Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqin ilk dövlət nəşriyyatı “Azərnəşr” Azərbaycanda yaranıb

Şərqin ilk dövlət nəşriyyatı “Azərnəşr” Azərbaycanda yaranıb

Türk-müsəlman Şərqində bir çox çağdaş sivil, demokratik ilklər Azərbaycanda qeydə alınıb. İlk opera, ilk teatr, ilk dövrü mətbuat və s. Ötən il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, parlamentli respublikadır. Şərqdə ilk dövlət nəşriyyatı olan Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr” isə 1920-ci ildə ölkəmizdə yaranıb. Fəaliyyətə başladığı gündən bu nəşriyyat cəmiyyətin savadlanmasına, elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın inkişafına xidmət etmiş, dövrün tələbinə uyğun minlərlə müxtəlif profilli kitab və başqa maarifləndirici çap məhsulları nəşr etmişdir. Tarixi-ensiklopedik mənbələrdə, nədənsə, “Azərnəşr”in 1923-cü ildə fəaliyyətə başladığı göstərilir. Lakin arxivləri araşdıranda, ötən əsrin 20-ci illərinin mətbuatını, xüsusilə “Kommunist” qəzetinin toplularını vərəqləyəndə başqa bir gerçəkliklə üzləşirik. 

Azərbaycanda bir sıra ümummilli təsisatların əsası Xalq Cümhuriyyəti dövründə qoyulsa da, poliqrafiya-nəşriyyat fəaliyyətinin mərkəzləşmiş təşkilinə və inkişaf etdirilməsinə 1920-ci ilin aprel işğalından sonra başlanmışdır. Bu məqsədlə Azərbaycan Xalq Maarif Komissarlığı 1920-ci il mayın 8-də “Bütün mətbəələrin, kağız ehtiyatlarının və mətbuat vasitələrinin milliləşdirilməsi haqqında” dekret imzalamışdır. 
“Kommunist” qəzetinin 1920-ci il rusca nəşrinin 29 iyun tarixli sayında yazılıb: “Mütəxəsis çapçı və mürəttib kadrların çatışmaması kitab nəşrinin təşkili sahəsində ciddi çətinliklər törədir. Bununla əlaqədar Xalq Maarif Komissarlığı iyunun 10-da başqa işlərdə çalışan azərbaycanlı mürəttiblərin qeydə alınması haqqında xüsusi əmr verdi. Kadr çatışmağzlığını aradan qaldırmaq üçün köhnə mütəxəssilərdən istifadə etməklə bərabər, Bakı mətbəələrində şagirdlərdən ibarət yeni mütəxəssislər hazırlanması sahəsində ciddi iş aparılmasına başlanıldı. Bu mühüm tədbirlərdən sonra Azərbaycan Dövlət Nəşriyyatında ilk sovet kitablarının nəşrinə başlandı”.
Kitab qıtlığını nəzərə alaraq, ayrı-ayrı adamlardakı qiymətli kitabları toplamaq məqsədilə “Kitabı xalqa” şüarı altında “Kitab günləri” təşkil edilirdi. İlk vaxtlar bu kitablar Moskvada Şərq nəşriyyatında, sonralar isə SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatında çap olunurdu. Lakin hər respublikada kitab nəşri üçün dövlət nəşriyyatı yaratmağa zəruri ehtiyac duyulurdu. Buna görə də Azərbaycan İnqilab Komitəsi Nəriman Nərimanovun imzası ilə 1920-ci il iyunun 9-da mətbuat və dövlət nəşriyyatı şöbəsi – “Azərmərkəzimətbuat” yaradılması haqqında dekret verdi.
Bu dekretlə Azərbaycanda dövlət nəşriyyat fəaliyyətinin əsası qoyulmuşdur. Dekretin birinci bəndində deyilirdi: “Bütün komissarlıqların və idarələrin, partiya və sovet təşkilatlarının nəşriyyat fəaliyyətini mərkəzləşdirmək məqsədilə Xalq Maarif Komissarlığının yanında Azərbaycan Mətbuat Şöbəsi və Dövlət Nəşriyyat– “Azərmərkəzimətbuat” təsis edilsin”. 1920-ci ildə yaranan “Azərmərkəzimətbuat”ın ilk müdiri Ağababa Yusifzadə olmuşdur. V. Leninin 1920-ci ildə Azərbaycanda nəşr olunan “Qadın fəhlələrin qurultayında nitq” adlı kitabı da Azərbaycan Şura Dövlət Nəşriyyatında çap olunmuşdur. 
1920-ci ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Nəşriyyatı, ilk növbədə, elmi-kütləvi ədəbiyyatın, dərsliklərin və dərs vəsaitlərinin nəşrini həyata keçirməyə başlayır. Sonralar 1923-cü ildə nəşriyyat yenidən təşkil edilərkən bu şöbənin bazası əsas götürülmüş və Azərbaycan Dövlət Nəşriyyatı daha da təkmilləşdirilmişdir. Bundan sonra poliqrafiya sənayesinin təşkili və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər görülmüşdür. 
1920-ci il dekabr ayının 15-nə qədər “Azərmərkəzimətbuat”ın nəşriyyat şöbəsi 45 nəşri 3 milyondan çox nüsxə ilə çapdan buraxmış, yüzə qədər nəşri isə 1 milyon nüsxə ilə buraxmaq üçün çapa vermişdir. 1921-ci ildə görülən tədbirlər nəticəsində respublikada kitab nəşrinin ümumi həcmi artmış, 30-dan çox adda müxtlif kitab nəşr edilmişdir. Qeyd olunmalıdır ki, “Azərmərkəzimətbuat” idarə funksiyasını yerinə yetirirdi, yəni mətbuat və nəşriyyat işinə rəhbərliyi həyata keçirirdi. Bu idarənin kitab nəşrini, təbliğini və yayılmasını təşkil edən nəşriyyatı var idi ki, həmin nəşriyyat yüz ilə yaxındır ki, fəaliyyət göstərən “Azərnəşr”dir. 
1921-ci ildə respublikanın bütün nəşriyyatlarına tapşırılmışdır ki, bir qayda olaraq, çap olunan hər kitabdan bir nüsxə redaksiya-nəşriyyat bölməsinə göndərilsin. Çünki çapdan çıxan bütün kitablar AK (b) P MK-nın redaksiya-nəşriyyat bölməsində hərtərəfli yoxlanılıb nəzərdən keçirilirdi. 1922-ci il aprelin 28-də II Ümumazərbaycan Sovetlər Qurultayı çağırılır. Həmin qurultayın qərarında deyilir: “Nəşriyyat işinə xüsusi fikir vermək lazımdır. Bunun üçün nəşriyyat kooperativi təşkil etmək və onu dövriyyə vəsaiti ilə təmin etmək lazımdır. Azərbaycan dilində kitab, kitabça və dərsliklərin nəşri ön plana çəkilməlidir”. 
1922-ci ilin fevralında ideoloji işin və kommunistlərin siyasi tərbiyəsinin gücləndirilməsi üçün keçirilən IV partiya qurultayında da kitab nəşri və nəşriyyatların fəaliyyəti ön plana çəkilir. İctimai-siyasi kitabların nəşri ilə məşğul olan müstəqil nəşriyyat yaratmaq zərurəti meydana çıxırdı. Bu vəzifələri həyata keçirmək üçün müstəqil nəşriyyatın yaradılmasına ehtiyac var idi. Lakin Azərbaycan Dövlət Nəşriyyatı hələ də Xalq Maarif Komissarlığının bir şöbəsi kimi fəaliyyət göstərirdi. Digər nəşriyyatlar bu işin öhdəsindən yetərincə gələ bilmirdi. 
Nəhayət, respublika hökuməti Azərbaycan Dövlət Nəşriyyatının yenidən təşkil olunması barədə 1923-cü il sentyabrın 9-da qərar vermişdir. (Görünür, bəzi mənbələr “Azərnəşr”in yaranma tarixi ilə bağlı bu qərara üstünlük vermişdir.) Zaqafqaziya Xalq Komissarları Soveti nəşriyyatın yenidən təşkili üçün 3 min manat vəsait ayırmışdır. Beləliklə, Azərbaycan Dövlət Nəşriyyatı Azərbaycan SSR Xalq Maarif Komissarlığına tabe olsa da, xeyli müstəqillik qazanmışdır. Ali İqtisadi Şuranın qəbul etdiyi nizamnamədə göstərilmişdir ki, nəşriyyatın tərkibində mətbəə, cildxana, mərkəzi kitab anbarı, mərkəzi kitab mağazası, mərkəzi kağız anbarı, musiqi not mağazası və musiqi alətləri emalatxanası yaradılsın. 
1923-cü ilin noyabr-dekabr aylarında çağırılmış III Ümumazərbaycan Sovetlər Qurultayı Azərbaycan Dövlət Nəşriyyatının təşkilinə, inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük əhəmiyyət vermişdir. Bunun nəticəsi idi ki, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr” 1924-cü ildən geniş fəaliyyətə başlamışdır. 1924-cü il martın 1-dən Azərbaycan Dövlət Nəşriyyatının sədri Məmmədzadə, nəşriyyat şöbəsinin müdiri isə Hənəfi Zeynallı olmuşdur. Azərbaycan SSR Xalq Maarif Komissarlığına tabe olan Azərbaycan Dövlət Nəşriyyatı çap ediləcək əsərlərin nəşri, təbliği və ticarəti ilə məşğul olmalı idi. “Azərnəşr”in yenidən təşkili milli kitab xəzinəmizin zənginləşməsində və inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir. 
1927-ci il yanvarın 1-də Azərbaycan Kommunist (b) Partiyasının Mərkəzi Komitəsi “Bakı fəhləsi” kooperativ nəşriyyatının Azərbaycan Dövlət Nəşriyyatına birləşdirilməsi haqqında” qərar qəbul etmişdir. Bu qərardan sonra “Azərnəşr” müxtəlif elm sahələri üzrə kitabları müxtəlif tiplərdə və seriyalarda buraxmağa başlamışdır. “Azərnəşr” yeni binanın tikilib istifadəyə verilənədək Morskoy (indiki Bülbül prospekti) və Krasno-Xristovski (indiki Şeyx Şamil) küçələrinin tinində yerləşmişdir. 
1927-ci il noyabr ayının 8-də indiki Fəvvarələr bağının üst tərəfində Azərbaycan Dövlət Nəşriyyatının yeni tikiləcək binasının bünövrəsi qoyulmuşdur. Lakin tikinti hansısa səbəblərdən yarımçıq qalmış, 1930-cu ildə davam etdirilmiş, 1933-cü ildə isə bina istifadəyə verilmişdir. “Azərnəşr”in şərəfinə ucaldılan “Mətbuat sarayı”nın memarı Moskvanın tanınmış memarı Stansislav Peno olmuş və şəxsən özü inşaat işlərinə rəhbərlik etmişdir. Hazırda bu bina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reystrində yerli əhəmiyyətli memarlıq abidəsi statusu altında qeydiyyata alınmışdır. 1995-ci ildə “Mətbuat sarayı”nın, yəni “Azərnəşr”in binasında “Bank Standart”ın baş ofisi açılmışdır. Bu gün isə vaxtilə “Azərnəşr” üçün tikilən “Mətbuat sarayı” boş qalmışdır.
Azərbaycan Dövlət Nəşriyyatının təşkili və inkişafından söhbət gedərkən müxtəlif illərdə nəşriyyatda fəaliyyət göstərmiş nəşriyyat direktorlarının fəaliyyətinə diqqət və əhəmiyyət verməliyik. Azərbaycan Dövlət Nəşriyyatında müharibədən əvvəlki illərdə direktor olmuş Ağababa Yusifzadənin, Məmmədzadənin, Ruhulla Axundovun, Əhməd Pepinovun, Ağaəli Qasımovun, Hənəfi Zeynallının, Əhməd Triniçin, Məmməd bəy Cuvarlı kimi rəhbərlərin xidməti nəticəsində “Azərnəşr”in fəaliyyəti genişlənmiş, ümumiyyətlə, kitabçılıq işi inkişaf etmişdir. Sonrakı illərdə “Azərnəşr”də direktor kimi çalışmış H.Sultanova, İ.Nəzərov, A.Əfəndiyev, N.Novruzov, Q.Musayev, M.Süleymanov, Ə.Xanbabayev, A.Mustafayevin adlarını xüsusi qeyd etmək lazımdır. 
Nəşriyyat müstəqillik illərində öz hesabına maliyyələşərək fəaliyyətini davam etdirir: ictimai-siyasi, bədii, elmi-kütləvi, soraq-məlumat və s. üzrə kitab nəşrini həyata keçirir. Öz fəaliyyətində dövrün tələbatına uyğun, oxucu sorğularına cavab verən maraqlı və əhəmiyyətli – vətən tarixi, azərbaycançılıq, dövlət müstəqilliyi, xalqımızın soyqırımı, deportasiya, Qarabağ problemi kimi mövzularda kitabların buraxılmasına xüsusi diqqət yetirir. Bu istiqamətdə nəşriyyat maraqlı, məzmunlu, elmi səviyyəsi, bədii və poliqrafik tərtibatı yüksək olan kitabları çapdan buraxır. 
Nəşriyyatın çap məhsulu içərisində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsərləri çoxcildliklər şəklində çapdan buraxılır. İndiyə qədər “Azərnəşr” Heydər Əliyevin müxtəlif sahələr və problemlər üzrə əsərlərini, çıxış, məruzə və nitqlərini külliyyat şəklində “Müstəqilliyimiz əbədidir” adı altında 46 cilddə çapdan buraxmışdır. Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin çıxış və məruzələrinin, nitqlərinin çoxcildlik “İnkişaf məqsədimizdir” silsiləsində nəşr edilməsi də “Azərnəşr”in adı ilə bağlıdır.
“Qondarma erməni soyqırımı”nı ifşa edən kitablar seriyası olduqca maraqlı və əhəmiyyətli mahiyyət daşıyır. Son dövrdə bu mövzuda nüfuzlu xarici müəlliflərin 17 kitabı rus, alman, fransız və ingilis dillərində nəşr edilmişdir. Son illərdə Azərbaycan Dövlət Nəşriyyatı ölkə əhalisinin elmi, siyasi, bədii, estetik, informasiya kimi maraqlarını nəzərə alır və bu istiqamətdə oxucuların kitab nəşri vasitəsilə sorğu və tələbatlarının ödənilməsinə xüsusi səy göstərir. Azərbaycan Dövlət Nəşriyyatı respublikamızda kitabçılıq işinin inkişafında daim həlledici rol oynamış, bu gün də bu üstün mövqeyini qoruyub saxlayır.

 

Leyla ABASOVA, 
tarix üzrə fəlsəfə doktoru

 

19 Noyabr 2019 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə