Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olmuşdur

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olmuşdur

Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişlər. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamlamış, görkəmli ədibin ömür yolundan qısa söz açmışdır.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs etmiş və   bildirmişdir  ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğulamışdır ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirmışdir.

Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.

Tədbir iştirakçıları  sonda ev-muzeyi ilə yaxından tanış olmuşlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Noyabr 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə