranda idilər. Məşhur Hacı Zeynalabdin Tağıyevin övladı Məhəmməd də orada idi. Orada bir faciə oldu. Məhəmməd föt oldu. Onun cənazəsi bura gətirilib dəfn edildikdə, neçə min adam müşayiət edirdi. O vaxt Hacı cənabları adamların hüzurunda uca səslə dedi: "Həzarət! Mən hazırlaşırdım ki, oğluma toy edim. Lakin qəza belə gətirdi ki, oğlum əlimdən getdi. Ona görə mən oğlumun yadigarı olaraq, millətin xeyri üçün, gələcəkdə cavanlar xoşbəxt olsunlar deyə, istəyirəm ki, burada bir darülfünun təsis olunsun. Onun təsisindən ötəri ös passajımı darülfünuna bəxş edirəm". İndi özümüz Cümhuriyyət olduq və özümüzün darülfünunu olduğu üçün Hacının vəd etdiyi bu təmiratı bu darülfünun ixtiyarına alaq. İndi təklifim budur ki, Hacı ilə bu məsələni danışaq və həmin passaj darülfünun təsrüfünə verilsin".
1919-cu il avqustun 21-dən başlanan parlament müzakirələri sentyabrın 29-da başa çatdı. Parlament yetmiş iki maddədən ibarət universitet nizamnaməsini qəbul etdi. 
Beləliklə, 1919-cu il sentyabrın 1-də Bakı Universiteti haqqında qanun, sentyabrın 29-da isə Bakı Universitetinin nizamnaməsi təsdiq olundu. Parlamentin qəbul etdiyi qanunla universitetin tarix-filologiya (şərq şöbəsi daxil olmaqla), fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət təşkil olunması nəzərdə tutuldu.
1919-cu il sentyabrın 8-də universitetin təşkilat komissiyası V.Razımovskini rektor, N.Dubrovskini tarix-filologiya fakültəsinin, professor İ.Şirokoqorovu tibb fakültəsinin dekanı seçdi. Yeri gəlmişkən, 1909-cu ildə Saratovda, 1918-ci ildə Tiflisdə, 1919-cu ildə isə Bakıda universitetlərin əsasını qoymaq şərəfi V.Razumovskiyə nəsib olmuşdur. 
1919-cu il noyabrın 10-da Universitet Şurasının ilk iclası keçirildi. Iclasda professor-müəllim heyətinin tərkibi təsdiq olundu, noyabrın 15-də universitetdə ilk dərs günü elan olundu. 
1919-1920-ci tədris ilində tarix-filologiya fakültəsinin I kursuna 509 həqiqi tələbə qəbul edildi. Onlardan 125 nəfər müsəlman, 178 nəfər yəhudi, 121 nəfər rus, 67 nəfər erməni, 5 nəfər gürcü, 13 nəfər isə polyak və alman idi. 
Bakı Universitetinin fəaliyyətə başlaması münasibətilə V.Razımovski yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı".
Bakı Dövlət Universitetinin təsis olunmasından 100 il keçir. Bu illərdə universitetin təşkili ilə bağlı çox tarixlər yazılıb. Min bir əziyyətə qatlaşıb bu ali məktəbi təsis edənlər ittiham da olunub, olmazın böhtanlara məruz qalanları da olub. Bu təhsil ocağının qurulmasında haqqı olanları nahaq çıxarmaq üçün bəzən onun yaranma tarixini bir il qabağa atanlar da olub. Bəziləri onu 1917-ci il oktyabr çevrilişinin yetirməsi kimi qələmə veriblər. Sovet dönəmində universitetin yubileyi ilə bağlı yazılan məqalələrin, nəşr edilən kitabların, keçirilən yubileylərin çoxu Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsinin ildönümünə salınırdı. 
Ey böyük elm məbədi, sənin şərəfli tarixin Vətən tarixçilərini sınağa çəkdi. Bəziləri göz görə-görə, faktları təhrif edə-edə sənin təsis olunmağında əməyi olan insanları gözdən salmağa cəhd etdi. 
Heç on il olardı-olmazdı ki, yaranmışdın, yorulmusan dedilər və səni sahə insti-tutlarına böldülər. Amma bacarmadılar. Yenidən əvvəlki adla bərpa olundun və yaşadın. Bu barədə çox yazmaq olar. Amma fikirləşəndə ki, bayramındır, 100 yaşın tamam olur, haqqında ancaq xoş sözlər söyləmək lazımdır, susmaq istəyirsən. Ancaq tarix də olduğu kimi yazılanda daha maraqlı və çoxlarına da ibrət olur. 
Uzun illər ərzində gözünün qarşısında sənə həyat verən Cümhuriyyət xadimləri nə qədər tənqid olunub, böhtanlara məruz qalıb, sən bunların hamısının şahidisən. Amma ümidini itirmədin. Bilirdin ki, sənə həyat verənlər bu xalqın gözünün işığı olublar. Bu gün uşaqdan böyüyə hamı Fətəli xan Xoyskinin universitetlə bağlı bu fikrini əzbər bilir: "Bəs niyə Tiflisdə? Bəlkə də universiteti Bakıda açmaq daha düzgün olardı".
Sənin 100 yaşın tamam oldu. Sən heç zaman bu qədər əzəmətli görünməmişdin. Sənin şıltaq və tənbəl tələbələrin də, kobud müəllimlərin də olub. Amma sənə şöhrət gətirənlərin sayı qat-qat çox olub. İndiyə qədər çoxlu tədris binaların olub, bəzilərinin şəraiti heç qənaətbəxş olmayıb. Bu, əsas deyil, əsas olanı odur ki, sən elm və təhsil məbədi olaraq həmişə zirvədə dayanıbsan. 
Sən yadigarsan! Sən elə bir dövlətin, elə bir hökumətin, elə bir parlamentin yadigarısan ki, bizim hamımız – uşaqdan-böyüyə onunla fəxr edirik. O dövlətin himni, bayrağı bu gün də başımız üstündə şərəflə dalğalanır. Sən Cümhuriyyətin yadigarısan. Onun səndən böyük övladı olmayıb. Sən də böyük övlad adını şərəflə doğrultdun. 
1920-ci ilin aprelində Cümhuriyyətin 23 ay dalğalanan bayrağını əydilər, ancaq endirə bilmədilər. Sən də onun ən əziz yadigarı kimi bu 70 il ərzində çox şeylərin şahidi oldun. Sənin müqəddəs tribunandan çox insan danışıb. Bəziləri tarixə çevrilib, bəziləri isə həmin gün yaddan çıxıb. 
100 il ərzində sənə çoxları rəhbərlik edib, ədalətlisi də olub, xeyirxahı da olub, sənə görə özünü tanıtdıranı da olub, səni tanıtdırmaq üçün hər şeydən keçəni də. Ən əsası odur ki, sən elm və təhsil məbədisən. Doğrudur, bəzi müəllimlərinlə bağlı dodaqaltı nə isə demək olar. Amma bir məbəd olaraq sənin haqqında ancaq xoş sözlər deməliyik. Çünki sən heçdən yaranan bir dövlətin şah əsərisən. 
Sənin yolun millət yoludur, sənin yolun haqq yoludur. Sən bütün dövrlərdə xalqımızın taleyi ilə bağlı məsələlərin həllində öndə durursan. Xalqımızın, ölkəmizin həyatı ilə bağlı hansı uğurlarımıza imza atılırsa, o xoş xəbəri sənin çoxsaylı auditoriyalarından eşitmək olur. "Vətəni sevmək imandandır" deyən də sən olubsan, Vətən üçün ilk şəhidləri verən də. Buna ən böyük nümunə şəhidlərin şərəfinə öz qucağında ucaltdığın abidədir. 
Sən 30 ilə yaxındır ki, rahat addımlar atırsan. Son yubileylərin çox şirin keçir. Yubileylərin hər yerdə, hər evdə bayram edilir. Çünki sənin verdiyin diplomla ailəsinə çörək qazanan insanların sayı lap çoxdur. Ona görə də sənin yubileyini hamı bayram edir. 
Sənin yaxın hədəfin bəllidir. Bu il 100 yaşın qeyd olunur. Bu illər ərzində sənin sürətin heç vaxt 100-ə çatmayıb. İndi yuxarıdan sənə qayğı göstərənlər və başında durub sənə bacarıqla rəhbərlik edənlər buna nail olublar. Ən əsası sən müstəqil dövlətimizin ən böyük ali təhsil ocağı adını fəxrlə daşıyırsan. 
Səninlə bağlı xoş söz deyənlərin sayı çoxdur. Bu sənin əzəmətindən xəbər verir. 100 ildir ki, sən gəncləri ağuşuna alıb, sonra da istehsalata yola salırsan. Sənin yolunda daha çox can qoyanlara yubileylər keçirirsən, təltiflərin olur. Bunların hamısı sənin adınla bağlıdır.
Əziz və doğma universitet, 100 yaşın mübarək! Bizim sənə bir borcumuz da var: Səni təsis edənləri heç vaxt unutmamaq! Haqqında yazanda, düşünəndə ədalətli olaq ki, yazdıqlarımız sənə layiq olsun! 
Yubileyinə həsr etdiyim bu qeydlərimə sənin ilk rektorun V.İ.Razumovskinin 100 il bundan əvvəl dilə gətirdiyi arzu ilə nöqtə qoymaq istəyirəm: Yaşa, çiçəklən, var ol, Bakı Universiteti!

 

Anar İsgəndərov, 
BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor

22 Noyabr 2019 09:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə