Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan parlament seçkilərinə hazırlaşır

Özbəkistan parlament seçkilərinə hazırlaşır

Bu il dekabrın 22-də Özbəkistan Ali Məclisinə seçkilər keçiriləcək. Ölkədə həmin gün yerli qanunvericilik orqanlarına seçkilər də baş tutacaq. Bu barədə Özbəkistanın rəsmi mənbələrinə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, ölkə parlamentinə namizədliyi qeydə alınmış şəxslərin artıq bu il noyabrın 18-dən etibarən seçkiqabağı təbliğat kampaniyası başlanıb. Seçkilərdə beş siyasi partiya iştirak edir. Bunlar Demokratik, Sosial-Demokratik, Özbəkistan Xalq Demokratik, Liberal-Demokratik və Ekologiya partiyalarıdır. 
Qeyd etmək lazımdır ki, son vaxtlar ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə Özbəkistanın siyasi-iqtisadi həyatında uğurlu islahatlar aparılır. İqtisadiyyat liberallaşdırılır, xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi işlər görülür. 
Məsələn, bu günlərdə məlum olub ki, Özbəkistan aeroportlarının özəlləşdirilməsində Yaponiyanın “Sumitomo” şirkəti iştirak edəcək. Bununla əlaqədar “Sumitomo” şirkətinin yüksək səviyyəli nümayəndələri Daşkənddə olublar, müvafiq sənəd imzalanıb. 
Bildirilir ki, birinci mərhələdə Daşkənddəki İslam Kərimov adına Beynəlxalq Aeroportun özəlləşdirilməsi nəzərdə tutulur və özəlləşdirmə zamanı qabaqcıl xarici təcrübə əsas götürüləcək. Bundan sonra, Səmərqənd, Buxara, Urgənc, Fərqanə və Termez aeroportları da özəlləşdiriləcək.
Danışıqlar zamanı yapon ekspertlərinin bu yaxınlarda yaradılan “Uzbekistan Airports” Səhmdar Cəmiyyətinin fəaliyyətinə cəlb olunması məsələsi də müzakirə olunub.

 

M.HACIXANLI,  “Xalq qəzeti” 

19 Noyabr 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə