Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət–din münasibətlərində Azərbaycan modelinin təntənəsi

Dövlət–din münasibətlərində Azərbaycan modelinin təntənəsi

Bugünlər Azərbaycan paytaxtında Dünya dini liderlərinin II sammiti baş tutdu. Son bir ay içində Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət, hökumət başçılarının zirvə görüşlərinə evsahibliyi edən Bakı bu sammitlə öz sabitqədəmliyini, imkanlarını, qonaqpərvərliyini, dünyəviliyini, humanitar təfəkkürə, dünya barışına və milli bayrağa sadiqliyini bir daha parlaq şəkildə göstərmiş oldu. Digər kateqoriyalar, keyfiyyətlər öz yerində, bayraq sadiqliyini bir-iki cümlə ilə açmaq istərdim. 

Üçrəngli, ay-ulduzlu bayrağımız türklük, çağdaşlıq və islam mədəniyyətinin təcəssümüdür. Nə xoş uyğunluqdur ki, son bir ay içində evsahibliyi etdiyimiz böyük tədbirlər də, sanki, bayrağımızın rənglərindəki ardıcıllıqla, ruhi-mənəvi ünvanlanma ilə sıralanıb, təzahür edib... Bu tədbirlər bir daha və əminliklə, cəsarətlə bütün dünyaya bəyan edir: burada Cənubi Qafqazda bir başıdik, alnıaçıq, üzüağ ölkə var. Bu ölkənin xalqı, dövləti birgəyaşayışa – dinlərarası, mədəniyyətlərarası, ölkələrarası (hətta, ellərarası, evlərarası, könüllərarası aləmə), nizama, düzənə öz töhfələrini verir, öz müqəddəs bayrağı ilə iştirak edir. Bəs bu çiçəklənmə, bu gözəllik hansı fonda cərəyan edir? – Ərazisinin 20 faizi işğal olunmış – Ermənistan adlanan bir forpost dövlətin, öz havadarlarının dəstəyi ilə hərbi-siyasi təcavüzünə məruz qalmış Azərbaycan Respublikası, bütün çətinliklərə baxmayaraq, dünya humanitar irsinə (təfəkkürünə) öz töhfəsini verməkdə davam edir… 
O Azərbaycan ki, davamlı şər-böhtana uğrayıb, haqlıykən haqsız duruma salınmağa cəhd olunub… İşğala məruz qalmışkən işğalçı ilə bərabər tutulan, genişürəkliykən blokadaçı sanılan, terrordan əziyyət çəkə-çəkə, terrorçu zehniyyətlilər tərəfindən tənqid olunan, Xocalıda soyqırımı yaşamışkən, guya, Qarabağdakı bir ovuc erməninin haqqını bilməz… kimi əsassız “yaraşdırmalar”la üz-üzə qalan (bu adıyaman “təbliğat baryer”ni dağıtmağa vaxt, əmək sərf etməli olan) ölkədir Azərbaycan..! 
Ən azı, sadə bir sual çıxır ön plana: hər kəslə, hər dinlə, hər etnik qrupla normal münasibətlər içində olan (bu sahədə köklü ənənəyə malik) Azərbaycan (azərbaycanlılar), necə olur ki, özü bir monoetnik dövlət (ölkə) tərəfindən ittiham olunur?!. Həqiqət bunun harasındadır?.. 
Bəli, müstəqil respublikamız öz soykökünə, öz xəlqi, mədəni və dövlətçilik irsinə sadiq qalaraq yürütdüyü çoxşaxəli, çoxvektorlu siyasətlə dünyada sivilizasiyalararası (mədəniyyətlərarası, dinlərarası) dialoq mərkəzinə, ocağa çevrilməkdədir. Dünya humanitar təfəkkürünün neçə yeni çağırışı Bakıdan edilib. Neçə qətnamənin imza yeri, kilid şəhəridir Bakı. Bakı tarixdir, Bakı bugündür, Bakı böyük sabahların şəhəridir! Bizə bu gözəllikləri, bu uğurları, bu qüruru yaşadan, ümid və inam bəxş edən dövlətimiz var olsun!
Bəlli olduğu kimi, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdı. Din dövlətdən ayrı olsa da, dövlət ərkanı öz milli-mənəvi və bəşəri dəyərlərindən ayrı deyil, təbii və bütün əməli fəaliyyət sahələrində olduğu kimi, din ­qurum və quruluşlarına da dövlətin diqqəti, dəstəyi, qayğısı vardır. Bu, dövlət nəzakəti ilə yanaşı, böyük bir beynəlxalq tədbir üçün paylaşılan məsuliyyətin də təqdirəşayan ifadəsidir.
Beləliklə, Azərbaycan Prezidentinin “Dünya dini liderlərinin II Bakı sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə müvafiq qərarlarından irəli gələn zirvə görüşündə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, ənənəvi dinlərin (toplamda, 25 dini təriqətin) lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən qonşu Rusiya Federasiyasının subyektlərinin və dini qurumlarının başçıları iştirak etdilər. 
Göründüyü kimi, geniş iştirakçı tərkibi, əhatə coğrafiyası ilə bu ikinci sammit idi. Deməli, yalnız təşkilatçı kimi bizim ölkəmiz deyil, həm iştirakçılar, həm də yeni iştirakçılar belə bir sammitin önəmini, davamlılığının vacibliyini qəbul edirlər. Deməli, Azərbaycanın evsahibliyi, mərkəzi rolu rəğbət görür, qəbul edilir. Deməli, dövlətimizin çağdaş dünyada dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşmaya öz töhfəsini vermək, bir sözlə, dünyəvi dəyərlərin təşviqində, təkamülündə yaxından iştirak məramı inkar edilmir, idrak edilir.
II Bakı sammiti şəxsən Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə başlanan, uğurla həyata keçirilən “Bakı prosesi”, “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində düzənlənmiş böyük tədbirlərin məntiqi davamı oldu. Bu sammit, müstəqil dövlətimizin multikulturalizm, dözümlülük və dinlərarası həmrəyliyin təşviqində örnək rolunun bir daha təsbiti və təsdiqi dəyərindədir. Dini liderlər məhz Bakıdan terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm əleyhinə, habelə, qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində din liderlərinin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin önəmini dünyaya duyurmuş oldu. Məhz Bakıdan deyirik və məhz İrəvanda bunu eşidirlər: Bakı ilə süründürməçi “diplomatik zarafat” etməyin, hərbi-siyasi üslubda, terror zehniyyəti ilə davranmağın perspektivsizliyini idrak etsəniz, region və dünya daha az ziyan görərdi…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammitdəki tarixi nitqi son aylar Soçi, Aşqabad və Bakıdakı önəmli tədbirlərdə verilmiş ismarıcların ardından, növbəti hadisə oldu. Auditoriyanı göz önündə canlandıranda və o auditoriyadakıların şəxsiyyətinə, sözünə, qərarlarına inanan, bel bağlayan yüzminlərin, milyonların varlığını nəzərə alanda, bu yerdə məhz hadisə sözünə ehtiyac duydum.
Dünya dini liderlərinin II Zirvə görüşündə Azərbaycan Prezidentinin nitqi həm sammitin mövzusu, həm də, bu beynəlxalq tədbirə evsahibliyi edən ölkəmizin dünəni, bugünü, sabaha baxışları barədə aydın təsəvvürlər yaratmaq baxımından ayrı bir dəyərə sahibdir. Bu sözləri məhz dövlət başçısı deyirdi. Xalqın dünyabaxışı ilə bağlı deyilən sözlərin mötəbərliyi öz yerində, əyaniliyi, əllə toxunulub, gözlə görünəcək qədər dəqiqliyi niyə məhz “hadisə” sözü işlətməyimizi bir daha bəlli edir, – deyə düşünürəm. 
Mən də möhtərəm Prezidentin çıxışının ruhuna köklənib bu yazını elə Prezidentin nitqinə müraciətlə və belə mötəbər tədbirləri Şuşada keçirmək arzusu, inamı ilə tamamlamaq istərdim. 
Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə evsahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.
Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. 
Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən, onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar.

 

Əkbər QOŞALI, şair-publisist

18 Noyabr 2019 22:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə