Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 450        Bakı şəhəri, 20 noyabr 2019-cu il
 
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın 6.1.9-cu və 6.1.15-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının  həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 20 noyabr

tarixli 450 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

1.2. Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları və fəaliyyətin idarə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

1.3. Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin (bundan sonra – maliyyələşdirən qurum) vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

1.4. Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən idarə olunur.

1.5. Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

2. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi istiqamətləri

 

2.1. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə xərclər aşağıdakı istiqamətlərə bölünür:

2.1.1. layihələndirmə xərcləri;

2.1.2. rəhbər komitənin xərcləri;

2.1.3. yerli professor-müəllim və inzibati heyətin xərcləri;

2.1.4. əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri;

2.1.5. təhsilalanların xərcləri;

2.1.6. akkreditasiya xərcləri.

2.2. Layihələndirmə xərcləri aşağıdakılardan ibarətdir:

2.2.1. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması;

2.2.2. ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili üçün hazırlıqların görülməsi.

2.3. Rəhbər komitənin xərclərinə aşağıdakılar aiddir:

2.3.1. əməkhaqqı (və ya xidmət haqqı);

2.3.2. səfər sığortası xərcləri;

2.3.3. viza xərcləri;

2.3.4. ezamiyyə xərcləri.

2.4. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramları çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə aşağıdakılar aiddir:

2.4.1. əməkhaqqı (və ya xidmət haqqı);

2.4.2. səfər sığortası xərcləri;

2.4.3. viza xərcləri;

2.4.4. ezamiyyə xərcləri;

2.4.5. təlim xərcləri.

2.5. Əcnəbi professor-müəllim və inzibati heyətin xərclərinə aşağıdakılar daxildir:

2.5.1. viza və qeydiyyat xərcləri;

2.5.2. əmək fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə xərcləri;

2.5.3. yaşayış xərcləri (yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər);

2.5.4. əməkhaqqı (və ya xidmət haqqı);

2.5.5. tibbi sığorta xərcləri;

2.5.6. beynəlxalq nəqliyyat xərcləri.

2.6. Təhsilalanların xərcləri aşağıdakılardan ibarətdir:

  2.6.1. təhsil haqqı;

  2.6.2. qeydiyyat xərci;

  2.6.3. tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;

  2.6.4. xaricdə təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri.   

2.7. Akkreditasiya xərcləri beynəlxalq ikili diplom təhsil proqramlarının beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi üçün ödənilən xərcdir.

 

3. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi

üzrə xərclərin ödənilməsi

 

3.1. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə (bundan sonra – ikitərəfli müqavilə), onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda, aidiyyəti qurumunun razılıq məktubu və ikitərəfli müqavilənin başlamasına dair Nazirliyin müvafiq əmri maliyyələşdirmənin aparılması üçün əsasdır. Ödəmələr bu Qaydaların 2.1-ci bəndində göstərilən istiqamətlər üzrə ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu halda həyata keçirilir.

3.2. Layihələndirmə xərci beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi üçün ikitərəfli müqavilədə nəzərdə tutulmuş məbləğdə birdəfəlik ödənilir.

3.3. Rəhbər komitənin xərcləri ikitərəfli müqavilədə razılaşdırılır və müvafiq  təsdiqedici sənədlərə əsasən ödənilir.

3.4. Əcnəbi professor-müəllim və inzibati heyətə vizanın, Azərbaycan Respublikasında olma və ya yaşama, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlərin rəsmiləşdirilməsi ilə bağlı xərclər (dövlət rüsumu və digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirilir.

3.5. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqram çərçivəsində xarici ölkəyə getməsi ilə əlaqədar vizanın alınması ilə bağlı digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə) getdiyi ölkənin qanunvericiliyində nəzərdə tutulmuş normalara uyğun tənzimlənir və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

3.6. Əcnəbi professor-müəllim və inzibati heyətin yaşayış xərclərində yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər nəzərdə tutulur və müvafiq təsdiqedici sənədlərə uyğun maliyyələşdirilir. Beynəlxalq ikili diplom proqramı çərçivəsində mehmanxana xərcləri yalnız 15 günədək olan müddətə ödənilir. Yaşayış xərcləri əcnəbi professor-müəllim və inzibati heyətin ölkəyə daxil olduğu tarixdən etibarən, ikitərəfli müqavilədə göstərilən fəaliyyət dövrünü əhatə edir.

3.7. Əcnəbi professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri ikitərəfli müqavilələrdə nəzərdə tutulur. Yerli professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri professor-müəllim və inzibati heyəti ilə ali təhsil müəssisəsi arasında imzalanmış əmək (və ya xidməti) müqavilələrində nəzərdə tutulur. Əməkhaqqı xərclərinə əməkhaqqı və əməkhaqqı ilə müəyyən edilən əlavələr daxildir.

3.8. Səfər sığortasına səfər müddətində baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsi ilə bağlı xərclər aiddir. Səfər sığortası xərcləri təqdim olunan sənədlər əsasında ödənilir.

3.9. Beynəlxalq ikili diplom proqramının icrası zamanı yaranan vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

3.10. Əcnəbi professor-müəllim və inzibati heyət ölkədə olduğu müddət ərzində tibbi sığorta olunur və bu vəsait müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

3.11. Beynəlxalq nəqliyyat xərclərinə bu Qaydaların 2.1.2-ci, 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən şəxslərin tədris müddəti və ezamiyyə ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait onun təqdim etdiyi bilet (biletin alınmasını təsdiq edən bank sənədi və onun istifadəsini təsdiq edən minik talonları, həmçinin pasportun surəti ilə birlikdə) və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri (hesab-faktura, mədaxil qəbzi) əsasında müəyyən edilir. Dövlət Proqramı çərçivəsində yerli və əcnəbi professor-müəllim və inzibati heyətin tədris müddəti ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi yalnız “ekonom sinif” biletlərinin dəyəri səviyyəsində ödənilir. Gəliş-gediş biletlərinin sayı hər tədris ili üçün tədris proqramına uyğun olaraq ikitərəfli müqavilədə nəzərdə tutulur.

3.12. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramının icrası çərçivəsində ezamiyyə xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”na uyğun müəyyən edilir.

3.13. Təlim xərcləri beynəlxalq ikili diplom proqramlarının fəaliyyəti üçün yerli professor-müəllim və inzibati heyətin xarici tərəfdaş ali təhsil müəssisəsində və ya  xarici tərəfdaş ali təhsil müəssisəsinin müəyyən etdiyi digər yerlərdə təlim proqramlarında qeydiyyatı və iştirakı üçün ödənilən xərcdən ibarətdir. Bu xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

3.14. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların ikili diplom proqramı üzrə tərəfdaş xarici ali təhsil müəssisəsi üçün təhsil haqqı ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir.

3.15. Beynəlxalq ikili diplom proqramı üzrə ödənişli əsaslarla qəbul aparıldığı halda, ixtisaslar üzrə illik təhsil haqqının məbləği tərəfdaş xarici ali təhsil müəssisəsinin təklifi əsasında yerli ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir.

3.16. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların ikili diplom proqramı üzrə tərəfdaş xarici ali təhsil müəssisəsində qeydiyyat xərci ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir.

3.17. Təhsilalanların  tədris materialları və elektron informasiya resurslarına çıxış xərclərinə beynəlxalq ikili diplom proqramının həyata keçirildiyi yerli ali təhsil müəssisəsi üçün proqramın icra tələbi üzrə əldə edilmiş tədris materiallarının alınması və elektron informasiya resurslarına çıxış xərcləri aiddir.

              3.18. Beynəlxalq ikili diplom proqramının tələblərindən irəli gələn tədris zərurəti ilə əlaqədar proqramın iştirakçısı olan Azərbaycan Respublikasının vətəndaşları tərəfdaş xarici ali təhsil müəssisəsində təhsil aldıqda, yay məktəbində iştirak etdikdə, istehsalat təcrübəsi keçdikdə, onun bütün xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na uyğun olaraq ödənilir.

3.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı çərçivəsində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq ikili diplom proqramlarında təhsili “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən birbaşa bağladıqları müqavilə ilə həyata keçirilir. Hər ixtisas üzrə təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ikitərəfli müqavilə əsasında müəyyən edilir.

  3.20. Beynəlxalq ikili diplom proqramlarının akkreditasiyası üçün vəsait proqramların təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirmək hüququ olan təşkilata müqavilə əsasında ödənilir.

3.21. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülmə tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərq yarandığı halda, bu barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və növbəti ödənişlərdə nəzərə alınır. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi üçün nəzərdə tutulan xərclərin ümumi məbləğinin 5 (beş) faizindən artıq olmayan məbləğdə əlavə xərclərin maliyyələşdirilməsinə yol verilir.

 

4. İdarəetmə Qrupu ilə Dövlət Proqramını maliyyələşdirən qurumlar və ikili diplom proqramlarını həyata keçirən ali təhsil müəssisələrinin münasibətlərinin tənzimlənməsi

 

4.1. İl ərzində müvafiq yerli ali təhsil müəssisəsinin sifarişləri əsasında beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı xərclər İdarəetmə Qrupu tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Nazirlik tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim olunur. Xərclərin daha çevik və operativ şəkildə ödənilməsi məqsədilə Nazirlik tərəfindən Dövlət Proqramını maliyyələşdirən qurumla razılaşdırmaqla, avans vəsaitin ayrılması barədə sifariş təqdim edilə bilər.

4.2. Beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsinin əsasları aşağıdakı kimi müəyyən edilir:

4.2.1. ali təhsil müəssisələri imzalanmış ikitərəfli müqavilələr və digər sənədlər əsasında ikili diplom proqramı üzrə illik xərclər smetasını və onun əsaslandırılmasını tərtib edib, baxılması üçün rəhbər komitəyə təqdim edir;

4.2.2. rəhbər komitə xərclər smetasını təhlil edərək, onu öz qərarı ilə təsdiq edib, İdarəetmə Qrupuna təqdim edir;

4.2.3. İdarəetmə Qrupu beynəlxalq ikili diplom proqramını həyata keçirən bütün ali təhsil müəssisələrinin rəhbər komitələrindən sifarişləri toplayaraq yoxlayır, icmallaşdırır, beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə icmal tələbatı müəyyən edir və onu Nazirliyə, Nazirlik isə öz növbəsində Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edir;

4.2.4. Dövlət Proqramını maliyyələşdirən qurum təqdim edilən icmal tələbatı təsdiq olunmuş büdcə göstəriciləri ilə üzləşdirir və tələb olunan maliyyə vəsaitini İdarəetmə Qrupunun xəzinə hesabına köçürür;

4.2.5. İdarəetmə Qrupu  beynəlxalq ikili diplom proqramını həyata keçirən ali təhsil müəssisələrinin aylıq sifarişləri əsasında cari maliyyələşdirmənin həyata keçirilməsi üçün müvafiq vəsaiti 7 (yeddi) iş günündən gec olmayaraq ali təhsil müəssisəsinin bank hesabına köçürür;

4.2.6. ikili diplom proqramını həyata keçirən ali təhsil müəssisələri müvafiq təsdiqedici sənədlər və müqavilələr əsasında cari maliyyələşdirməni həyata keçirir.

4.3. Hər tədris ili üçün İdarəetmə Qrupu tərəfindən beynəlxalq ikili diplom proqramının icrasına dair monitorinq keçirilir və proqramın maliyyələşdirilməsinin məqsədəuyğunluğu dəyərləndirilir. Monitorinqin nəticələrinə dair müvafiq hesabat Nazirliyə və Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir.

4.4. Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi üçün ortamüddətli büdcə proqnozları tərtib edilir. Ortamüddətli büdcə proqnozlarının tərtib edilməsi üçün ikili diplom proqramlarını həyata keçirən ali təhsil müəssisələri İdarəetmə Qrupuna onun müəyyən etdiyi müddətlərdə və formalarda məlumatları təqdim edir. İdarəetmə Qrupu təqdim olunan məlumatlar əsasında ortamüddətli proqnozlarını hazırlayaraq Nazirliyə, Nazirlik isə öz növbəsində Dövlət Proqramını maliyyələşdirən quruma büdcə layihəsinin tərtibi üçün müəyyən edilmiş müddətlərdə təqdim edir. Ortamüddətli proqnozlar ölkənin ortamüddətli iqtisadi, sosial inkişaf proqnozları, əmək bazarının proqnozları əsasında hazırlanır və beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və şəxsi vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması həyata keçirilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə