Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Zelenski: Nursultan Nazarbayevlə Donbasda sülh yaradılması məsələsini müzakirə etdik

Vladimir Zelenski: Nursultan Nazarbayevlə Donbasda sülh yaradılması məsələsini müzakirə etdik

Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə görüşü haqqında danışaraq bildirib ki, söhbət Donbasda davamlı sülhün yaradılması haqqında gedib. Zelenskinin bu barədəki bəyanatı “Facebook”da yayılıb. Məlumatı “Lenta.ru” verib. 
Ukrayna Prezidentinin sözlərinə görə, Nazarbayev, doğrudan da, ona Rusiya lideri Vladimir Putinlə görüşməyi təklif edib. Qazaxıstanın sabiq dövlət başçısı bəyan edib ki, ölkələr arasında gərgin münasibətləri yaxşılaşdırmaq üçün Rusiya və Ukrayna liderləri şəxsən görüşməlidirlər. 
Zelenski isə Nazarbayevə cavab verib ki, Donbasda sülh yaradılması və Ukraynanın işğal olunmuş torpaqlarının qaytarılması üçün  istənilən formatda görüşə hazırdır. Üstəlik, dəqiqləşdirib ki, “Normand dördlüyü” onun üçün əsas formatdır. 
Xatırladaq ki, bir müddət əvvəl “Reuters” məlumat yaymışdı ki, Nazarbayev Qazaxıstanda Vladimir Putin və Vladimir Zelenski arasında görüşün keçirilməsini təklif edib. Bir qədər sonra Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko bildirmişdi ki, Nazarbayev Zelenskiyə, həqiqətən də, belə bir görüşün keçirilməsini təklif edib, ancaq bununla bağlı heç bir konkret addım atılmayıb: “Qazaxıstandan görüşün təşkili ilə bağlı Ukraynaya heç bir rəsmi təklif gəlməyib”.
Nazarbayevin təklifinə münasibət bildirən Rusiya Prezidenti Vladimir Putin isə bəyan etmişdi ki, Ukrayna yaxın qonşuları ilə problemlərini özü həll etməlidir və xoşbəxtliyini “okeanın o tayında” axtarmamalıdır. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

22 Noyabr 2019 09:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə