Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – multikulturalizm və humanizm ideyalarının bərqərar olduğu ölkə

Azərbaycan – multikulturalizm və humanizm ideyalarının bərqərar olduğu ölkə

Azərbaycanda mədəni irsimizin qorunub saxlanılması, multikultural ənənələrin, milli və dini tolerantlığın, dözümlülüyün qorunması, dini məbədlərin bərpa olunması ilə bağlı son illər mühüm layihələr həyata keçirilib, bu sahənin dünyada tanıdılması və təbliği ilə əlaqədar böyük işlər görülüb. Bu, təsadüfi deyil. Çünki qeyd edilən bu məsələlər dövlət siyasətinin əsas istiqamətlərindən hesab olunur. Buna görə də dövlətçiliyimiz üçün mühüm olan və xalqımızın taleyində xüsusi əhəmiyyət kəsb edən milli-mənəvi dəyərlərimizin inkişafının yeni ənənələrlə zənginləşməsi, dünyada tanıdılması və təbliği daim diqqətdə saxlanılır. 

Tolerantlıq, multikulturalizm Azərbaycanda uzun zamanlardan bəri mövcuddur. Milli dəyərlərimizin bir ifadəsi kimi tolerantlıq ta qədimlərdən xalqımızın həyat tərzinə çevrilib. Belə ki, minilliklər boyu xalqımız Azərbaycanda məskunlaşan digər xalqların nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşayıb. Bütün bunları tarixi faktlar, hadisələr də tam aydınlığı ilə əks etdirir.
Milli-dini dözümlülüyün, tolerantlığın daha yeni ənənələrlə inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olub. Belə ki Cümhuriyyət dövründə Azərbaycanda yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış ötən əsrin sonlarından başlayaraq müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilib. 
Onu da xatırladım ki, milli-mənəvi dəyərlərimizin xalqımızın formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm rolu danılmazdır. Buna görə də gənclərimizin radikal dini təsirlərdən qorunması üçün məhz milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi böyük önəm daşıyır. 
Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə atdığı mühüm addımlar son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, adət-ənənələrimizin, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı göstərilib. Dövlətimizin başçısı bu il Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrikində deyib: “Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb”.
Son illərdə xalqımızın tolerantlıq mədəniyyəti və multikultural dəyərləri barədə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə də ətraflı bəhs edilib. Həmin mərasimlərdə söylənilən fikirlər ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq qurmaq üçün dünyaya ciddi mesaj kimi qəbul olunub. 
Ümumiyyətlə, bu istiqamətdə gerçəkləşdirilən tədbirlər respublikamızı dünyanın əsas multikultural mərkəzlərindən birinə çevirib. Azərbaycan son 16 il ərzində multikultural dəyərləri yaşadıb, təbliğ edib, həmçinin onun yayılması üçün beynəlxalq səviyyədə əməkdaşlığa xüsusi əhəmiyyət verib. Ölkəmizdə indiyədək müxtəlif dini və etnik icmalar sülh və qardaşlıq şəraitində yaşayıb və dövlətimizin qayğısını hiss ediblər.
Ümumiyyətlə, Azərbaycanda mədəniyyətlərarası dialoqa dünyanın aktual problemlərindən biri kimi yanaşılması təsadüfi deyil. Çünki multikultural yanaşma və tolerantlıq qloballaşan bəşəriyyətin mövcud olmasının yeganə yoludur. Dünyanın bütün sosial problemləri kimi, mədəniyyət məsələsi də getdikcə daha çox qloballaşır və mədəniyyətlərin inteqrasiyası baş verir. Təbii ki, belə bir şəraitdə əlahiddə yaşamaq, öz milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Məhz buna görə də ümumdünya inteqrasiya prosesinin gələcəyini uzaqgörənliklə nəzərə alan dövlətimizin başçısının xüsusi əhəmiyyət verdiyi bu strateji xətt sayəsində Azərbaycan dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilib. Bakıda təşkil edilən ümumdünya mədəniyyətlərarası dialoq forumları bu baxımdan böyük əhəmiyyətə malikdir. Bu tədbirlər Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqun aparılmasında müxtəlif sivilizasiyaların, cəmiyyətlərin üzərinə böyük öhdəlik və vəzifələr qoyur. 
Ölkə Prezidenti Azərbaycan tarixinin inkişaf mərhələlərində müxtəlif mədəniyyətlərin, etnik qrupların və din nümayəndələrinin birgə yaşayıb-yaratdığı mühitin əhəmiyyətini yüksək qiymətləndirərək, belə forumların keçirilməsini hər zaman daim dəstəkləyir. Çünki bu cür mərasimlərdə dünyada baş verən münaqişələr, terrorizmdən qorunmaq üçün beynəlxalq təşkilatların rolu, sülhün bütün dünyada bərqərar olması üçün müntəzəm səylərin həyata keçirilməsi kimi mühüm problemlər müzakirə edilir, həll yolları axtarılır. Belə forumlar, həmçinin yeni ideyalar və yanaşmalar ortaya qoymaqla mədəniyyət və dinlərarası münasibətlərin obyektiv qiymətləndirilməsində xüsusi əhəmiyyət daşıyır.
Dünya dini liderlərinin Bakıda keçirilən II sammiti də bu baxımdan diqqət çəkir. Samitdə səsləndirilən fikirlərin bir qismini burada xatırlatsaq, vurğulanan məsələnin əhəmiyyəti barədə aydın təsəvvür yaranar. Məsələn, Antioxiya Yunan Ortodoks kilsəsinin mitropoliti Elias Audinin şəxsi nümayəndəsi Reverend Nektarios bildirib ki, müxtəlif dini konfessiya və təriqət liderlərinin ümumi məqsəd naminə belə mötəbər tədbirdə bir araya gəlməsi Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə nümunədir. Azərbaycanda müxtəliflik, tolerantlıq, multikulturalizm və dialoqun inkişafı kimi məsələlər üzrə fəal iş aparılır.
Bakı sammiti bir daha sübut etdi ki, müxtəliflik fikir ayrılığı demək deyil, əksinə, müxtəliflik insan həyatını zənginləşdirir və fanatizm, radikalizm kimi mənfi ideyalara qarşı çıxır. Belə tədbirlərdə biz fərqlilik barədə nəinki təkcə müzakirələr aparırıq, həmçinin dinlər, mədəniyyətlər və xalqların müxtəlifliyinə tolerant yanaşaraq təcrübələrimizi bölüşürük. Bu da öz növbəsində əməkdaşlıq və dialoq üçün münbit mühit yaradır.
Fələstin Prezidentinin dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş deyib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. 
Amerikalı Ravvin Eli Abadi isə qeyd edib ki, Azərbaycanın dünyada multikulturalizm, tolerantlıq və dinlərarası əməkdaşlıq diyarı olduğunu nəzərə alsaq, burada dünya dini liderlərinin II sammitinin keçirilməsi heç də təsadüfi deyil. Müxtəlif ölkələrin din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya və təriqət liderlərinin bir araya gələrək sülh, qardaşlıq və insanlıq naminə birgə səylər göstərməsi sevindirici haldır.
O, qeyd edib ki, dini radikalizm, fanatizm və ekstremizm kimi ideyaların geniş yayıldığı bir dövrdə belə sammitlər dinlər, xalqlar və ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə töhfə verəcək. Bu da öz növbəsində dünyada sülhün, əmin-amanlığın və sabitliyin təmin olunduğu bir gələcəyə aparan yoldur.
Multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti olduğu Azərbaycanın belə bir tədbirə ev sahibliyi etdiyinə, həmçinin müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması, dini tolerantlıq və dinlərarası əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
İndi isə başqa bir məqama xüsusi diqqət yetirmək istərdim. Heç kəsə sirr deyil ki, son vaxtlar bəzi qruplar tərəfindən din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönələn pozuculuq fəaliyyətlərinə cəhdlər edilir. Başqa sözlə, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddialı dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlər nəzərə çarpır. Bu kontekstdə respublikamız ən önəmli amillərdən biri olan dini təhlükəsizlik məsələsini xüsusi diqqətdə saxlayır. 
Fikirlərimi yekunlaşdırıb deyə bilərəm ki, Azərbaycanda dövlət-din münasibətlərinin inkişafına daim mühüm önəm verilir, ictimai-siyasi sabitlik və əmin-amanlıq ciddi şəkildə qorunur. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsinə xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək isə hər birimizin müqəddəs borcudur.

 

Əli ƏLİZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

 

 

19 Noyabr 2019 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə