Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarusda parlament seçkiləri başa çatıb

Belarusda parlament seçkiləri başa çatıb

Belarus parlamentinin aşağı palatasına seçkilər başa çatıb. 17 noyabr səsvermənin əsas günü olub. Noyabrın 12–16-da vaxtından əvvəl səsvermə nəticəsində seçicilərin 35,77 faizi öz münasibətini bildirib. Məlumatı “İnterfaks” verib. 

Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşinanın verdiyi məlumata görə, parlamentdəki 110 yer uğrunda 513 iddiaçı mübarizə aparıb. Seçicilərin fəallığı isə 77,22 faiz təşkil edib. Artıq bütün seçki dairələrinin məlumatı MSK-ya daxil olub.   
L.Yermoşina, eyni zamanda, seçilmiş məşhurlardan bir neçəsinin adını çəkib. Onun sözlərinə görə, bunlar Belarusun sabiq informasiya naziri Liliya Ananiç, ölkənin Türkiyədəki sabiq səfiri An­drey Savinıx, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç və digərləridir: “Bizim tullanma üzrə məşhur idmançımız, “Miss Belarus” Mariya Vasileviç də seçilənlər sırasındadır”. O, əlavə edib ki, Belarus Teleradio Şirkətinin sabiq başçısı, “Belaya Rus” İctimai Birliyinin rəhbəri Gennadi Davıdko da deputat seçilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. RİA “Novosti”nin məlumatına görə, Lukaşenko bəyan edib ki, prezident kürsüsündən ikiəlli yapışmayıb, onun namizədliyinə yalnız Belarus xalqı “yox!” deməlidir. Xatırladaq ki, Belarusda sonuncu prezident seçkiləri 2015-ci ilin oktyabrında keçirilib. O zaman Lukaşenko rəqibini böyük səs fərqi ilə qabaqlayıb. 
Yeri gəlmişkən, dünən Avropa İttifaqı Şurası Belarusla vizanın sadələşdirilməsi haqqında saziş imzalamağa hazır olduğunu bildirib.  

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

18 Noyabr 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə