Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP qaz kəmərinin tikintisi yekunlaşır

TAP qaz kəmərinin tikintisi yekunlaşır

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 90,5 faizi artıq icra edilib. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Xəbərdə bildirilir ki, layihə qrafikə uyğun reallaşdırılır. Belə ki, boru kəmərinin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Qeyd edək ki, TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada artıq boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turizm fəaliyyətinə və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər isə davam edir. Yeri gəlmişkən, qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək, təxminən, 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.
TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. İlin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa oturdulacaq. Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 97 faizində torpaq örtüyü bərpa edilib, boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb, xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb.
TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək, 36 düymlük xəttin inşasında, ümumilikdə, 100 min ton ağırlığında, təxminən, 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün, təqribən, 10 gəmidən istifadə edəcək.
TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla, ümumilikdə, 2 kom­pressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi, təxminən, 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən, 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. Lazımi turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal olunub.

 

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən, təxminən, 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. 
Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

 

“Xalq qəzeti”

 

18 Noyabr 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə