Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər məscidində şiə və sünnilərin birgə namaz qılması dünyaya mesajdır”

“Heydər məscidində şiə və sünnilərin birgə namaz qılması dünyaya mesajdır”

Son günlər dünyanın aparıcı dini liderlərinin Azərbaycanın təşəbbüsü ilə ikinci dəfə keçirilən sammit çərçivəsində bir yerə toplaşması və fikir mübadiləsi aparması həm də ölkəmizin tolerantlığını, müxtəlif etnik icmaların və dini konfessiya nümayəndələrinin bərabər sülh və dostluq şəraitində yaşamalarını bir daha nümayiş etdirdi.

Bunun əyani sübutu kimi, qardaş Türkiyənin “Axşam” qəzetində Diyanət İşləri başqanı, professor Əli Erbaşın Bakıya səfəri ilə əlaqədar ölkəmizdəki tolerantlıq mühitinə məqalə həsr edilib. Məqalə müəllifi Heydər məscidində bütün məzhəblərə aid vətəndaşların birgə ibadət etmələrini müsbət hal kimi dəyərləndirib. Məqalədə, həmçinin Əli Erbaşın Dünya dini liderlərinin II sammitinə qatılması və eyni zamanda, səfər çərçivəsində Heydər məscidində cümə namazında iştirak edərək, xütbə oxuması vurğulanır. “İndependent” nəşrinin türk versiyasının verdiyi məlumata əsasən, Ə.Erbaş “Birlik, bərabərlik və qardaşlıq” şüarı ilə çıxış edib, İslamın mənəvi özəlliklərinə toxunub.
Məqalədə deyilib: “Azərbaycanlılarla birgə Bakının möhtəşəm ibadət yerində – Heydər məscidində namaz qılan Erbaşın xütbəsi azərbaycanlılar tərəfindən maraqla qarşılandığı məqamda, diqqətimiz məscidə yönəldi. Çünki bu məscidin çoxlarına məlum olmayan bir özəlliyi də var. Heydər məscidi fəaliyyət göstərdiyi vaxtdan həm sünni, həm də şiə məzhəbindən olan müsəlmanların birgə ibadət etdiyi məkan olma özəlliyinə sahibdir. Burada bir həftə sünni imam, bir həftə isə şiə axundu xütbə oxuyur, pişnamazlıq edirlər”. Məqalədə bu cəhət gözəl bir təşəbbüs olaraq vurğulanır. 
“Axşam” qəzetində Heydər məscidinin Prezident İlham Əliyevin sərəncamı ilə tikildiyi vurğulanıb. Məqalədə, həmçinin Türkiyə Azərbaycan İş adamları Dərnəyinin rəhbəri Hüseyn Böyükfıratın da fikirləri yer alıb. O qeyd edib ki, müxtəlif məzhəbli müsəlmanların birgə ibadət etməsi, həm də dünya üçün bir sülh və həmrəylik mesajıdır. 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

18 Noyabr 2019 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə