Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakımızın qurtuluşunun 100 illiyinə həsr edilmiş parad tarixi hadisədir

Bakımızın qurtuluşunun 100 illiyinə həsr edilmiş parad tarixi hadisədir

1918-ci il sentyabrın 15-i Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşməndən xilas etməsi türk hərb tarixinin qürurverici səhifələrindəndir. Bakının qurtuluşunun 100 illiyi münasibətilə paytaxtımızda təntənəli keçirilmiş möhtəşəm hərbi parad bir daha iki qardaş xalq, eləcə də Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin tarixən möhkəm tellərlə bir-birinə bağlı olduğunu göstərdi.
 1918-ci ildə erməni-daşnak qüvvələrin soyqırımına məruz qalmış Azərbaycan xalqının harayına ən çətin məqamda qardaş köməyi gəldi. Osmanlı dövləti o dövrün mürəkkəb ictimai-siyasi hadisələrinə baxmayaraq, Azərbaycan xalqının yanında olduğunu isbat etdi.
 Hərbi paradda Mehtər marşı və digər hərbi mahnıların sədaları altında helikopterlərdə şahinlərimizin Bakı səmasında uçuşunu izləmək çox qürurverici idi. 1918-ci ildə səmada dalğalanmış üçrəngli bayrağımızın 100 il sonra qardaş Türkiyə Cümhuriyyətinin bayrağı ilə qoşa dalğalanması iki ölkə arasında dostluq və həmrəyliyin göstəricisidir.
Tarixi hadisəyə çevrilmiş sözügedən paradın Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən izlənilməsi və onların çıxışları Türkiyə və Azərbaycan dostluğunun ədəbi olmasını bir daha nümayiş etdirdi. Qeyd edim ki, qürurla izlədiyimiz parad tarixi hadisədir. Bu paradda Bakının mərkəzi küçələrində nümayiş etdirilmiş hərbi texnika dünyaya Azərbaycan Ordusunun qüdrətini göstərdi.
 Paradın əsas məqamlarından biri də 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqlarının nümayiş etdirilməsi oldu. Bu, bir daha dünyaya göstərdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın lider ordusudur və istənilən an işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır və qadirdir. 
Gənc nəsil Qafqaz İslam Ordusunun Bakının azad edilməsindəki göstərdiyi qəhrəmanlığı və rolunu dərindən öyrənməli, tariximizlə qürur duymalıdır. Bu gün Azərbaycanın bəzi bölgələrində həmin dövrdə şəhid olmuş türk əsgərlərinin məzarları xalqımız tərəfindən qorunub saxlanılmışdır. İnanıram ki, Azərbaycan və Türkiyə iki qardaş dövlət olaraq, bundan sonra da ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq, hər zaman həmrəylik nümayiş etdirəcək, daha da güclənəcəklər. 
İnanıram ki, Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad edəcəyi və bu münasibətlə daha bir möhtəşəm hərbi paradın keçiriləcəyi gün uzaqda deyil.

Əkbər QOŞALI,
Milli QHT Təşkilatları Forumu
İdarə Heyətinin üzvü

19 2018 02:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin