Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

100 il əvvəl erməni vandalları Zəngəzurda soydaşlarımızın ikinci soyqırımına başlayıblar

100 il əvvəl erməni vandalları Zəngəzurda soydaşlarımızın ikinci soyqırımına başlayıblar

100 il əvvəl 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb. Həmin gün dədə-baba torpaqlarımızda beynəlxalq imperializmin köməyi ilə yaradılmış Ermənistan respublikası dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana qarşı yeni ərazi iddialarını zorakı yollarla davam etdirərək qədim Zəngəzur torpağında ikinci kütləvi soyqırımı və deportasiya aksiyasına start verib.

Beləliklə, yüz minlərlə türk-müsəlmanın qanlı qatili olmuş xəyanətkar və başkəsən Andronikin 1918-ci ilin yayından başlayaraq Zəngəzur qəzasının  Sisyan, Gorus, Laçına sahələrində axıtdığı qanlar qurumamış, 1919-cu ilin noyabr–dekabr aylarında və 1920-ci ilin yanvarında Hamazaspın, Njdenin, Dronun, Qazaryanın başçılıq etdiyi quldur dəstələri Qafan, Zəngilan, Mehri və Qubadlıda 200-dək kəndin günahsız dinc əhalisini tarixdə görünməmiş bir vəhşiliklə öldürüb, əklakı talan edib, evləri yandırıb, obaları  viran qoyublar.

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin Oxçu qırğını ilə başlayan bu soyqırımının 100 illiyi ilə bağlı bağlı yaydığı bəyanatda bildirilir:

–1919-cu il noyabrın 19-da Qafqazın və Anadolunun dinc türk-müsəlman əhalisinə qarşı soyqırımını davam etdirən erməni quldur dəstələrinin başçılarından biri olan Hamazasp 240 silahlı quldurla Oxçu kəndini mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb. Heç kimin qaçıb canını qurtmaması üçün kənddə bütün yollar, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlə partladılıb, onlar daş-qalaq altında qalaraq son nəfərədək öldürülüblər.

Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan ağsaqqalların, din xadimlərinin əl-ayaqlarını  bağlayaraq erməni zabitlərinin ayaqları altında başlarını kəsiblər. Qocaları, uşaqları və qadınları  məscidə dolduraraq diri-diri  doğrayıblar. Ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıları süngülərlə dəlik-deşik edərək amansızlıqla qətlə yetiriblər. Körpələri isti təndirlərə atıblar. Qız-gəlinlər namusları ləkələnməsin deyə özlərinə qəsd ediblər. Hər yandan insan qanı sel kimi axıb...

Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan misilsiz bir amansızlıqla məhv edilib. İnsanlıq simasını itirmiş quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gördüklərini ətraf yerlərdə söyləsin və onlara çatdırsın ki,  erməni hakimiyyətini tanımayan müsəlman kəndlərində hər kəsi belə bir aqibət gözləyir.

Bəyanatda daha sonra göstərilir ki, Zəngəzurun bundan daha fəlakətli günləri son illərdə erməni faşistlərinin İrəvanda bədnam heykəlini uçaltdıqları qaniçən daşnak generalı Qaregin Njdenin 1919-cu il noyabrın 30-da verdiyi qəddar əmrlə başlayıb. O qanlı tarixin təkzibedilməz təsdiqi olan həmin əmrdə bildirilib:

“Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...

Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək... Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.

Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde”.

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin açıqlamasında Qarergin Njdenin birbaşa əmri və rəhbərliyi ilə törədilən bu kütləvi qırğınla bağlı bildirilir:

–1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan nahiyəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisini insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Atqız kəndinin

əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donaraq həlak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalıb.

Zəngəzurun Qubadlı nahiyəsi də eyni müsibəti yaşayıb. Erməni vandalları noyabrın 26-dan başlayan hücumlarda Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Seytas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndi tamamilə məhv ediblər. Silahlı basqınçılar yanvarın 19–25-də bu bölgədə salamat qalan Qaladərəsi–Xocahan arası 48 kəndi də viran qoyublar.

1917–1920-ci illərdə Zəngəzur qəzasının 7892 kvadrtatkilometr ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb. Yandırılıb xarabalığa çevrilən həmin ərazinin kəndlərinin yarıdan çoxu 1919-cu ilin noyabr–dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən yazılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi.

Bəyanatda daha sonra qeyd edilir ki, 1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992–93-cü illərdə qəzanın ölkəmizdə qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə, ötən əsrin əvvəllərində sınaqdan keçmiş eyni üsullarla, bu dəfə isə Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdir.

Erməni Milli Şurasının 1918-ci ilin 28 mayında müstəqil erməni dövlətinin yaradıldığını  elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin  genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu hərbi-siyasi himayədarlarının yardımı ilə həyasızlıq, məkrli hiyləgərlik, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdır.

Bu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündbu tarixi ədalətsizliyi gündəmə gətirən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı”. Doğrudan da, bir əsr əvvəl Zəngəzurun Mehri–Qafan bölgəsinin işğalı ilə Naxçıvan və Türkiyənin Azərbaycanla birbaşa torpaq bütünlüyü aradan qaldırılmışdır. Türkmənçay müqaviləsi ilə parçalanmış Azərbaycanın şimal hissəsi isə bu dəfə yenidən iki yerə bölünmüş və bununla 100 ildən bəri aramsız davam edən faciələrimiz, torpaq itkilərimiz üçün zəmin yaradılmışdır.

100 il əvvəl işğalçı Ermənistanın Zərgəzurda davam etdirdiyi soyqırımı və deportasiya aksiyasını gündəmə gətirən  bəyanat bu sözlərlə bitir:

-Oxçu faciəsinin 100-cü il dönümü günüdə bədnam tarixi xəyanətlə dolu olan Ermənistanın Azərbaycan türklərinin əzəli məskənlərindən olmuş Zəngəzurda günahsız insanlara qarşı törətdiyi soyqırımında şəhid olan minlərlə günahsız insanımızın xatirəsini, alınmamış qisaslarına görə bizdən incik ruhlarını dərin hüznlə yad edirik. Təqvimin yada saldığı bu qanlı tarixin ildönümü günlərində soydaşlarımızı keçmişin dərslərini unutmamağa, bu qanlı yaddaşdan ibrət almağa  səsləyirik.

Bir daha  xalqımızı hamımız üçün şərəf borcu olan şəhid qanları ilə suvarılmış torpaqlarımıza qayıdışımız, ölkəmizin bütövlüyünün təmin olunması, daha güclü Vətən naminə milli birliyə çağırırıq

 

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

19 Noyabr 2019 17:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə