Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Qubadlı rayon təşkilatında tədbir

YAP Qubadlı rayon təşkilatında tədbir

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı ­YAP-ın­ yaranmasının 27 illiyi münasibətilə tədbir keçirmişdir. Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə RİH-nin məsul işçiləri, partiyanın ilk ərazi təşkilat rəhbərləri, şura üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra YAP-ın yaranması və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş olunmuşdur.
YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev ətrafında sıx birləşdilər. Məhz belə bir ağır vaxtda böyük şəxsiyyət, əvəzolunmaz siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilərək partiyanın əsası qoyuldu. 
Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün edilən çoxsaylı müraciətləri nəzərə alan dahi rəhbər ­1993-cü il iyunun 9-da Bakıya gəldi. İyunun 15-də isə ulu öndər Ali Sovetin sədr seçildi. Heydər Əliyev ölkənin düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün təxirəsalınmaz tədbirləri həyata keçirməyə başladı. Ulu öndər oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. 
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalandı. 1995-ci ilin noyabrında referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması məhz ulu öndərin adı ilə bağlıdır.
Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə fəaliyyətini uğurla davam etdirir. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 16 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. 
2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb. Məcburi köçkün ailələri üçün nəzərdə tutulmuş bir çox yeni şəhərciklərin salınması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 Qeyd olundu ki, YAP Qubadlı rayon təşkilatı həmişə öz fəaliyyətində partiyanın Nizamnamə və Proqram müddəalarının, YAP-ın qurultaylarının qərarlarının, icra katibliyinin tapşırıq və tövsiyələrini rəhbər tutur. Hazırda rayonda 86 ərazi ilk partiya təşkilatı və 3674 üzv var.  
Eyni zamanda, Allahverdi Haxverdiyev Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə Sumqayıt şəhər rəhbərliyini və bütün sumqayıtlıları YAP Qubadlı rayon təşkilatı və rayon sakinləri adından təbrik etdi.
Sonra təşkilatın şura üzvü Malik Atakişiyev, YAP Qubadlı rayon gənclər təşkilatının sədri Ülvi Qasımlı,Qadınlar Birliyinin sədr müavini Ziba Kazımova, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru, Savalan İmanov YAP Qubadlı rayon təşkilatını işini yüksək qiymətləndirdilər. Sonda rayonun ictimai-siyasi həyatında iştirak edən bir qrup YAP üzvünə fəxri fərman və partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2019 09:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə