Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami rayon məktəbliləri də “Ölkəmizi tanıyaq!” tur-aksiyasına qatıldılar

Nizami rayon məktəbliləri də “Ölkəmizi tanıyaq!” tur-aksiyasına qatıldılar

Prezident İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəbləri şagirdlərinin “Ölkəmizi tanıyaq!” maarifləndirici tur-aksiyasına start verilib. Nizami rayonunun IX-XI siniflərindən seçilmiş 40 şagird bu tədbir çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salındı.

Rayon icra hakimiyyətində təşkil olunmuş yolasalma mərasimi tədbir iştirakçılarının ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzməklə başlandı. Sonra rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ötən beş il ərzində rayon məktəblilərinin tur-aksiyalarda iştirakı barədə məlumat verdi. Bildirdi ki, bu illər ərzində rayon məktəbliləri Naxçıvan şəhərinə, Şamaxı-İsmayıllı-Qəbələ, Lənkəran-Masallı-Astara və Gəncə-Şəmkir-Göygöl istiqamətləri üzrə səfərlər etmiş, həmin şəhər və rayonların tarixi abidələri, görməli yerləri ilə tanış olmuş, müxtəlif görüşlər keçirmiş, müsabiqələrdə, viktorinalarda iştirak etmişlər: “Ölkəmizi tanıyaq!” tur-aksiyaları gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, məktəblilər regionların inkişafı, yeni açılmış iş yerləri, abadlıq-quruculuq işləri ilə yaxından tanış olurlar”.
Növbəti tur-aksiyanın Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təşkil olunduğunu bildirən G.İsrafilova bu dəfə də rayon məktəbliləri arasından 40 istedadlı və nümunəvi şagirdin seçildiyini diqqətə çatdırdı. Bildirdi ki, noyabrın 18-dən 21-dək davam edəcək ekskursiya zamanı şagirdlər getdikləri rayonlarda tarix–diyarşünaslıq muzeyləri, Heydər Əliyev mərkəzləri ilə tanış olacaq, Nizami Gəncəvinin və Cavad xanın məqbərələrini ziyarət edəcək, hər üç bölgənin görməli yerlərini gəzəcəklər. Həmişə olduğu kimi, bu dəfə də müxtəlif idman yarışlarında və müsabiqələrdə öz güclərini sınayacaq, biliklərini nümayiş etdirəcəklər.
Tur-aksiya iştirakçısı, 70 saylı məktəb-liseyin şagirdi Mədinə Paşayeva onların dünyagörüşlərinin artırılmasında, regionlar haqqında ətraflı məlumat alınmasında və tarixi yerlərlə tanışlıqda böyük rol oynayan belə tədbirlərin təşkilinə görə məktəblilər adından dövlət başçısına minnətdarlığını bildirdi. Valideyn Könül Vəliyeva da çıxış edərək, belə maarifləndirici tədbirə övladının da cəlb olunmasından qürur hissi keçirdiyini bildirdi, şagirdlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə “Çox sağ olun!” dedi. 
Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva şagirdlərə uğur arzuladı və onlara ulu öndər Heydər Əliyevin bir müdrik kəlamını xatırlatdı: “Keçmişini bilməyənin, gələcəyi olmaz”.
Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən maarifləndirici tur-aksiyaların ölkəmizin tanınması baxımından böyük əhəmiyyət kəsb ­etdiyini diqqətə çatdırdı. Dedi ki, belə tədbirlər şagirdlərimizin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirdi ki, yetişən gənc nəsil ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, ulu öndər Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı əldə edir. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.
Sonda 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında konsert proqramı nümayiş etdirildi. Şagirdlər musiqi sədaları altında yola salındı.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

18 Noyabr 2019 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə