Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzi açılıb

Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzi açılıb

Azərbaycanın Ukraynadakı səfirliyinin dəstək və təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, səfirliyin, “SOCAR Ukraine”nin əməkdaşları, Ukraynada yaşayan soydaşlarımız iştirak ediblər.

Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Ukraynada Azərbaycan mədəniyyəti və tarixinin tanıdılması üçün bir sıra layihələr həyata keçirilir. Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin mədəniyyətinin, tarixinin təbliğinə öz töhfəsini verəcək. A.Xudiyev Ukraynanın digər şəhərlərində də belə mərkəzlərin açılmasının nəzərdə tutulduğunu deyib.

Səfir mərkəzin yaradılmasında göstərilən dəstəyə görə Xarkov merinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan ilə Ukrayna arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.

Daha sonra mərkəzin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Açılış zamanı Kiyev Texnologiya və Dizayn Milli Universitetinin aspirantı Elnarə İsgəndərova, Samux rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova, Gəncə Dövlət Texnologiya Universitetinin dissertantı Hicran Ramazanova qonaqlara Qarabağ xanlığının milli geyimlərinin təqdimatını ediblər.

Tədbir Azərbaycan və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Mədəniyyət və İnformasiya Mərkəzinin ərazisində Azərbaycan və Ukraynanın dostluğunu tərənnüm edən abidə, iki ölkənin mütəfəkkirləri və tarixi şəxsiyyətlərinin heykəlləri, müxtəlif kompozisiyalar qoyulub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Noyabr 2019 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə