Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil”

“Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil”

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr edilən tədbir keçirilib.

“Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil!” şüarı ilə keçirilən tədbirdə klinikanın direktoru, professor Surxay Hadıyev bu günün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edildiyini bildirib. O, ölkədə aparılan səhiyyə siyasətinin prioritet istiqamətlərindən birinin ana və uşaqların sağlamlığının qorunması olduğunu deyib. Klinikanın neonatoloqlarının erkən doğulmuş uşaqların həyatda qalması üçün apardığı mübarizədən danışıb.

Səhiyyə Nazirliyinin baş neonatoloqu, Respublika Neonatoloqlar Cəmiyyətinin sədri, professor Rüstəm Hüseynov bildirib ki, Beynəlxalq Vaxtından əvvəl Doğulmuşlar Günü Azərbaycanda dörd ildir ki, keçirilir. Neonatologiya sahəsində ciddi irəliləyişlərin olduğunu deyən R.Hüsyenov Səhiyyə Nazirliyinin ölkəmizdəki xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün kifayət qədər yardım etdiyini diqqətə çatdırıb.

Baş həkim, uşaq cərrahı, professor Ramiz Poluxov klinikanın fəaliyyəti, burada xəstələrin müayinə və müalicəsi üçün yaradılmış şəraitdən söz açıb. Səhiyyə Nazirliyinin neonatologiya üzrə kuratoru Nərgiz Şərifova bu cür tədbirlərin keçirilməsinin vacibliyindən, təmsil etdiyi qurumun neonatologiyanın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.

Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bu tədbiri vaxtından əvvəl doğulmuş uşaqların xüsusi diqqətlə müalicə olunması üçün bütün neonatoloqlara çağırış kimi qiymətləndirib. O, qeyd edib ki, hazırda hamiləliyin 22-ci həftəsindən etibarən doğulan və həyat elementləri olan, çəkisi 500 qramdan çox olan uşaq diri doğulmuş sayılır. 

Sonra vaxtından əvvəl doğulmuş körpələrin valideynləri övladlarının doğulduğu gün keçirdikləri hissləri bölüşüblər. Tədbirdə vaxtından əvvəl doğulmuş uşaqlara neonatologiya şöbəsi tərəfindən hədiyyələr verilib.

Qeyd edək ki, hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Təcrübələr göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2019 12:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə