Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayan dövlətdir”

“Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayan dövlətdir”

“Azərbaycan dünyada sülh, əməkdaşlıq və anlaşma, o cümlədən dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayan dövlətdir. Bunu Bakıda keçirilən Dünya dini liderlərinin II sammitinin çox yüksək səviyyədə təşkil olunduğu da göstərdi.

Son illər Bakıda Azərbaycanın himayədarlığı ilə çoxsaylı dinlərarası və mədəniyyətlərarası tədbirlər keçirilir. İlk növbədə, başda Azərbaycan Prezidenti cənab İlham Əliyev, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə olmaqla xalqınıza yüksək qonaqpərvərliyə görə təmsil etdiyim ölkənin adından minnətdarlığımı bildirirəm. Bakı, sözün həqiqi mənasında, qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm meydana çevrilib. Bu, mənim Azərbaycana ilk səfərimdir. Bakıda gördüyüm qədim və tarixi memarlıq abidələri məndə dərin təəssürat oyatdı”.
Bu fikirləri Bakıda keçirilmiş Dünya dini liderlərinin II sammitinin iştirakçısı, Avstriyanın Xarici İşlər Nazirliyinin şöbə müdiri Martin Pammer bildirdi. O dedi ki, Bakı sammiti konfessiyalararası münasibətlərin bəşəriyyətin ümumi maraqları naminə inkişafında və ekstremizm, terrorizm və separatçılıq kimi qlobal təhlükələrin aradan qaldırılmasında mühüm təkan olacaq.
Dünya dini liderlərinin II sammitinin çox yüksək səviyyədə təşkil olunduğunu bildirən M. Pammerin fikrincə, Azərbaycanın belə bir tədbirə ikinci dəfə evsahibliyi etməsi dünyada sülh, əməkdaşlıq və anlaşma, o cümlədən dinlər, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təmin olunmasında mühüm rol oynadığını nümayiş etdirdi. 
Sammit iştirakçıları Azərbaycanda burada müxtəlif dinlərin nümayəndələri arasında tolerant yanaşmanın, səmimi münasibətin və birgə fəaliyyətin mövcudluğunun şahidi oldular: “Dünyada sülh, anlaşma və tərəqqiyə nail olmaq baxımından dinlər əhəmiyyətli rol oynayır. Ona görə də insan haqlarının təmin olunması, o cümlədən münaqişələrin qarşısını almaq naminə bütün dünya dövlətləri birləşməli və bu istiqamətdə konstruktiv addımlar atmalıdırlar. Bu məqsədlərə çatmaq üçün dinlər və mədəniyyətlərarası dialoq çox mühüm bir vasitədir. Bakı sammitinin əsas məqsədi də bundan ibarət idi”.

 

Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

 

18 Noyabr 2019 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə