Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının özünəməxsus gözəlliyini qorumalıyıq

Bakının özünəməxsus gözəlliyini qorumalıyıq

Bakı gözəl şəhərlərdən biri kimi gündən-günə ­inkişaf edir. Paytaxtda gedən quruculuq-abadlıq işləri onu həqiqətən də dünyanın əsrarəngiz şəhərlərindən birinə çevirib. Bu gün Bakı özünəməxsus yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, Bakı bəlkə də ­dünya miqyasında ən qabaqcıl yerlərdədir.

 Dənizkənarı Milli Park, Filarmoniya bağı, Fəvvarələr meydanı, Zabitlər parkı, Sahil bağı, Xaqani bağı, S.Vurğun adına park, Zorge parkı, “Koala Park” əyləncə mərkəzi, Dədə Qorqud parkı, “Qış parkı”, ümummilli lider Heydər Əliyevin adını daşıyan çoxsaylı parklar, Akademik Zərifə Əliyeva adına park və digər istirahət məkanlarının sayı kifayət qədərdir. “Sovetski” adlandırılan ərazidə, köhnə, yöndəmsiz evlərin sökülərək yerində – 20 hektar ərazidə salınmış abad park həm quruluşuna, yerləşdiyi əraziyə, həm də dizaynına görə görənləri məftun edir. Heydər Əliyev Mərkəzinin, Konqres Mərkəzinin önündə, vaxtilə Səttarxan zavodunun ərazisi olan yerdə, 20 hektar ərazidə salınmış park da göz oxşayır, şəhərə xüsusi yaraşıq verir.
 Şəhərin gözəlliyindən danışarkən bu abadlığı yaradanların işini qeyd etməmək olmaz. Çünki Bakını gözəlləşdirən təkcə geniş əraziləri əhatə edən parklar və bağlar deyil. Eyni zamanda binaların, həyətlərin, səki və küçələrin təmizliyi, səliqə-sahmanı, abadlığı da şərtdir. Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən söhbət məhz şəhərin abadlaşdırılması, vətəndaşların istirahət etmələri üçün normal şəraitin yaradılması üzərində qurulmuşdu. E. Əzizov dövlət başçısına Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binasının oldugunu bildirdi. Qeyd etdi ki, onlardan 6331 binanın həyəti var və eyni zamanda, 2018--2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır.
 E.Əzizov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatının tətbiq olunduğundan bəhs etdi. Bildirdi ki, artıq ayrı-ayrı ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllənin istifadəyə veriləcəyi gözlənilir.
 Həqiqətən də bu gün bir çox binaların bloklarında təmir işləri aparılır, girişlərə dəmir, kodlaşdırılmış qapılar qoyulur. 6, 7, 8-ci mikrorayonlardakı abadlıq, təmir işlərindən sonra oradakı binaların həyətlərinin tanınmaz dərəcədə dəyişdiyinin şahidiyəm. Bloka qalxan pilləkənlər daş üzlüklə təzələnib, lift meydançasına tamet daşı döşənib, divarlara rəng çəkilib. Sakinlərdən bir çoxunun həyətdə zəbt edib istifadə etdiyi yerlər lazımsız tullantılardandan təmizlənib və səliqə, təmizlik adamın üzünə gülür. Həmin həyətlərdə uşaqların istirahəti üçün oyun meydançaları salınıb, yelləncəklər quraşdırılıb. Yaşlıların günün istənilən vaxtında istirahəti üçün isə həyətlərə qoyulan skamyalar, sağlamlıq idman avadanlıqları onların arasında ünsiyyətin artmasına səbəb olub. 
 Prezident İlham Əliyevin də istədiyi məhz budur. Vətəndaş rahat yaşasın, yaxşı istirahət edə bilsin, onun normal həyat şəraiti olsun. Arzulanan şəraiti isə tək dövlət başçısı deyil, Prezidentin yerlərdə təyin etdiyi səlahiyyətli nümayəndələr də yaratmalıdırlar. Bu məqsədlə də dövlət başçısı görüş zamanı E.Əzizova xüsusi tapşırıq verdi: “Biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.
 İnanırıq ki, paytaxtımızın sakinləri bu gözəlliyi nəinki qoruyub saxlayacaq, hətta onun daha da genişlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

Sürəyya İSMAYILOVA, 
iqtisad üzrə fəlsəfə doktoru

 

22 Noyabr 2019 09:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə