Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Miqrasiya könüllüləri” ATU-nun əcnəbi tələbələrinə kömək edəcək

“Miqrasiya könüllüləri” ATU-nun əcnəbi tələbələrinə kömək edəcək

    Azərbaycan Tibb Universitetində təhsil alan 2 mindən çox əcnəbi tələbəyə ölkəmizdə müvəqqəti yaşama icazəsinin verilməsi üçün sənədləşmə işlərində Dövlət Miqrasiya Xidmətinin ьiqrasiya лönüllüləri yardım edəcəklər. Bu, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin “Könüllü Miqrasiya” İctimai Birliyi və ATU arasında imzalanan əməkdaşlığa dair memorandum çərçivəsində mümkün olacaq.

    Memorandumun imzalanma mərasimindən öncə keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli son vaxtlar Azərbaycanda miqrasiya xidmətinin fəaliyyətindəki islahatlar və dəyişiklikləri müsbət qiymətləndirib: “Qürurla qeyd edə bilərəm ki, ATU sayca ən çox xarici tələbə olan universitetdir. Ölkə üzrə ali məktəblərimizdə 7000-ə yaxın xarici tələbə varsa, bunların 2000-dən çoxu ATU-da təhsil alır. Əcnəbi tələbələrin ATU-da təhsil üçün ölkəmizə gəlməsi, təhsil icazəsi alması və digər məsələlər məhz miqrasiya xidmətinin yardımı ilə baş tutur”. G.Gəraybəyli bu məsələdə universitetə yardımçı olan xidmət əməkdaşları və könüllülərinə təşəkkür edərək bu sahədə əməkdaşlığı gücləndirməyə ehtiyac olduğunu bildirib.

   Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, Azərbaycanda hər sahədə gedən inkişaf xarici vətəndaşların ölkəmizə axınına səbəb olub. Əcnəbi vətəndaşlar həm turizm, həm biznes, həm də təhsil üçün Azərbaycanı seçirlər. O, ATU-nun cəlb etdiyi xarici tələbə sayına görə birinci yerdə olmasının ali məktəbdə yüksək səviyyəli təhsil və düzgün qurulmuş təşviqat işi ilə əlaqəli olduğunu deyib. Xidmət rəisi təşkilatın pilot layihə kimi təqdim etdiyi “Miqrasiya könüllüləri”nin ilk dəfə məhz ATU ilə birgə işlədiyini və artıq müsbət nəticələrin olduğunu bildirib.

    Sonra Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Kələntərov “Könüllü Miqrasiya” İctimai Birliyi haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, xidmət nəzdində artıq qeydiyyatdan keçmiş 2000-dən çox  miqrasiya könüllüsü var. 

   Görüşün sonunda rektor Gəray Gəraybəyli və “Könüllü Miqrasiya” İctimai Birliyinin sədri Emil Gülmuradov arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

 

 

21 Noyabr 2019 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə