Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan multikulturalizmi – tariximizin genetik kodunun müasirlik möhürü

Azərbaycan multikulturalizmi – tariximizin genetik kodunun müasirlik möhürü

Tolerantlıq bir mənada işlənən söz deyil. Bu məfhumun tərkibinə dini dözümlülük daxil olsa da, müasir dünyada insan azadlığından böyük nemət yoxdur. Tolerantlığın mahiyyəti bu aksiomda öz ifadəsini tapır: “Mənim azadlığım sənin azadlığın başlayan yerdə bitir”. Bir-birinə qarşılıqlı hörmət, başqalarının qanunlar çərçivəsində səsləndirdiyi fikirlərə və yaşayış tərzinə birmənalı sayğı göstərmək məhz tolerant xarakterə malik insanların həyat tərzidir. 

Tolerantlığın tərkib hissələrindən biri multikulturalizmdir. Bu anlayış bir çox fərqli mədəniyyətin bir arada rahat və sərbəst yaşadığı cəmiyyəti özündə əks etdirir. Dünyada belə cəmiyyətlərdən biri də tarixiliklə müasirliyin vəhdətini yaradan Azərbaycan cəmiyyətidir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili imzaladığı xüsusi sərəncamla “Multikulturalizm ili” elan etdi. Bu sənəd ölkədəki multikultural mühitin təsdiqi ilə yanaşı, həm də onun nümunəvi modelinin təbliğinə, təşviqinə geniş imkanlar açdı. Eyni zamanda, bu sərəncam azərbaycanlıların sülhpərvər xarakterə malik olduğunun, ərazimizdə yaşayan bütün xalqların dövlətçilik prinsipinə söykənərək, bir bayraq altında azad, firavan yaşadığının təbliği və təşviqinə yaradılan şərait kimi dəyərləndirilməlidır. 
Xalqın özünü daha yaxından tanıması çox vacibdir. “Özünü tanıyan Allahını tanıyar” – deyib aqillər. O toplum rahat və xoşbəxtdir ki, dünəndən nəticə çıxara, bu gündən bəhrələnə, sabaha daha şövqlə hazırlaşa bilir. 2016-cı ildə xüsusi vüsət alan multikulturalizm mövzulu tədbirlərin bu gün də davam etməsi məhz Prezidentimiz İlham Əliyevin söylədiyi “Multikulturalizm xalqın həyat tərzidir” tezisinin nə qədər dəqiq və konkret olduğunu əks etdirir. 
Dünyada Beynəlxalq Tolerantlıq Günü qeyd olunur. 1995-ci ildə UNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd dünyada insanları bir-birinə dözümlülük nümayiş etdirməyə, sülh, mehriban münasibətlər səviyyəsində qonşular kimi yaşamağa çağırışdır.
1955-ci il qədim tarix deyil. Biz multikultural dəyərlərə hələ Azərbaycan Xalq Cümhuriyyəti zamanı yiyələnmişik. Qəbul olunan qərarlar, tarixi sənədlər bu gün dil açıb danışır. “Multikulturalizm ili”ndə isə tarixi faktları ölkə üzrə təqdim etmə imkanları yarandı və cavabdeh qurumlar bu şansı həm ölkə daxilində, həm də xaricdə yüksək səviyyədə dəyərləndirdilər. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması da zəncirvari mübarək siyasətin uğuru idi. Bəli, Azərbaycanda yaşayan xalqların bəziləri müxtəlif dinlərin inam daşıyıcıları olsalar da, tolerant davranış və tərbiyə hər birimizi bir dil, bir bayraq və bir dövlət altında birləşdirdi. Bunun nəticəsidir ki, Azərbaycanın inkişafını istəməyən bəzi bədnam qüvvələr cəmiyyətimizi parçalayıb, müstəqilliyimizə xələl gətirə bilmirlər. Xalqına söykənən, güvənən Prezidentimizin isə bir cümləsi həmin bədnamların çirkli niyyətlərinə ox olub batır. Dövlət başçısı belə deyir: “Biz müstəqil siyasətimizdən zərrə də dönən deyilik”.
Ulu öndər Heydər Əliyevin siyasətinin bundan daha uğurlu davamı ola bilməz. Ulu öndər deyirdi: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır”. Bu xətt 30 ildir qırılmadan davam edir. 30 ildir ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Çünki, kökü dərinlərə – 1918-1920-ci illərə gedib çıxır. Faktlara baxaq: 
İyirmi üç ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində Himayədarlıq və Dini Etiqad, sonra isə Maarif və Dini Etiqad nazirlikləri fəaliyyət göstərib. Parlamentdə din, millətlər məsələsi dəfələrlə müzakirə olunub, bəzi dövlətlərdə mövcud olmayan sivil qərarlar qəbul edilib, bütün ölkələrlə açıq münasibət qurmağa səy göstərilib. ABŞ, Böyük Britaniya, İtaliya, Belçika, İran, İsveç, Polşa, Finlandiya, Yunanıstan, Danimarka və digər ölkələrin Bakıda diplomatik nümayəndəlikləri açılıb. Parlamentdə dini mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan xalqların – rus, erməni, gürcü, polyak və yəhudilərin təmsil edilməsinə imkan yaradılıb, onlar üçün deputat yeri ayrılıb. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etsə də, dövlət idarələrində müəyyən müddətdə rus dilinin işlənməsinə də icazə verilib. Parlamentdə digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri də məqbul hesab olunub.
Ən ağır regionda bərqərar olan Azərbaycanın 100 il öncə göstərdiyi davranış 50-dən çox ölkənin müstəqilliyimizi tanıması ilə nəticələndi. Azərbaycan dərk olunur, buradakı mühitə hörmət göstərilirdi. Çünki ölkəmizdə müxtəlif xalqlar nəinki rahat və azad yaşayırdılar, onların parlamentdə təmsilçiləri də var idi.
Prezident İlham Əliyevin “Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir, ölkəmiz dünyada tolerantlıq nümunəsi kimi tanınır” deməsi də 100 il öncədən gələn genetikanın təsiridir. Çox dəqiq fikirlər səsləndirən ölkə başçısı qərarlarını da Azərbaycandakı müxtəlif xalqların, konfessiyaların azərbaycançılıq məfkurəsini örnək tutaraq, sülh şəraitində, mültikultural mühitdə vahid dövlətçilik ənənələrinə sadiqlik ruhunda yaşamalarını əsas götürərək verir. 
 Yəqin xatırlayırsınız: 2016-cı il bəşər tarixində daha çox siyasi gərginlik, iqtisadi böhran və sosial təlatümlər ili kimi yadda qalıb. Buna baxmayaraq, Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyini, iqtisadi sahədə qazanılmış uğurları, ölkə əhalisinin sosial və mədəni həyatında əldə edilmiş nailiyyətləri əsas götürən ölkə rəhbəri imzaladığı proqramlarında dövlətimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, xalqımızın sosial rifahının yüksəldilməsi, milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı hədəfləri tam dəqiqliyi və aydınlığı ilə göstərib.
Cənab Prezident növbəti ilin də hədəfini müəyyənləşdirdi. Prezident 2017-ci ilin ilk ayında bəyan etdi ki, biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Ölkə başçısı həmin il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından danışarkən çox dəqiq məqamlara toxunaraq dedi: “Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”.
Azərbaycan dövlətinin, Azərbaycan xalqının dünyada etnik, dini, irqi zəmində diskriminasiya hallarının aradan qaldırılmasına, humanizm prinsiplərinin bərqərar olunmasına verə biləcəyi töhfəni böyük bir uzaqgörənliklə ön plana çəkib. Multikulturalizmin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi kimi başa düşülməsi, multikultural dəyərlərin təkcə məişət, gündəlik həyat səviyyəsində deyil, həm də hüquqi səviyyədə, Konstitusiya səviyyəsində təsbit olunması, dünyanın məhz milli və dini münaqişələr bataqlığında çapaladığı bir vaxtda Azərbaycanda mövcud olan, bir çox əcnəbi müsafirlərimizə qeyri-adi bir hal kimi görünən millətlərarası, dinlərarası, mədəniyyətlərarası anlaşma, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətləri , bütün millətlərə və dinlərə eyni səviyyəli siyasi münasibət xalqımızın minilliklər boyu topladığı tarixi birgəyaşayış təcrübəsinin məhsulu, bizim ümumi sərvətimizdir. 
Artıq 4 ildir ki, məşhur xarici universitetlərdə, o cümlədən yerli ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” fənni tədris olunur. Bu dərsi mənimsəyənlərin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanda 7 dəfə yay məktəbi keçirilib. Məqsəd ölkəmizə olan marağı sevgiyə çevirməkdir. On gün müddətində ölkəmizdə qonaq olan xarici tələbələr müxtəlif xalqların yaşadıqları qəsəbə, kənd və rayon mərkəzlərində olub, o insanlarla təmas qurublar. Gənclər hər dəfə öz ölkələrinə qayıdanda bizdən ayrıldıqları üçün ağlayırdılar. 
Onların marağı sevgiyə çevrilib. Bir hadisəni deyim: “ABŞ-da yaşayan yəhudi diasporunun mötəbər nümayəndələrindən ibarət heyət Azərbaycana gəlmişdi. Onlar elə bir sevgi mühitinə düşmüşdülər ki, geri dönəndə təəssüratlarını yazmışdılar. Ermənilər böhtana bürünərək, o yazılara sosial şəbəkələrdə etiraz edirdilər. Onların cavabını Azərbaycanın yay məktəblərində iştirak edən həmin tələbələr elə sərrastcasına verdilər ki, düşmən divara dirəndiyini dərk edib, yoxa çıxdı”.
Ölkədəki prosesləri bir il çərçivəsinə sığışdırmaq mümkün deyil. Həmin il başlamaq üçündür, davamı sonsuzluğa qədər gedir. 2019-cu ildir, ölkə başçısı tolerant mühitin azərbaycanlıların rahat yaşamasını tam təmin etdiyindən söz açır, özü də Dünya dini liderlərinin ikinci zirvə görüşündə.
Prezident çıxışında bildirdi ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Dövlət başçımız bildirdi ki, bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə evsahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır. Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. 
Azərbaycan Prezidenti dedi: “Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir. Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri – Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. Onu da bildirməliyəm ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir”.
Dinlərarası dialoqun Azərbaycanda qədim tarixindən söz açan dövlət başçısı dövlətimizin bu ənənələrə də sadiq olduğunu xatırlatdı. Qeyd etdi ki, “Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır”. 
Dövlət başçısı bildirdi ki, Azərbaycan öz inkişafını, gələcəyini milli köklər üzərində quran ölkədir. Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən zirvə görüşünün mövzularından biri də məhz bu olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır.

 

Vəsilə Abulova, 
Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının tələbəsi

 

18 Noyabr 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə