Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başlayıb

Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başlayıb

Rusiyanın Baykanur kosmodromundan Proton-M raketi vasitəsi ilə 2019-cu ilin iyul ayında kosmosa çıxarılmış Spektr-RG rentgen-qamma teleskopu 1,5 milyon km məsafə qət edərək, Laqranj nöqtəsi ətrafında öz orbitinə çatmışdır. Bu orbitdən eyni zamanda həm Günəşi, həm də Yeri müşahidə etmək mümkündür. Yerə yaxın orbitlərdən fərqli olaraq bu orbitdə heç bir əlavə maneə və atmosfer küyü olmadığından orada astronomik müşahidələr üçün ideal vəziyyət mövcuddur.

Rusiya və Almaniya mütəxəssislərinin birgə səyi ilə yaradılmış bu teleskopun əsas məqsədi Kainatın mükəmməl xəritəsinin alınmasıdır. Spektr-RG müasir Kainatın formalaşmasında görünməyən maddənin və “qara” enerjinin rolu, ifrat böyük kütləyə malik qara dəliklərin təkamülü, Kainatın özünün Böyük partlayışdan sonrakı təkamülü və digər bu kimi fundamental problemlərin həlli kimi kosmologiyanın bir sıra vacib suallarına cavab tapmağa komək etməlidir. Teleskop, aldığı informasiyanı Yerə güclü radiokanallar vasitəsilə ötürəcəkdir. Spektr-RG daha geniş görüş bucağına və rekord ayırdetmə qabiliyyəti ilə bu vaxta qədər mövcud olan rentgen teleskoplarından fərqlənir. Bu isə astrofiziklərin fikirincə, hökmən yeni kəşflərə gətirməlidir.

Spektr-RG teleskopu əsasən iki rentgen-güzgü sistemi - rus alimləri tərəfindən yığılmış ART-XC və alman alimlərinin ePOSİTA sistemlərindən ibarətdir.Hər iki sistem eyni bir mənbədən siqnalı qəbul edir, lakin ART-XC cod şüalanmada, ePOSİTA isə yumşaq şüalanmada. Buna görə də bu iki cihaz bir-birini tamamlayırlar. ART-XC–nin 7 rentgen “gözü” vardır. Onların hər biri nikel-kobaltdan düzəldilmiş və iridiumla örtülmüş 28 güzgülü örtükdən ibarətdir. ePOSİTA-nın 7 eyni cür rentgen “gözü” var və bunların hər biri rentgenə həssas kameradan düzəldilmiş güzgü modulundan ibarətdir. Hər modul – 54 qızıl təbəqəli nikeldən düzəldilmiş və bir-birinin içərisinə salınmış güzgüdən ibarətdir.

Teleskop Yerin kölgəsinə heç vaxt girmədiyindən günəş panelləri həmişə aktiv olacaqdır və enerji defisiti problemi yaranmayacaq. Teleskopun geniş açılmış göy sferinin istənilən nöqtəsini uzun müddət müşahidə etmək imkanı vardır. Onun həssaslığı bu nöqtənin istənilən istiqamətdə seçilə bilməsinə imkan verir. Buna görə də teleskopun Kainatda irimiqyaslı struktur elementlərini - qalaktikalar toplusunu, İfrat Yeni ulduzların qalıqlarını və s. görməyə imkanı vardır. Yerə emal üçün ötürüləcək informasiyanın həcminin çox böyük olacağı gözlənilir.

 

“Xalq qəzeti”

19 Noyabr 2019 11:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə