Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli ədliyyədə çevik islahatlar müasir çağırışların fonunda

Milli ədliyyədə çevik islahatlar müasir çağırışların fonunda

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Tarixi bir həqiqətdir ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu olaraq yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində yeni parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, parlamentli dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə fəaliyyətinə xüsusi önəm verilib. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 101 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.

Yeri gəlmişkən qeyd etməliyəm ki, o zaman ilk ədliyyə naziri adı istiqlal tariximizə AXC-nin fədakar dövlət xadimlərindən biri kimi düşmüş Xəlil bəy Xasməmmədov olmuşdur. 1918-ci il noyabrın 22-də nazirliyin funksiya və səlahiyyətlərini müəyyən edən ilk əsasnaməsi onun sonrakı fəaliyyətində əsas tutulmuşdur.

AXC-nin tarix səhnəsinə qədəm qoyduğu ilk günlərdən və aylardan müstəqil dövlətin qanunçuluq bazasının formalaşdırılması üçün nazirliyin fəal iştirakı ilə bir sıra zəruri hüquqi sənədlər hazırlanmış, lazımi qərarlar qəbul edilmişdir. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə cəzaçəkmə yerləri ilə işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Nazirliyin təşəbbüsü ilə o dövrdə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında” və “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir.

Lakin tarixin təkərini geri çevirmiş Rusiyanın kommunist rəhbərliyinin hökmü ilə ölkəmizə göndərilmiş işğalçı XI ordu 1920-ci ilin 28 aprelində Azərbaycanda milli hakimiyyəti devirdikdən sonra Moskvanın diqtəsini yerinə yetirən Hərbi İnqilab Komitəsinin qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Onun yerində yaradılmış Xalq Ədliyyə Komissarlığının aparatı dəyişdirilmiş, milli düşüncəli istiqlalçı kadrlar bu sistemdən kənarlaşdırılmışlar. Bundan sonra yerli ədliyyə sistemi kommunist hakimiyyətinin möhkəmləndirilməsinə, milli maraqların yox edilməsinə, repressiya maşınının qanlı əməllərinə hüquqi don geyindirilməsinə xidmət etmişdir. 1930-cu ildə isə Ədliyyə Komissarlığı da ləğv edilərək onun funksiyaları Prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlar arasında bölüşdürülmüşdür. 1933-cü ildə komissarlıq bərpa edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, hüquqi sənədlərin şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. 1937-ci ildə yerli ədliyyə sisteminin yeni əsasnaməsi təsdiq edilmiş, lakin onun səlahiyyətləri müəyyən qədər məhdudlaşdırılmışdır. Bu qayda ilə fəaliyyətini davam etdirən komissarlıq 1959-cu ildə yenidən ləğv edilmişdir.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və xalqın təkidli tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.

Azərbaycan ədliyyəsi müstəqillik illərində

Ölkəmizdə hüquqi dövlətin yaradılması, hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün hər şeydən əvvəl yeni konsepsiya işlənib hazırlanmalı idi. Bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmalı idi. Böyük strateq, ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, ölkənin milli Konstitusiyası olmadan hüquqi dövlət yaratmaq mümkün deyil. Təsadüfi deyil ki, müstəqil dövlətin yeni Konstitusiyasının layihəsinin hazırlanmasının təşəbbüskarı 1994-cü ilin ortalarında məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Bununla əlaqədar müvafiq Komissiyanın yaradılmasına qədər ulu öndərimiz layihənin işlənib hazırlanmasına rəhbərlik etmiş və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur.

 Müasir təkmil hüquq sistemini formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Yeni hüquq sisteminin formalaşmasına müstəsna əhəmiyyət verən ulu öndər həmin komissiyaya rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

 Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına da xüsusi diqqət yetirmişdir. 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə imzaladığı fərmanla ardıcıl gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşmalaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur.

2000-ci ildən dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında test üsulu ilə seçilmiş, ölkədə fəaliyyət göstərən hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış “cəza qanunları” təəssüratı aradan qalxmışdır. 2004-cü ilin sonunda məhkəmələr və hakimlər haqqında qanunun əsaslı şəkildə yeniləşməsi, Məhkəmə-Hüquq Şurası haqqında xüsusi qərarın qəbul edilməsi ədalət məhkəməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident ­İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasi və hüququ islahatlar kursunu inamla davam etdirmişdir. Prezident İlham Əliyevin inamla gerçəkləşdirdiyi məhkəmə-hüquq islahatlarının əsasında hüquqi dövlət quruculuğunun, vətəndaşların qanuni maraq və mənafeyinin ədalət məhkəməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi dayanır. Dövlət başçısının “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə meydan açmışdır.

Ədalət məhkəməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o, cümlədən regionlarda yeni apelyasiya məhkəmələri yaradılmış, hakimlərin sayı artırılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir. Ölkəmizdə ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli məhkəmə sistemi yaradılmışdır.

Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm hüquqi sənədlərdən biri də 6 fevral 2009-cu il tarixli “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” olmuşdur. Bu proqramın qəbul edilməsi və uğurla həyata keçirilməsinin ədliyyə orqanlarının, məhkəmələrin dinamik inkişafının təmin edilməsində, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqində, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasında, kadr potensialının gücləndirilməsində böyük rolu olmuşdur.

Dövlət başçısı İlham Əliyevin tövsiyələri nəticəsində mükəmməl şəkildə həyata keçirilən islahatlar ədliyyə sahəsində müsbət nəticələr yaratmışdır. Son illərdə ölkəmizdə bir neçə müasir məhkəmə binası tikilib istifadəyə verilmiş və insanlara yüksək səviyyədə xidmət göstərir. Təsadüfi deyil ki, 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə prosedurları və məhkəmələrin işinin təşkili sahəsində innovativ və effektiv təcrübələrin aparılması və yayılması məqsədilə keçirilən müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihəyə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin kristal tərəzisi” mükafatına layiq görülmüşdür.

Ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamı Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoymuşdur.

Milli ədliyyə sistemi və müasir çağırışlar

Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının yaxşı ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusilə kadrların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək bütün ədliyyə işçilərinin vəzifəsidir. Ədliyyə ədalət sözündəndir. Ona görə də istər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır.

 Azərbaycan ədliyyəsinin keçdiyi 101 illik çətin və şərəfli yoldan söhbət açarkən Vətəndaş vəziyyəti aktlarinin dövlət qeydiyyatı (VVADQ) orqanlarının işinə də toxunmağı özümə borc bilirəm.

Məlumdur ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial–müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının elm və texnikanın nailiyyətlərindən istifadə etməklə aparılması və keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılması ilə əlaqədar akt qeydlərinin hazırda işlənilən nümunələrinin əvəzinə onların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq proqram təminatı tərtib olunmuşdur.

Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik elektron xidmətlər istifadəyə verilmişdir.

 Təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri tərəfindən 5 milyondan artıq əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür.

Xüsusi vurğulamaq istərdim ki, son illərdə dövlət səviyyəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli və məqsədyönlü iş aparılır. Bu baxımdan Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı mühüm əhəmiyyətə malikdir. Həmin qərarla adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları təsdiq edilmişdir.

Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.

 Artıq 20 ilə yaxındır ədliyyə işçiləri ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Əminliklə qeyd etmək istəyirəm ki, ədliyyə işçilərimiz bundan sonra da ölkə prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, respublikamızda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın daha da inkişafına xidmət edəcəklər.

 Sonda bütün həmkarlarımı qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edir və onlara işlərində uğurlar arzulayıram.

Rəşidə Mənəfova
1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi

 

 

19 Noyabr 2019 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə