Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan mədəniyyəti inkişafın yeni mərhələsinə qədəm qoyub

Azərbaycan mədəniyyəti inkişafın yeni mərhələsinə qədəm qoyub

Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olmuşlar. Ölkəmiz müstəqillik qazandıqdan sonra mədəniyyət sahəsində islahatlar başlanmış, milli -mənəvi dəyərlərimizin qorunmasına, tarixi abidələrimizin bərpasına, o cümlədən, incəsənətin bütün sahələri üzrə inkişafa rəvac verilmişdir. Bu gün mədəniyyətimiz hansı qayğılarla yaşayır, müasir Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə necə təbliğ olunur? Bu və digər suallara aydınlıq gətirmək üçün bu günlərdə 50 yaşı tamam olan, Əməkdar mədəniyyət işçisi, rəssam, “Qalereya-69” sərgi salonunun direktoru Elçin Orucova müraciət etdik.

– Elçın müəllim, əvvəla, sizi ­yubileyiniz münasibətilə təbrik edirik. Son illər mətbuat səhifələrində milli mədəniyyətimizin inkişafı ilə bağlı sizin yazılarınız oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İstəyirik ki, mədəniyyətimizin tərəqqi tendensiyaları ilə bağlı fikirlərinizi bizimlə də bölüşəsiniz.
– Mən həmişə bunu xüsusi olaraq vurğulamışam ki, milli mədəniyyətimiz bugünkü inkişaf səviyyəsinə görə ulu öndər Heydər Əliyevə borcludur. Ümummilli lider çıxışlarının birində ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edərək demişdir: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur ”.
Göründüyü kimi, ulu öndər Heydər Əliyev arxeoloji və etnoqrafik faktlar əsasında Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu xüsusi olaraq vurğulamışdır. 
Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş və bu sahədə respublikamızda dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər hazırlanmış bir sıra proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji istiqamətləri öz ifadəsini tapmışdır. Mədəniyyətimizin inkişafının bugünkü himayədarı ulu öndərin siyası kursunun layiqli davamçısı Prezident İlham Əliyevdir. Bu yöndə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Elə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da milli- mənəvi dəyərlərimizin qorunmasında və xarici ölkələrə inteqrasiyasında fəal iştirak edir.
– Son 16 ildə ölkəmizin mədəni inkişafında hansı məqamları xüsusi olaraq vurğulamaq istərdiniz?
– Bu gün Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, dünyanı fəth edir. Milli mədəniyyətimiz beynəlxalq aləmə sürətlə inteqrasiya edir. Xarici ölkələrdə mütamadi olaraq Azərbaycan mədəniyyəti günləri keçirilir, filmlərimiz beynəlxalq festivallarda iştirak edir, rəssamlarımızın əsərləri mötəbər muzey və sərgi salonlarında nümayiş olunur, Azərbaycan beynəlxalq kitab sərgilərində fəal iştirak edir, milli musiqimiz xaricdə uğurla təbliğ olunur. Bütün bunlar danılmaz gerçəklikdir. 
Beynəlxalq təşkilatlarla əlaqələrimiz ilbəil genişlənir. Xüsusilə UNESKO və İSESKO ilə mədəniyyət sahəsində çox yaxın münasibətlərimiz yaranmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu istiqamətdə ciddi iş aparır.
Heydər Əliyev Fondunun eqidası altında həm Azərbaycanda, həm də ölkədən kənarda bir sıra beynəlxalq forumların keçirilməsi bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam, aşıq sənəti və başqa milli sərvətlərimiz UNESKO-nun “şah əsərlər” siyahısına daxil edilmişdir. UNESCO ilə əməkdaşlıq çərçivəsində fondun dəstəyi ilə müxtəlif dünya şəhərlərində Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin təşkili, festivalların keçirilməsi və s. tədbirlər ölkəmizin mədəniyyətlərarası ünsiyyətin inkişafına verdiyi dəstəyin ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ilin dekabrında Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın keçirilməsi mədəniyyətlərarası inkişafın tarixində mühüm hadisə oldu. 48 dövlət və 10 beynəlxalq təşkilat başçısının iştirak etdiyi konfransın Bakıda keçirilməsi dövlət rəhbərimizin dünyada mədəni əməkdaşlığın genişlənməsində Azərbaycanın rolunu daha da artırmaq istiqamətində göstərdiyi fəaliyyətin nəticəsi idi. Cənab
Prezidentin təşəbbüsü ilə keçirilən “Bakı prosesi” nin əsası da məhz həmin dövrdən qoyulmuşdur.
 İSESKO ilə münasibətlərin genişlənməsi milli mədəniyyətimizin İslam dünyasına inteqrasiyasında əhəmiyyətli rol oynayır. İndi hər birimiz Bakının və Naxçıvanın “ İslam mədəniyyətinin paytaxtı” elan olunduğu illərdə keçirilən tədbirləri xoş təəssüratla xatırlayırıq.
– Siz rəssamsınız. Ölkəmizdə bu sənətin inkişafına necə qayğı göstərilir?
– Azərbaycanda çox güclü rəssamlıq məktəbi formalaşıb. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Sakit Məmmədov kimi rəssamlarımız bu sənətdə öz sözlərini demiş sənətkarlardır. Onlar, demək olar ki, dünyada tanınırlar. Dövlət bu gün rəssamlıq sənətinin inkişafı üçün hər şeyi edir. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradıldı. Bu gün həmin akademiyaya Xalq rəssamı Ömər Eldarov rəhbərlik edir. Artıq bu akademiyanın məzunları tanınmış rəssamdırlar və onların əsərləri dünyanın mötəbər sərgi salonlarında nümayiş etdirilir. Mən son illər Xalq rəssamı Sakit Məmmədovun uğurlarını xüsusilə vurğulamaq istərdim.
– Mədəniyyətimizin gələcək inkişafı ilə bağlı fikirlərinizi də öyrənmək istərdik.
– Mədəniyyət milli sərvətdir. O, daim inkişafdadır və söz yox ki, dövlətimiz inkişaf etdikcə bu sahə də tərəqqi edəcək. 2014-cü il fevralın 14-də cənab Prezident “Azərbaycan mədəniyyətinin İnkişaf Konsepsiyası”nı təsdiq etmişdir. Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunmasından ibarətdir.
Konsepsiyanın əsas vəzifələri isə mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir.
Mən inanıram ki, bu gün mədəniyyət sahəsində həyata keçirilən islahatlar sabah daha da sürətlənəcək. 

 

Müsahibəni qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2019 09:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə