Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin plenar iclası keçirilib

Milli Məclisin plenar iclası keçirilib

Noyabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib. 
İclası Milli Məclisin sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib. 
Sonra 21 məsələdən ibarət gündəlik təsdiqlənib. 
Üçüncü oxunuşda müzakirəyə çıxarılmış iki məsələni təqdim edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli Qanunun icrası ilə əlaqədar olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi, həmçinin “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi zərurətini yaradıb. 
Parlament bu qanun layihələrini üçüncü oxunuşda dəstəkləyib. 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənildikdən sonra deputatlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrası ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə (üçüncü oxunuş) razılıq veriblər. 
Sonra iclasda ikinci oxunuşda müzakirəyə təqdim edilmiş 7 qanun layihəsinə baxılıb. Qanun layihələrini komitə sədrləri Aqiyə Naxçıvanlı və Əli Hüseynli, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim ediblər.
Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər (ikinci oxunuş) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli fərmanına uyğunlaşdırma məqsədi daşıyır. Dəyişiklik övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Layihədə övladlığa götürmə üçün yaş həddi nikahda olan şəxslər üçün 25, nikahda olmayanlar üçün 30 yaş kimi müəyyənləşdirilib.
Məlumat verilib ki, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik də (ikinci oxunuş) “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli Prezident fərmanının icrası məqsədilə hazırlanıb.
Deputatların diqqətinə çatdırılıb ki, Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli fərmanının icrası ilə əlaqədardır. Təklif olunan dəyişikliklər mərkəzləşdirilmiş elektron informasiya sistemində övladlığa götürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını və mülki hüquq pozuntusunun tənzimlənməsini nəzərdə tutur. Qeyd olunur ki, hazırkı 3 pilləli uçot sistemindən fərqli olaraq yeni yanaşma təkmil uçotun aparılmasına, məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək.
Gündəlikdəki növbəti qanun layihələrinin təqdimatında bildirilib ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsinə (ikinci oxunuş) zərurət yaranıb. Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli fərmanına əsasən, Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirildiyindən dəyişiklik edilməsi (ikinci oxunuş) təklif olunan “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda həmin münasibətlərin tənzimlənməsinə ehtiyac qalmır. Deputatlara məlumat verilib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 5-ci maddəsinə 5.5 maddəsinin əlavə olunması, həmçinin 8.8-ci maddədə dəyişiklik edilməsi (ikinci oxunuş) 2019-cu il 9 aprel tarixdə İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədardır.
Əmək Məcəlləsində və “Məşğulluq haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər (ikinci oxunuş) “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli Prezident fərmanına uyğunlaşdırma məqsədi daşıyır.
Plenar iclasda bu qanun layihələrinin hər biri barədə ayrı-ayrılıqda məlumat dinlənildikdən sonra qanun layihəsi öncə əsas kimi qəbul olunub, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. 
Sonra iclasda Milli Məclisə bir zərfdə daxil olmuş 11 məsələyə baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təqdim olunan qanun layihələrindəki dəyişikliklər Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının icrası məqsədilə hazırlanıb. Ölkəmizdə həmin istiqamətdə işlər görülməyə başlanıb və qısa müddətdə fərmanın müsbət nəticələrini həm hüquq ictimaiyyəti, həm də bütövlükdə cəmiyyətimiz hiss etməkdədir. Fərmanın icrası ilə bağlı Milli Məclis öz öhdəsinə düşən işlərin bir hissəsini sessiyanın əvvəlində başa çatdırıb (kommersiya məhkəmələrinin və yeni inzibati məhkəmələrin yaradılması ilə bağlı layihə), hazırda təqdim olunmuş layihələr zərfi isə qanunvericilik işlərinin ikinci mərhələsini təşkil edir. Bir sıra qanunvericilik aktına əlavə və dəyişiklik edilməsi nəzərdə tutulur. Komitə sədri onu da qeyd edib ki, Prezidentin fərmanındakı bir mühüm məsələ də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Məlumat dinlənildikdən sonra deputatlar birinci oxunuşda müzakirəyə çıxarılmış “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda və 4 Məcəllədə – Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrini, həmçinin bir oxunuşda müzakirəyə verilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini ətraflı müzakirə ediblər. 
Fikir mübadiləsində Qüdrət Həsənquliyev, Fazil Mustafa, Tahir Kərimli, Siyavuş Novruzov, Fəzail Ağamalı, Qənirə Paşayeva, Çingiz Qənizadə, Aytən Mustafazadə, Fərəc Quliyev rəy və təkliflərini bildiriblər.  
Çıxışları yekunlaşdıran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırıb ki, dövlətimizin başçısı məhkəmə sistemində vahid hüquqi yanaşmanın olmasını, ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsini istəyir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Müzakirədən keçən 9 qanun layihəsi birinci oxunuşda qəbul edilib. Deputatlar bir oxunuşda müzakirəyə təqdim olunmuş “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsinə də müsbət münasibət bildiriblər. 
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.  

 

AZƏRTAC

19 Noyabr 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə