Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclik şəhərinin möhtəşəm bayram təntənəsi

Gənclik şəhərinin möhtəşəm bayram təntənəsi

Noyabrın 22-də şəhər statusu almasının 70 ili tamam olan Sumqayıtda silsilə yubiley tədbirlərinə ümumşəhər şənlikləri ilə yekun vurulmuşdur. Ötən əsrin 40-cı illərində fədakar insanların yorulmaz fəaliyyəti nəticəsində kiçik bir qəsəbədən adı dünyanı dolaşan bir şəhərə çevrilən Sumqayıt öz qurucularının doğma ünvanı oldu. Paytaxt Bakının 30-35 kilometrliyindəki nəhəng sənaye mərkəzi sürətlə böyüdü, gözəlləşdi. Hünər, zəfər qalası oldu. Bu gün şair, rəssam və bəstəkarların ilham mənbəyi, adi sakinlərin qürur ünvanı, bu yerlərdən əskik olmayan xəzrinin, gilavarın anbaan sehirləndiyi gözəl, sevimli bir məkandır Sumqayıt!

Sumqayıtın 70 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara böyük diqqət və qayğısının, doğma münasibətinin daha bir təzahürüdür. Yubilyar şəhərin sakinləri dövlət başçısının sərəncamları ilə Sumqayıtda abadlıq işlərinin sürətləndirilməsi üçün vəsaitlər ayrılmasından hədsiz razılıq edir, bu sahədə görülən tədbirləri ürəkdən bəyənirlər. 
...Elə bil dünən idi. Dəhnə düzündə axşam mitinqinə toplaşanlar Azərbaycanda ilk İES-in açılışının şahidi oldular. İlk turbin blokunun uğultusu ətrafı bürüdü, hər yan nura qərq oldu. Əsl toy-bayram idi. Yaxın kənd və qəsəbələr neft lampası ilə həmişəlik vidalaşırdı. Stansiyanın nur çeşməsi Sumqayıta yeni həyat verdi. İES gələcək şəhərin “ürəyi” idi. İllər, onilliklər keçdikcə sənaye sahələri ilə paralel olaraq şəhər də böyüdü, Abşeron yarımadasında, ölkədə, hətta dünyada tanınan bir məkana çevrildi. 
Artıq “ağsaqqal” yaşına çatmış gənclik şəhəri böyük coşğu ilə yubileyini keçirirdi. Bayramsayağı bəzədilmiş küçə və prospektlər, park və xiyabanlar, meydanlar xoşbətliyinə qovuşan bəxtəvərlər kimi gülümsəyirdi. Hava sərin olsa da, ürəklərdə hərarət var idi. Bir gün öncə şəhərin səmasında dövrə vuran helikopterlər havadan yerə minlərlə yubiley dəvətnaməsi səpələmiş, hamını bayram təntənələrində iştiraka səsləmişdi. Buna görə də möhtəşəm Bayraq Meydanı bir növ Bayram Meydanı, Zəfər Meydanı kimi göz-könül oxşayırdı. Hər tərəfdən heyrətamiz bir füsunkarlıq boy göstərirdi.
Həqiqətən də, bu meydan hələ belə izdiham görməmişdi. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, digər şəhər rəsmiləri, Bakıdan və xaricdən gələn qonaqlar, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus və geniş ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər minbir sevinclə, fərəhlə bayram edir, şadlanırdılar. Havada uçuşan saysız-hesabsız əlvan şarlar qeyri-adi bir aura yaradırdı. Əllərdə üçrəngli bayraqlar yellənir, çöhrələrdə sevinc parlayırdı. Səid Rüstəmovun məşhur “Sumqayıt” mahnısının sədaları dalğa-dalğa ətrafa yayılırdı. Tədbirin aparıcıları yubilyar şəhəri təbii bir pafosla vəsf edir, onun şərəfli tarixini yada salırdılar: “Azərbaycanın coğrafiyasında xüsusi yeri və çəkisi olan, adında əfsanələr dolaşan bu məğrur diyar, bu nağıllar və reallıqlar şəhəri minlərlə insanı ağuşuna almış, sözün əsl mənasında, xarüqələr yaradan mətin əmək cəngavərlərinin, igid oğulların şərəf tarixini öz polad sinəsinə həkk etmişdir!” 
Qeyd olundu ki, Sumqayıtın şəhər kimi formalaşması, sənaye mərkəzi kimi məşhurlaşması, durmadan tərəqqi etməsi, elmi potensiala sahiblənməsi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər siyasi hakimiyyətdə olduğu dövrlərdə 16 dəfə Sumqayıta səfər etmişdir. Həmin səfərlərin hər biri gənclik şəhərinin inkişafında tarixi bir mərhələ olmuşdur. Unudulmaz dahi şəxsiyyətin siyasi məktəbini sədaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta göstərdiyi müstəsna diqqət və qayğı bu şəhərin regionun ən inkişaf etmiş elmi-mədəni, iqtisadi mərkəz kimi tanınmasını təmin etmişdir. Sumqayıta 23 dəfə səfər edən dövlətimizin başçısı şəhərin tərəqqisi üçün daimi səylər göstərmiş, onu Bakının standartlarına yaxınlaşdırmaqla bağlı müdrik tövsiyələr, tapşırıqlar vermişdir. Sumqayıtda bütün sahələri əhatə edən dinamik inkişaf, mərhələli şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri bu şəhəri innovativ, yeni texnoloji nailiyyətlərin tətbiq olunduğu modern bir məkan kimi səciyyələndirir. Hər biri bir memarlıq abidəsi olan yeni mədəni-sosial obyektlər, binalar şəhərin gözəlliyini birə-on artırmışdır.
Möhtəşəm parada start verilincə xalqımızın şərəf, şöhrət simvolu olan Azərbaycanın dövlət bayrağı çiyinlər üstündə meydana gətirildi. Alqış sədaları ətrafı bürüdü. Bayraqla həmahəng olaraq bir daha ürəklərdə Vətən sevgisi dalğalanıb şahə qalxdı. Ardınca Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının nümunəvi çıxışları təqdim olundu. Yüksək peşəkarlıqla əlbəyaxa döyüş fəndləri nümayiş etdirildi. Süvarilər dəstəsi məğrur yerişlə gəlib meydandan keçdi. Sonra DSX-nın hərbi texnikasının paradı oldu. Səmada bayram uçuşunu həyata keçirən helikopterlərin sərhədçi pilotları öz məharətlərini nümayiş etdirdilər. Müdafiə Nazirliyinin Quru Qoşunlarının, DİN Daxili Qoşunlarının keçidi də əsrarəngiz oldu, arasıkəsilməz alqışlarla müşayiət edildi.
Meydana yeniyetmələrin “Şahin” komandası daxil oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində “Şahin” hərbi idman oyunlarının əhəmiyyəti vurğulandı. Sumqayıtdakı Təbiət elmləri təmayüllü gimnaziyanın “Şahin” komandasının hərbi idman oyunları üzrə respublika yarışlarında iki il dalbadal qalib gəlməsi xəbəri bayram iştirakçıları tərəfindən hərarətlə qarşılandı. 
Sumqayıt Şəhər Polis İdarəsinin, “N” saylı hərbi hissənin təmsilçiləri də mətin addımlarla mərkəzi tribunanın önündən keçdilər. Sonra şəhər sənayesinin flaqmanı olan SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinə daxil olan müəssisələrin nümayəndələri, digər zavod və fabriklərin, sahibkarlıq müəssisələrinin təmsilçiləri də bayram əhval-ruhiyyəli keçidləri ilə tədbirə rəng qatdılar. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarının kollektivləri nailiyyətlərinin əksi olan transparant, şüar və digər vasitələri göstərməklə meydan boyu hərəkət etdilər. Bir sözlə, hər bir kollektiv, hər bir sakin sanki yubiley təntənəsinə hesabat verir, bayram töhfələrini tükənməz qürur hissi ilə nümayiş etdirirdi. 
Rəngarəng çıxışlar, oynaq rəqslər bir-birini əvəz etdikcə könüllər fərəhlənir, doğma şəhər böyük sevgi ilə coşurdu. Hər yöndən görünürdü ki, Sumqayıt əsl təəssübkeş və fədakar insanların şəhəridir. Prezident İlham Əliyevin bilavasitə dəstəyi ilə şəhərdə Cənubi Qafqaz kimi böyük bir regionda oxşarı olmayan istehsal sahələri işə salınıb, infrastruktur layihələr həyata keçirilir. Siyasətinin əsas qayəsini insan amili təşkil edən dövlət başçımızın müəllifi olduğu regional inkişaf Dövlət Proqramı ölkəmizin hər qarışının canlanmasına səbəb olub. Bu dövlət qayğısı Sumqayıtın nümunəsində özünü xüsusilə aydın şəkildə göstərir.
Təntənəli keçid mərasimindən bir neçə saat sonra Sumqayıt Dövlət Dram Teatrının qarşısında möhtəşəm bayram konserti başlandı. Başdan-başa bayram libasına bürünmüş, əlvan işıq reklamlarının göz qamaşdırdığı şəhərin mərkəzi meydanında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı proqram təqdim olundu.
Yubiley təntənələrinə bayram atəşfəşanlığı ilə yekun vuruldu. Sumqayıtın axşam səmasında “gül” açan əlvan qığılcımların yaratdığı gözoxşayan parlaq etüdlər ecazkar təsir bağışlayır, bayram ovqatına yeni-yeni rənglər qatır, şəhəri əsrarəngiz parıltılara qərq edirdi. Bu, illər ötsə də, gənclik təravətini itirməyən gözəl, müasir, nümunəvi şəhərin yubiley sevinclərinin özünəməxsus coşğun ifadəsi idi...

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
Foto Xaqani ƏZİZOVUNDUR

19 Noyabr 2019 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə