Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti 100 il”in təqdimatı

“Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti 100 il”in təqdimatı

Bakı Dövlət Universitetində”Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti 100 il” adlı kitabın təqdimat mərasimi keçirilib. AMEA Fəlsəfə İnstitutu Elmi Şurasının qərarı ilə çap edilmiş kitabın təqdimat mərasimini giriş sözü ilə BDU-nun professoru İzzət Rüstəmov açaraq qeyd edib ki, 1919-cu ildə əsası qoyulmuş Bakı Dövlət Universiteti ilk ali təhsil ocağı kimi yaradıldığı dövrdən xalqımızın maariflənməsində, ziyalı nəslin yetişməsində mühüm rol oynayıb. BDU-nun fəaliyyətə başladığı ilk tarixi binanın İstiqlaliyyət küçəsində yerləşdiyini xatırladan natiq əlavə edib ki, kitabın ensiklopedik dəyəri var. 

 Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının əhəmiyyətinə toxunan İ.Rüstəmov ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb. Alim BDU-nun günün tələbləri səviyyəsində fəaliyyətinin, müasir kompleks strukturunun yaradılmasının onun birbaşa diqqəti ilə bağlı olduğunu vurğulayıb. 
Kitabın müəllifi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli bildirib ki, kitabda ali təhsil ocağının keçdiyi 100 illik şərəfli yola nəzər salınır. O, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə vurğulayıb. 
Qeyd edilib ki, kitabda Bakı Dövlət Universitetinin 100 illik tarixi dövründə keçdiyi şərəfli yol araşdırılıb, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı fikirləri, çıxışları ətraflı təqdim olunub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, professor Hikmət Əlizadə və digər çıxış edənlər də “Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti 100 il” kitabı ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, nəşrin elmi məsləhətçisi AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçilər siyasi elmlər doktoru Hadı Rəcəbli, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov, professor İzzət Rüstəmovdur. 
Kitab tədqiqatçılar, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

18 Noyabr 2019 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə