Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət hesabına xaricdə doktorantura təhsili reallaşır

Dövlət hesabına xaricdə doktorantura təhsili reallaşır

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsillərinin maliyyələşməsinə imkan verəcək. Proqramın şərtləri və seçimə dair qaydalarla bağlı keçirilən mətbuat konfransında qeyd edilib  ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin müəyyənləşdirilməsi qaydaları təsdiq olunub.

Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib: “Iki il bundan əvvəl “Azərbaycan təhsil proqramı” adlı 2015-2017-ci illəri əhatə edən dövlət proqramı qəbul olunmuşdu. Azərbaycan üçün təxminən 3500 təqaüd yeri ayrılmışdı. Gənclərimiz bu proqramdan istifadə edərək dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bunun nəticəsində Azərbaycanın əmək bazarı yüksək ixtisaslaşmış kadrlarla təmin olundu. O məzunların böyük əksəriyyəti Azərbaycana qayıtdı. Bu gün həm dövlət, həm özəl sektorda, həm də ali məktəblərdə çalışanlar arasında bu proqramın məzunları var. Onlar bu gün Azərbaycanın akademik mühitinə töhfə verirlər. Eyni zamanda, «yeni proqram olacaqmı?» deyə cəmiyyətdən gələn sosial sifariş var idi. Azərbaycan hökuməti bir sıra qiymətləndirmədən sonra bu proqramı yeni formada davam etdirmək qərarına gəldi. Bu artıq yeni bir dövlət proqramıdır və bu proqram keçən il noyabr ayında ölkə başçısı tərəfindən imzalanıb”.

Şöbə müdiri qeyd etdi ki, proqram əsasən iki istiqamət üzrə fokuslanıb. Birinci istiqamət xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir. "Bununla bağlı Nazirlər Kabineti doktorantura təhsilinin maliyyələşməsinə imkan verən qaydaları təsdiq edib. Bu gündən etibarən artıq doktoranturaya qəbul barədə elan nazirliyin saytında yerləşdirilib. Yanvar ayının 10-a qədər sənəd qəbulu prosesi davam edəcək. Kim xaricdə doktorantura səviyyəsində təhsil almaq istəyirsə, bu proqramdan yararlana bilər”.

Nazirlik rəsmisi qeyd etdi ki, proqramdan yararlanmaq istəyənlər ilk növbədə xaricdə təhsil müəssisələrinə qəbul olunmalıdırlar. Yalnız bundan sonra onlar bu proqrama müraciət edə bilərlər: “Xaricdə doktorantura təhsilinin maliyyələşməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının “Times Higher Education (THE) World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahısında ilk 500-lükdə yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulur. Həmin universitetlərə qəbul ildə iki dəfə aparılır. Proqram həm yanvardan, həm də sentyabr ayından başlayan semestrlər üçündür. Hazırkı elan yanvar semestrinə qəbul olunmuş şəxslərə şamil olunur. Hazırda bu proqramdan təkcə yanvar ayından qəbul olunmuş vətəndaşlar deyil, reytinqlərdə adı olan universitetlərdə təhsil alan tələbələrimiz də yararlana bilərlər”.

N.Məmmədli qeyd etdi ki, Nazirlər Kabineti doktorantura təhsili üzrə prioritet istiqamətləri müəyyənləşdirib. Demək olar ki, bu, bütün ixtisas istiqamətlərini əhatə edir. “Proqramın istiqamətlərindən biri də ikili diplom – Azərbaycanla dünyanın nüfuzlu universitetlərinin ikili diplom proqramlarının təsis edilməsidir”.

Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov qeyd etdi ki, bu proqram ilk növbədə Azərbaycan universitetlərinin kadr potensialının gücləndirilməsi baxımından əhəmiyyətli olacaq: “Üçtərəfli münasibətlər əsasında formalaşacaq proqram vasitəsi ilə təhsil alanlar vətənə qayıdıb öz töhfələrini verəcəklər”.

TN Beynəlxalq əməkdaşlıq şöbəsinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov məlumat verdi ki, doktorantura təhsili alacaq şəxsləri xarici universitetlərdə oxumağa Təhsil Nazirliyi göndərmir. Yəni, nazirlik universitetə qəbul və seçim prosesində iştirak etmir: “Sadəcə, doktorantlar universitetə qəbul olunduqdan sonra nazirliyə müraciət edirlər və nazirlik onların təhsilinin maliyyələşməsini təmin edir”.

Qeyd edildi ki, proqram yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Hər semestrdə 40-50, ümumilikdə bir il ərzində 100-ə yaxın şəxs proqramdan yararlana biləcək. Proqram üçün isə hələlik kvota müəyyənləşməyib. Proqramın ümumi büdcəsi  Dövlət Neft Fondu tərəfindən qarşılanacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

21 Noyabr 2019 10:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə