Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda yeni ekoloji layihə uğurla gerçəkləşdirilir

Bakıda yeni ekoloji layihə uğurla gerçəkləşdirilir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin paytaxtın ekoloji durmunun yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq, 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə yeni pilot layihəni uğurla gerçəkləşdirir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı bu önəmli layihənin icrasına ilkin olaraq Nərimanov rayonunda başlanıb. Qısa müddətdə həyata keçirilən zəruri texnoloji proseslər və sakinlər arasında aparılan izahetmə işləri, eləcə də kütləvi informasiya vasitələrində geniş yayımlanan maarifləndirici materiallar öz bəhrəsini verməkdədir. 
İndiyədək Nərimanov rayonunda 400-ə yaxın tullantı meydançası yaradılıb. Yeni konteynerlər vaxtaşırı yuyulur və meydançalar dezinfeksiya edilir. Britaniyalı mütəxəssislər ardıcıl olaraq tullantıların tərkibinin və digər konponentlərin öyrənilməsi və nəticələrin daha da yaxşılaşdırılması yollarını araşdırıblar, müvafiq təlimatlar veriblər.
Bugünlərdə layihənin növbəti mərhələsinə keçidlə bağlı “Mott MacDonald” şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakıda gerçəkləşdirilən ekoloji konsepsiyaya rəhbərilik edən Martin Saymon və Devid Dray yenidən paytaxtımıza gəlibər. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, ikinci mərhələdə və sonrakı illərdə nəzərdə tutulan tədbirlər və ortaya çıxan digər məsələlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar media nümayəndələrinə layihənin gedişi barədə məlumat veriblər və sualları cavablandırıblar. Martin Saymon bildirib ki, layihənin ilkin nəticələri nəzərdə tutulduğundan da uğurludur. Nəzərə alınsa ki, Londonda 20 ildən bəri icra edilən analoji layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi cəmi 40 faizdir, onda Nərimanov rayonunda 4 ayda bu rəqəmin 32 faizə çatması böyük uğur sayılmalıdır. Kağız və karton tullantıların çeşidlənib toplanması isə 25 faiz olub ki, bu da çox yaxşı nəticədir. İlk vaxtlarda gündəlik 6--7 ton təkrar emala gedən tullantı yığılırdısa, indi bu rəqəm 25 tona çatıb. Bu, həm də Nərimanov rayonu sakinlərinin layihəyə yüksək anlayışla yanaşmasının nəticəsidir. Gələn ilin aprelindən Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonlar mərhələli şəkildə bu layihəyə cəlb olunacaq.
Layihə rəhbərləri bir sıra çatışmazlıqları da qeyd ediblər və bildiblər ki, konsepsiyanın uğurla həyata keçirilməsi Bakı şəhərini bərk məişət tullantılarının zərərsizləşdirilməsi və emalı üzrə aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə qaldıracaq. Bu layihə ətraf mühitin təmizliyini qorumaqla yanaşı, böyük iqtisadi fayda da verəcək.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

22 Noyabr 2019 09:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə